Rusiya sakitləşən deyil Dünya

Rusiya sakitləşən deyil

Avropa və NATO-nun sanksiyaları Moskvanı da da azğınlaşdırır

Cavid

Ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında "Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə" adlı hesabata dair müzakirələr aparılıb.
Qurumun yaz sessiyasına fövqəladə müzakirələr kimi daxil edilən hesabat Monitorinq Komitəsi adından Assambleyanın üzvləri Mailis Reps və Marietta Purbe-Lundin tərəfindən hazırlanıb.
Monitorinq Komitəsinin hesabatında Ukraynanın müstəqilliyinə, suverenliyi və ərazi bütövlüyü dəstəklənir və Krımda keçirilən referendum və onun ərazisinin Rusiya tərəfindən aneksiyası hüquqi gücünün olmadığı və Avropa Şurası tanınmadığı vurğulanır.
Qeyd edək ki, sözügedən hesabatın qətnamə layihəsinə 46 dəyişiklik təklif edilib. Müzakirələr zamanı Rusiya tərəfinin təklif etdiyi əsaslə dəyişikliklər demək olar ki, qəbul olunmayıb.
Sonda hesabatın qətnamə layihəsinə dair səsvermə keçirilib və o, 154 səslə qəbul olunub. 26 nəfər sənədin əleyhinə səs verib, 14 nəfər bitərəf qalıb.
Sonda əlavə edək ki, 2013 -cü il noyabr ayından etibarən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalara dair aparılan təhqiqata nəzarəti həyata keçirmək üçün Avropa Şurası Baş katibinin təşəbbüsü ilə yaradılmış beynəlxalq məşvərətçi qrupu ilk dəfə aprelin 9-da Avropa Şurasında bir araya gəlib.
Beləliklə də Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra beynəlxalq təşkilatlar tərəfindən rəsmi Moskvaya qarşı qəbul olunan sənədlərin sırasında Avropa Şurasının da qətnaməsi yer aldı. Bundan sonra rəsmi Qərblə Rusiya arasında qarşıdurmanın hansı istiqamətə yönələcəyi sual doğurur. Hər halda reallıq onu deməyə əsas verir ki, Rusiya hələ də imperialist siyasətindən əl çəkmək fikrində deyil və ona qarşı hədələrə əhəmiyyət vermir. Əksinə Kreml təcavüzkar siyasətini daha da irəli aparır.
Artıq Qərbin təzyiqlərinə cavab olaraq, Rusiya ölkə ərazisində "Amerikanın səsi" radiosunun fəaliyyətini də dayandırıb. Belə ki, Rusiya "Amerikanın səsi" ilə müqaviləni yeniləməyib. Bu barədə "Rusiya bu gün" agentliyinin direktoru Dmitri Kiselyovun məktubunda bildirilib.
ABŞ-ın "Amerikanın səsi" və "Azadlıq" radiolarının da işini koordinasiya edən Yayım Məsələləri üzrə İdarəçilər Şurasına (BBG) ünvanlanan məktubda 810 AM tezlikdə yayımın aparılması barədə öncəki sazişin qüvvəsinin dayandırıldığı qeyd olunur.
Bu rus və ingilis dilində yayımlanan radioproqramın Moskvada bağlanması deməkdir.
"Moskva səhv yolu seçib və ifadə azadlığını məhdudlaşdırmaq qərarına gəlib. Bu fundamental dəyər bir çox ölkə tərəfindən paylaşıldı. BBG online platformalar və peyk data vasitəsilə Rusiya auditoriyası üçün işə davam edəcəyik" - deyə "Amerikanın səsi"nə BBG-nin rəhbəri Ceff Şhell bildirib.
Qeyd edək ki, Dmitri Kiselyov Krım hadisələrinə görə Rusiya rəsmilərinə Aİ tərəfindən tətbiq olunan sanksiyaları siyahısında 12 şübhəlidən biridir.
Rusiya İranla neftə görə ərzaq sazişinin imzalanmasına qarşı ABŞ-ın xəbərdarlığını da rədd edib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, bu hədələr Moskvanı qorxutmur.
RİA Novosti agentliyinin yaydığı məlumata görə, Ryabkov deyib ki, Rusiya-İran ticarətinin güclənməsi "heç kimə qarşı hansısa siyasi, yaxud iqtisadi problem elementi olmayan təbii prosesdir".
"Kommersant"ın yazdığına görə, Moskva günə 500 min barel İran nefti almağı planlaşdırır. Bu razılaşmanın qüvvəyə minməsi, analitiklərin fikrincə, ötən il dünya gücləri ilə İranın razılaşdırdığı ixrac limitinin pozulması deməkdir.
ABŞ dövlət katibi Kerri bəyan edib ki, Rusiya və İran neft kontraktını həyata keçirsə, Vaşinqton sanksiya tətbiq edə bilər.
ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibi köməkçisi Viktoriya Nuland bildirib ki, Rusiya ilə danışıqlardan müsbət nəticə gözləmək doğru deyil. Bununla belə, rəsmi Moskva ilə diplomatiya qapılarını açıq saxlamaq lazımdır. Nuland qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə münasibətlərinə aydınlıq gətirməlidir: "Ukraynadakı hadisələr hər kəs üçün həyəcan siqnalıdır. Biz Rusiyanın bu hərəkətlərini cəzalandırmasaq, son 40 ildə azad ölkələr kimi sahib olduğumuz dəyərləri riskə atmış olacağıq".
Amma Rusiya prezidenti Vladimir Putin Ukraynada vəziyyətin qaydasına düşəcəyinə ümid etdiyini bildirib. Moskvada çıxışı zamanı Putin qeyd edib ki, xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə bu ölkədə gərginliyə son qoymaq olar: "Ən azından ona görə, Ukraynanın müvəqqəti hökuməti vəziyyəti o yerə çatdırmayıb ki, çıxış yolu olmasın".
Putin, eyni zamanda, Ukraynanın Rusiyaya olan təbii qaz borcunun əvvəlcədən ödənilməsi məsələsinə də toxunub: "Bəli, müqavilədə də məhz belə göstərilir. Lakin Ukraynadakı qarışıq vəziyyəti nəzərə alaraq və bu barədə əlavə məsləhətləşmələr aparanadək Qazproma hələlik belə bir tədbiri təxirə salması üçün müraciət edəcəm. Tərəfdaşlarımızın razılığı olduğu halda isə, müqaviləyə görə hərəkət edəcəyik".
Onu da bildirək ki, ABŞ dövlət katibi Con Kerri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir gün ərzində iki dəfə telefonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb.
ABŞ Dövlət Departamentinin Amerika vaxtı ilə gecə yarısı yaydığı məlumatda deyilir: "Dövlət katibi Kerri və Rusiyanın xarici işlər naziri Lavrov gün ərzində iki dəfə telefonla söhbətləşiblər. Onlar Ukraynanın şərq şəhərlərindəki vəziyyəti, təhlükəsizliyin danışıqlar yolu ilə həllini müzakirə ediblər. Onlar siyasi məqsədlərə çatmaq üçün güc tətbiqini qəbul etməyiblər. "
Kerri ilə Lavrov söhbət zamanı həmçinin Suriyadan kimyəvi silahların çıxarılmasını da müzakirə ediblər.
Qərb mətbuatı, nüfuzlu analitiklər isə bir-birinin ardınca Rusiyanın Ukrayna ilə bağlı həyata keçirə biləcəyi təhlükəli ssenarilərindən xəbər verir. Bütün bu ssenarilər isə Ukraynanın parçalanmasını özündə ehtiva edir.
Ukrayna Qərb ölkələrinin yer aldığı Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv deyil. Lakin Qərbin özündə bir çox siyasi dairələr NATO-nun Rusiyanın hərəkətlərinə seyrçi mövqedə qaldığını, bunun isə Moskvanı daha da şirnikləndirdiyini bildirir. Bir çoxları da hərbi alyansın dünyadakı proseslərə əvvəlki kimi reaksiya vermək iqtidarında olmadığını dilə gətirir. NATO-nu zəif edən əsas səbəblərdən biri olaraq isə hərbi xərclərin azaldılması göstərilir.
Böyük Britaniyanın "The Financial Times" qəzeti Rusiya militarizminin Şimali Atlantika İttifaqının hərbi xərclərini çoxillik ixtisar etməsindən sonra qəflətən artdığını qeyd edir.
Təsadüfi deyil ki, NATO-nun baş katıbi Andreas Foq Rasmussen bu ilin fevral ayında ittifaqın hərbi xərclərinin azaldılması nəticəsində dünya arenasında təsir imkanlarını itirə biləcəklərindən narahat olduğunu ifadə edib. "Bu məsələ təhlükə törədir. Ona görə ki, digər ölkələr müdafiə sahəsinə sərmayə qoyurlar və belə olan halda bizim beynəlxalq səhnədəki təsirimiz azalacaq. Yaranacaq boşluğu isə başqa ölkələr dolduracaq", - Rasmussen dilə gətirmişdi.
Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağıran NATO-nun baş katibi hesab edir ki, indi dünyanın NATO-nun mövcudluğuna həmişəkindən daha çox ehtiyacı var. NATO baş katibinin sözlərinə görə, avropalılar alyansın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürməlidir. "NATO-ya döyüşə yararlı olmaq üçün investisiyalar lazımdır. Avropanın dünya arenasında mühüm rol oynaması və təhlükəsizliyin qorunması üzrə beynəlxalq missiyalarda iştirak etməsi üçün əhəmiyyətli dərəcədə hərbi potensiala və müdafiə sahəsinə yatırımların edilməsinə ehtiyac var" - Rasmussen hazırkı hərbi xərclərin kifayət etmədiyini deyib.
NATO-nun 28 üzvündən 26-sının Avropada yerləşdiyini nəzərə alsaq qitə ölkələnin ayıracağı vəsaitin hərbi alyans üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar. Son illər ərzində dünya üzrə ən çox hərbi xərcləri Rusiyanın artırması Qərbi narahat etməyə bilməz. Son üç il ərzində bu sahəyə rusların ayırdığı pul əvvəlki illərlə müqayisədə 44 faiz çoxalıb.
"The Financial Times" hesab edir ki, Rusiya militarizminin yeni mərhələsi NATO-nun 28 üzvü üçün bir sınağa çevrilib. Bunadan sonra nə olacağı, NATO yeni enerji və cəsarəti əldə edə biləcəyi, yoxsa daxili sarsıntılardan zəifləyəcəyi maraq doğuran məsələdir.
Geosiyasi proseslərlə bağlı isə nikbin olmayan proqnozlar kifayət qədərdir. "Mən düşünürəm ki, hər şey çox pis bitəcək, yeni soyuq müharibə başlayacaq", - keçən ilin mayına qədər NATO-nun Avropadakı birləşmiş qüvvələrin komandanı olan Ceyms Stavridis söyləyib. O, indiki vəziyyəti Sovet İttifaqının dağılmasından sonra yaranan Balkan böhranı ilə müqayisə edir, hətta hazırda vəziyyətin daha həyəcanlı və təhlükəli olduğunu bildirir.
Siyasi analitiklər hesab edir ki, hazırda hərbi alyansın qarşısında üç əhəmiyyətli məsələ dayanır. Birincisi, Avropada hərbi xərclərin kəskin ixtisarını dayandırmaq lazımdır. İkincisi, NATO-nun aktual olduğuna ABŞ-ı inandırmaq lazımdır. Üçüncüsü, NATO-nun effektivliyi və etibarını sübut etməklə yeni üzvləri sakitləşdirmək lazımdır.
Onu da bildirək ki, ABŞ dövlət katibi Con Kerri Senatın xarici işləri üzrə komitəsinin Ukrayna ilə bağlı keçirilən dinləmələrində iştirak edib.
Kerri Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə xəbərdarlığı yenidən dilə gətirib.
ABŞ-ın dövlət katibi bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı siyasətinin davam etdiriləcəyi halda iqtisadiyyatın energetika, bank, mədənçıxarma, hərbi sənaye kimi əsas sektorlarına sanksiyaların tətbiq olunacağını bildirib. O, həmçinin etiraf edib ki, sanksiyalar bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.
C.Kerri bildirib ki, sanksiyaların tətbiqi prezident Barak Obamanın 20 Mart tarixində da imzaladığı, amma hələlik qüvvəyə minməyən fərmanın icrasını nəzərdə tutur.
Arizona ştatından olan respublikaçı senator Con Makkeyn dövlət katibinə müdafiə silahlarının çatdırılması ilə bağlı Ukraynanın xahişinin niyə yerinə yetirilmədiyini soruşub.
ABŞ xarici siyasət idarəsinin başçısı hakimiyyətin icraedici qolunun Ukraynanın təhlükəsizliyi üçün ehtiyacları müəyyən etmək üçün işlədiyini bildirib: "Bu Ukraynanın ehtiyaclarına istinad edərək Konqreslə birlikdə ata biləcəyimiz addımların mümkün variantlarını öyrənəcəyik. Aydınlaşdıraq ki, biz Ukraynaya kömək etməyi bacararıq, ya yox".
Ukraynanın hazırda daha çox iqtisadi yardıma ehtiyacının olduğunu deyən dövlət katibi diqqətə çatdırıb ki, Vaşinqton Ukraynaya müdafiə silahlarının çatdırılması barədə qərar qərar etməyə meylli deyil.
Dövlət katibi əminliyini ifadə edib ki, Moskva rəhbərliyini saxlayan ən əhəmiyyətli səbəb sərt sanksiyalarin Rusiyanın iqtisadiyyatını zəifləməsi olacaq.
HATO-nun ruslara qarşı tədbirlər planı hazırlayan Avropadakı hərbi qüvvələrinin komandanı general Filipp Bridlov isə bildirib ki, NATO rus təhlükəsi qarşısında qalan Şərqi Avropa ölkələrinə öz hərbçilərini göndərmək niyyətindədir.
Onun sözlərinə görə, havada, quruda və dənizdə görüləcək tədbirlər NATO-nun Şərqdəki müttəfiqlərinin qarantiyası olacaq.
General bildirib ki, bu missiyada NATO üzvü olan hər bir ölkə iştirak edə bilər və sözügedən plan gələn həftəyə hazır olacaq.