Rusiya Avropa Şurasını hədələdi Dünya

Rusiya Avropa Şurasını hədələdi

Aleksey Puşkov: "Təşkilatı tərk etməklə bağlı qərarımızı 2-3 həftəyə verə bilərik"

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında avstriyalı parlamentar Stefan Şennaxın hazırladığı "Əhəmiyyətli səbəblər üzündən Rusiya nümayəndə heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi" adlı hesabatı ətrafında müzakirələr keçirilib.
Ukraynalı millət vəkili Aleksandr Şevçenko çıxışında Rusiyanı qonşu ölkələrə qarşı təcavüzdə günahlandırıb: "Rusiya öncə Dağlıq Qarabağ məsələsində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş təcavüzü dəstəkləyib, daha sonra özü Gürcüstan ərazilərini işğal edib, indi də Ukrayna ərazilərinin işğalı ilə məşğuldur".
Plenar iclasdakı müzakirələrdə də Rusiya nümayəndə heyəti üzvlərindən başqa, çıxış edən Assambleya üzvlərinin demək olar ki hamısı Ukraynanın mövqeyni, onun ərazi bütövlüyünü dəstəkləyərək, Krımın Rusiya tərəfindən işğal olunmasını qətiyyətlə pisləyiblər. Hətta Fransa Milli Assambleyasında və AŞPA-da Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti ermənipərəst mövqe tutan, Fransa - Dağlıq Qarabağ dostluq qrupunun yaradılmasının təşəbbüskarı və Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş Fransalı millət vəkili Rene Ruke öz çıxışında, "Mən bir fransız vətəndaşı olaraq dünyada bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin olduqca vacib bir məsələ olduğunu qeyd etmək istərdim", deyib.
Müzakirələrin sonunda Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2015-ci ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulmasına qərar verib.
Qərar Assambleyanın dördüncü iş günündə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Ştefan Şennax tərəfindən hazırlanan "Əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması" adlı hesabat ətrafında aparılan müzakirələrin sonunda və onun qətnamə layihəsinə keçirilən səsvermənin nəticəsində verilib.
Qeyd edək ki, 145 nəfər qətnamə layihəsinin lehinə, 21 nəfər isə əleyhinə səs verib. 22 nəfər bitərəf qalıb.
Bundan əlavə, Assambleya növbəti qış sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi, eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına qərar verir.
Beləliklə, AŞ PA səsvermə hüququnu dondurmaqla, Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edir. Bundan sonra Rusiya nümayəndə heyəti 2015-ci ilin yanvar ayına kimi AŞ PA-da fəaliyyətini səsvermə hüququ olmadan davam etdirəcək.
Halbuki səsverməyə çıxarılan qətnamə layihəsinin 14-cü bəndinə təklif olunan 3, 6, 11 və 14-cü dəyişiklər ümumiyyətlə Rusiya nümayəndə heyətinin AŞ PA-da səlahiyyətləinin ləğvini nəzərdə tuturdu. Bu dəyişikliklərin heç biri səsvermədə Assambleya tərəfindən qəbul olunmadı.
Qətnamə layihəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir.
Qətnamə layihəsində deyilir: "Assambleya hesab edir ki, Krımın işğalına, xüsusilə Ukrayna ərazisinin hərb yoluyla işğalına, eləcə də qondarna referendumun nəticələrinin tanınması və Krımın Rusiyaya birləşdirilməsinə gətirib çıxaran Rusiyanın hərəkətləri beynəlxalq hüququn, o cümlədən BMT Xartiyası və Helsinki Yekun Aktının pozulmasıdır. Bundan əlavə, Rusiyanın hərbi fəaliyyəti bir tərəfdən Rusiya, Böyük Briyaniya və ABŞ-la digər tərəfdən isə, Ukrayna, Belarus və Qazaxıstan arasında 1994-ci ildə imzalanmış memorandumun da pozulmasıdır. Bu hərəkətlər habelə Avropa Şurasının Nizamnaməsinə, xüsusilə onun Preambulasına və 1996-ci ildə Rusiyanın təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərə də ziddir".
Bundan əlavə, Assambleya növbəti qış sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi, eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına qərar verib.
Assambleya, həmçinin Rusiya nümayəndə heyəti üzvlərinin seçkiləri müşahidə missiyalarında iştirak hüququnu da dondurur.
Sonda qətnamə layihəsində Assambleya Monitorinq Komitəsini 2013-cü ilin avqust ayından etibarən baş qaldıran münaqişə ilə bağlı məsələləri araşdırmaq məqsədilə Alt komitənin yaradılmasını nəzərdən keçirməyə dəvət edib.
Səsvermədən sonra Avropa Şurasında jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya nümayəndə heyətinin sədri Aleksey Puşkov bu sessiyanı tərk edəcəyini bildirib.
Rusiya nümayəndə heyətinin bundan sonrakı fəaliyyəti, o cümlədən iyun sessiyasında iştirakına dair məsələyə nünasibət bildirərkən A.Puşkov bildirib: "AŞ PA-nın işində iştirak edib-etməmək hüququnu özümüzdə saxlayırıq. Biz fəaliyyətimizi davam etdirmək və ya təşkilatı tərk etməklə bağlı qərarı özümüz verəcəyik. Bununla bağlı qərar 2-3 həftəyə verilə bilər və AŞ PA rəhbərliyi bu barədə məlumatlandırılacaq".

CƏMİL