Rusiya və Çindən necə müdafiə olunmalı? Dünya

Rusiya və Çindən necə müdafiə olunmalı?

ABŞ-da bu sualın cavabını tapıblar

Cavid

Hazırda ABŞ Konqresinin silahlı qüvvələr üzrə komitəsi 2017-ci ilin müdafiə büdcəsinin müəyyənləşdirilməsi istiqamətində müzakirələri davam etdirir. Nəticədə ortaya müəyyən mövzular gəlir.
"Fortune" nəşrinin məlumatına görə, əgər Nümayəndələr Palatası (Konqres) öz istədiyinə nail olarsa, onda Pentaqon yerüstü və dənizdə bazalanmış uzaq radiuslu raketlər sahəsində yeni texnologiyaların tətbiqi üçün əlavə olaraq milyonlarla dollar alacaq. Bu texnologiyalar isə Konqresin silahlı qüvvələr üzrə komitəsinin hesab etdiyi kimi, ABŞ hərbi üstünlüyünə qarşı artan təhlükənin aradan qaldırılması istiqamətinə yönəldiləcək.
Konqresin nümayəndələri tərəfindən dəqiqləşdirilib ki, ABŞ Hərbi Dəniz Qüvvəsinin desant gəmiləri üçün nəzərdə tutulmuş yeni hücum raketlərinin, gəmilər əleyhinə yerüstü sahədə bazalandırılmış və quru qoşunlarının da istifadə edəcəyi geniş radiuslu raketlər, göy üzündəki düşmən raketlərini vura biləcək futurustik elektromaqnit toplarına ehtiyac var.
O ki qaldı raket təhlükəsinə, belə bir təhlükə tamamilə realdır. Təhlükəsizlik sahəsi üzrə ekspertlər ABŞ–ın hərbi gücü barəsində danışanda, daha çox qırıcıların, aviadaşıyanların və həmçinin də Birləşmiş Ştatlar silahlı qüvvələrini öz rəqibləri ilə müqayisədə intellektual və məlumatlı edən kosmik-kəşfiyyat imkanlarının üstünlüklərindən söz salırlar. Nə vaxtkı ekspertlər ABŞ silahlı qüvvələrinin ölkə sərhədlərindən kənardakı sərbəst hərəkət etmək imkanlarını məhdudlaşdıra biləcək gələcək potensial rəqiblər barəsində danışırlarsa, onda onlar hərbi dairələrdə "Anti-Access/Area Denial" və ya "A2/AD" sistemləri, yəni raketləri nəzərdə tuturlar.
Çin haqqında deyilə bilər ki, burada söhbət bir neçə ballistik raketlərdən və böyük ehtimalla "aviadaşıyanların qatili" adlandırılan "DF-21D" ballistik raketindən gedir. Təhlükəsizlik üzrə ekspertlər və güc strukturlarının əməkdaşları, Rusiya raket texnologiyalarının inkişaf vəziyyətindən və bunların yayılmasından ümidsiz şəkildə narahatdırlar. Bu yaxınlarda Rusiya İrana "S-300" zenit-raket komleksi satıb ki, bu da təhlükəsizliyə cavabdeh olan Qərb məmurlarını ehtiyatlandırır.
İranın özünün ballistik raket proqramı üzərində işləməkdə davam etməsi, Yaxın Şərqdəki qonşu islam dövlətlərində dərin narahatçılıq yaradır. İran bu raketlər vasitəsilə İsrailə və ABŞ-ın regiondakı digər müttəfiqlərinə qarşı zərbələr endirə bilər. Son aylarda KİV-lərin diqqət mərkəzini tez-tez Şimali Koreya özünə cəlb etməyə başlayıb. Çünki bu ölkə özünün böyük olmayan nüvə arsenalını müxtəlif raketlər vasitəsilə qlobal təhlükəyə çevirə bilər.
Silahlar üzrə Konqres komitəsinin raket təhlükəsinə ciddi yanaşması təəccüblü deyil və ona görə də, müdafiə büdcəsini yekun olaraq dəqiqləşdirən zaman bu məsələni xüsusi diqqətə alırlar. Konqress istəyir ki, Pentaqon əllərində xeyli sayda böyük radiuslu hücum raketləri olan ölkələrlə arasındakı fərqi tamamilə öz xeyrinə çevirsin.
Silahlı qüvvələr üzrə komitə ilk addım olaraq, yaranmış vəziyyəti dəyişdirmək üçün Hərbi Dəniz Qüvvələrinə desant gəmilərində raket buraxılış qurğularının yerləşdirilməsinin mümkünlüyünün öyrənilməsi göstərişini verib. Çünki bu desant nəqliyyat gəmilərində raketlər yoxdur və onlar dəniz piyadalarının daşınması üçün nəzərdə tutulub. Komitə həmçinin quru qoşunları birliklərində "yer-yer" və "gəmilər əleyhinə raketlər"in quraşdırılmasının öyrənilməsinə 5 milyon dollar əlavə vəsait ayırmaq fikrindədir.
Quru qoşunlarında yer üstündəki hədəfləri vurmaq üçün bazalandırılmış raketlər var, lakin bu raketlər öz radiuslarına görə rəqiblərin silahlı qüvvələrindəki sistemlərdən geri qalır. ABŞ quru qoşunlarında olan raketlərin hədəfləri vurma radiusu 300 kilometrdir. Ayrılacaq 5 milyon dollar, radisusu 500 kilometr olacaq yeni raketlərin hazırlanması və tətbiqinin öyrənilməsinə xərcləniləcək. Pulların qalan hissəsi isə raketlər məsələsində Çin səhifəsinin qapanması üçün sərf olunacaq. Çin (həmçinin İran) özlərinin gəmilər əleyhinə qanadlı raketlər arsenallarından çox asılıdırlar. Bu raketlər öz sahilləri yaxınlığındakı potensial düşmən (yəni Amerika) döyüş gəmiləri üçün ciddi təhlükə yaratmaq üçün nəzərdə tutulublar.
Amerikanın quru qoşunlarının ixtiyarında gəmilər əleyhinə yerüstü raketlər yoxdur. Ona görə də silahlar üzrə komitə bu cür raketlərin hazırlanması üçün müdafiə büdcəsindən müəyyən qədər vəsaiti bu istiqamətə yönləndirmək niyyətindədir. Bu isə öz növbəsində Sakit okeanda və həmçinin də digər yerlərdə Amerikaya öz müttəfiqlərini potensial düşmənlərdən qorumağa imkan verəcək.
Komitə həmçinin Hərbi Dəniz Donanmasında istifadə edilməsi üçün nəzərdə tutulan elemktromaqnit rels toplarının tətbiqi və quraşdırılması üçün əlavə olaraq 15,4 milyon dollar vəsaitin ayrılmasını gözdən keçirir. Rels elektromaqnit toplarından istifadə nəticəsində ağır metal mərmilər yüksək sürət alırlar. Bu mərmilərin yüksək sürəti və az məsrəfli olması, onları artilleriya və həmçinin də raketlərin dəf edilməsində yararlı edə bilər.
"BAE Systems" və "General Dynamics" şirkətləri, müvafiq hərbi-dəniz və quru qoşunlarında rels elektromaqnit texnologiyasının tətbiqini həyata keçirmək istəyirlər.
Silahlı qüvvələr üzrə komitədə Amerika hərbçilərinin, təkcə döyüşdə yüksək texnologiyalı raketlərdən istifadə etməklə qalib gəlmə qabiliyyətinin saxlanmasından narahat deyillər. Bu komitə tərəfindən irəli sürülən qanun layihəsində orta və uzaq radiuslu "Dəmir günbəz" və "Davidin sapandı" adlandırılan İsrail istehsalı olan raket əleyhinə və hava hücumundan müdafiə kimi sistemlərə əlavə 200 milyon dollar ayrılması nəzərdə tutulur. Hər iki silah sistemi İsrailin "Rafael Advanced Systems" firması ilə ABŞ-ın "Raytheon" şirkətinin müştərək istehsalıdır.