
Birləşmiş Ştatların Suriya və İraqda yürütdüyü siyasət regionda yenidən Türkiyə-Rusiya yaxınlaşmasını gündəmə gətirib. Artıq bu yöndə dünya mediası da intensiv təhlil yazılar dərc etməkdədir. Bu istiqamətdəki yazıların məhz indiyə təsadüf etməsi də ciddi əsaslara dayanır. Birinci növbədə Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefaya getməsiylə Türkiyənin yeni bir xarici siyasət kursu götürdüyü hiss olunur. Və bu yeni baş nazir Binali İldırımın çıxışlarında da görsənir ki, Rusiya və Suriya ilə münasibətlərin normallaşması üçün artıq hərəkətə keçilib. Ancaq politoloq Natiq Miri hesab edir ki, bu, Türkiyənin Əsəd rejiminə və Rusiyanın yanlış Suriya siyasətinə və aqressiv davranışına münasibətinin dəyişməsi anlamına gəlməməlidir. Ancaq ortaq maraqlar var ki, bu yöndə Türkiyə həm Əsəd rejimi, həm də Rusiya ilə əməkdaşlıq edə bilər: "Əvvəla, ABŞ Suriyanın şimalında federativ bir kürd bölgəsi yaratmaq istəyir ki, bunu nə Türkiyə sərhədləri yaxınlığnda, nə də Suriya rejimi ölkəni parçalayacaq amil olaraq qəbul etmir. İkincisi, ABŞ və Fransanın aktiv müdaxiləsi və PKK-nın Suriya uzantısı PYD-yə ciddi dəstək müqabilində daha böyük ərazilərin kürdlərin əlinə keçməsi də göstərir ki, Əsəd rejimi əlində olan kiçik ərazilərlə yetinməli olacaq, buradan da Rusiyaya ciddi bir pay çıxacağı gözlənilmir. Üçüncüsü, Türkiyə geosiyasətində Rusiyaya ABŞ-a alternativ olaraq balanslaşdırıcı güc amili kimi baxılıb ki, belə vəziyyət də Türk qırıcıları Moskvanın Su-24 təyyarəsini vurandan sonra tamamilə dəyişib. Ona görə də ABŞ bu vəziyyətdən istifadə edərək öz geosiyasi niyyətlərini həyata keçirmək istəyir". Politoloq hesab edir ki, belə bir məqamda ABŞ və Qərb müttəfiqləri, o cümlədən İsrail bu geosiyasi əməliyyatlarla 3 əsas nəticəyə nail olmaq istəyirlər: "Birincisi, İslam dünyası ilə Türkiyənin quru əlaqəsini kəsmək istəyirlər. Türkiyənin cənubuna terror təşkilatlarının əli ilə sədd çəkirlər. Bununla da Türkiyəni Suriya və İraqdakı proseslərdən kənar tutmaq istəyirlər. Digər tərəfdən Türkiyənin sərhədləri yaxınlığında yeni kiçik dövlətlər yaradaraq, təzə bir xəritə cızmaq istəyirlər ki, bu da Türkiyənin düşmənlərlə çevrələnməsi anlamına gəlir. Üçüncüsü isə İsrailə buradan böyük torpaqlar qazandırmaq məqsədi daşıyır. Əslində ən böyük hədəf də budur. Bunu da çox asanlıqla dünya güclərinin əlində geosiyasi alət olan İŞİD-in əli ilə etmək istəyirlər. Yəni, İŞİD yeni bir hərbi təxribatla İsrailə hücum edəcək ki, nəticədə İsrailin bölgəyə gəlməsinə zəmin yaranacaq, bunun da müqabilində İsrail böyük torpaqlar qazanacaq. Eynən İŞİD zamanında Suriyanın şimalında kürdlərin yaşadığı Kobanidə belə bir geosiyasi sifariş yerinə yetirdi. İŞİD Kobaniyə girməklə dünyanın diqqətini əzilən kürd xalqının üzərinə çəkdilər, sonra da ABŞ və İsrail kimi dünya güclərinin yardımıyla PKK-nın uzantısı PYD-nin timsalında Suriyada döyüşəcək və geosiyasi maraqları təmin edəcək bir hərbi güc mərkəzi formalaşdırdılar. İŞİD belə bir zəmini ABŞ və İsrail üçün yaradandan sonra çox asanlıqla Kobani və ətraf 3 bölgəni PYD terrorçularına təhvil verərək oranı tərk etdilər. Bununla da PYD kürd terrorçuları bu bölgələrdə etnik təmizləmə apararaq Suriyanın şimalında 4 kanton yaratdılar. İndi də ABŞ PYD-nin vasitəsilə Münbici, sonra Türkiyənin qırmızı xətti hesab olunan Cerablus-Azez xətini ələ keçirməklə Aralıq və Ağdənizə koridor açmaq istəyindədir ki, buna da "kürd koridoru", yaxud İraq Mosulundan başlayıb, Aralıq dənizində bitən yeni "enerji koridoru" adı vermək olar". Natiq Miri qeyd edir ki, bu gün ABŞ PKK-ya qarşı mübarizədə də Türkiyəyə əngəllər yaradır. Əvvəla, Suriyada PYD-yə verilən əksər silahlar sonradan Türkiyə ərazisinə keçirilib, PKK-ya təhvil verilir ki, bu da qanlı toqquşmanın uzanmasına səbəb olur. İkincisi, ABŞ xüsusi texnologiyalarla PKK-nın Şimali İraqda mərkəzi olan Qəndildə terrorçu rəhbərlərin ələ keçirilməsinə əngəl törədir. Belə ki, əməliyyat öncəsi MİF Siqnal Kəşfiyyat Rəhbərliyi PKK-nın Qəndildəki kadrlarının yerləşdiyi nöqtələri siqnal təqibiylə müəyyən edir ki, bu da anında Baş Qərargahla paylaşılır. Bunun sayəsində də Türk Hava Qüvvələrinə bağlı Diyarbəkir. Betman və Malatyada hazır saxlanılan döyüş təyyarələri MİFİN müəyyən etdiyi nöqtələri dərhal məhv edə bilir. Ancaq ABŞ-ın bölgəyə quraşdırdığı yeni sistemlər PKK-nın yüksək rütbəli kadrlarını bu əməliyyatlarda hədəf olmaqdan yayındıra bilir. Bu sistemlərin quraşdırılması üçün ABŞ-ın Qəndildə xüsusi texniki personalının olduğu deyilir. Bütün bu amillər nəzərə alınarsa, Türkiyə-Rusiya yaxınlaşmasına ciddi geosiyasi zəminin yarandığını demək olar. Artıq bu yöndə müəyyən hərəkətlənmələr də var. Belə ki, son bir həftədə Türkiyə Rusiyaya yönəlik 4 müsbət jest edib. Birincisi, Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putinə rusların milli bayramı münasibətilə 12 İyunda bir təbrik məktubu göndərib. Ərdoğan, məktubda "Rusiya Federasiyasının Milli Günü münasibətilə simanızda bütün Rus xalqını millətim adından təbrik edir, qarşıdakı dövrdə Türkiyə və Rusiya arasındakı münasibətlərin layiq olduğu səviyyəyə yüksəlməsini arzu edirəm" ifadəsini işlədib. Baş nazir Binalı İldırım da Rusiya baş naziri Dmitri Medvedevə bənzər bir təbrik məktubu göndərib. İkincisi, Türkiyənin Braziliyadakı səfiri Hüseyn Birgə Moskvaya yeni səfir təyin olunub ki, bu da Rusiya ilə yeni dönəmin başlanmasına bir işarədir. Üçüncüsü, Rusiyanın Türkiyədəki Səfiri Andrey Karlov keçən həftə səfirlikdə bir ziyafət vermişdi ki, bu tədbirə də Türkiyə Xarici İşlər Nazirliyindən bir müavin, üç baş direktor və kontradmiral səviyyəsində təmsil olunmuşdu. Ən
nəhayət dördüncüsü, Türkiyə prezidenti öz sarayında verdiyi iftar süfrəsinə Rusiyanın səfirinə də dəvət göndərib. Ayrıca Türkiyə ilə Rusiya arasında buzların əriməsi üçün Azərbaycan və Belarus prezidentlərinin də vasitəçilik etdiyi bəllidir. Bütün bunlar göstərir ki, region yeni bir geosiyasi şəraitə hamilədir. Əgər bu yaxınlaşma baş tutarsa, əvvəlcədən region üçün cızılmış xəritə və planların pozulacağını da proqnozlaşdırmaq olar".