Türkiyədə zorakılıq Dünya

Türkiyədə zorakılıq

Sabitsizlik nə dərəcədə təhlükəlidir?

Cavid

Uzun müddətdə Avropa və Yaxın Şərq arasında sabitliyin dayağı olan Türkiyə yüksək gərginlik dövrünə daxil olub. Türkiyə bir tərəfdən ölkənin şərqindəki kürd silahlılarla döyüşür, digər tərəfdən Suriya ilə sərhədi boyunca yayılan islamçı zorakılığın qarşısını almağa çalışır.
Ekspert Paul Kirbi bu məsələni təhlil edərək bildirib ki, əgər indiyədək Türkiyə, kürd silahlıları əsas təhlükə kimi görürdüsə, indi türklər özünü İslam Dövləti (İŞİD) adlandıran terrorçu təşkilatın aramsız basqınlarına məruz qalır.

Hazırkı böhran nə dərəcədə təhlükəlidir?

Son səkkiz ayda İstanbulda 5, Ankarada isə 4 bomba partlayışının törədilməsi türklərə belə bir mesaj verir ki, heç bir ərazi zorakılıqdan sığortalanmayıb və onlar bir neçə cəbhədən hücuma məruz qalırlar.
Atatürk hava limanında İŞİD tərəfindən törədildiyi iddia edilən partlayış Türkiyənin müasir tarixində ən ölümcül basqın olub.

İlin əvvəllərindən bəri kürd və İŞİD silahlıları İstanbulda bir neçə basqın həyata keçiriblər:
 TAK (Kürdüstanın Azadlıq Şahinləri ) kürd silahlı qruplaşması iyunun 7-də İstanbulun mərkəzində iğtişaş polislərini daşıyan avtobusu partladaraq 7 polis nəfərini öldürüb
 Kürdlərin ən böyük silahlı qruplaşması PKK (Kürdüstan İşçi Partiyası) may ayında təhlükəsizlik qüvvələrini daşıyan avtobusu hədəfləyib
 Mart ayında İŞİD intiharçısının gur İstiklal prospektində partlatdığı bomba 3 İsrail turistini və bir iranlını öldürüb
 Yanvar ayında İŞİD intiharçısının İstanbulun Sultanahmet turist məkanında partlatdığı bomba 12 alman turistinin ölümünə səbəb olub

Paytaxt Ankarada da ölümcül hücumlar olub:
 Kürdüstanın Azadlıq Şahinləri martın 13-də törədilmiş avrtomobil partlayışı üçün məsuliyyəti üzərinə götürüb. Türkiyə Ədliyyə Nazirliyinin və baş nazirin ofisi yaxınlığındakı nəqliyyat qovşağında törədilmiş bu partlayışda 35 nəfər həlak olub
 Buradan azca aralıda fevral ayında hərbi avtobusların hədəflənməsi nəticəsində 29 nəfər həlak olub. Qurbanların arasında işdən sonra hökumət idarələrindən çıxıb evlərinə gedən qulluqçular da vardı. Bu hücum üçün də məsuliyyəti öz üzərinə PKK-nın törəməsi olan TAK götürüb
 2015-ci ilin oktyabrında Ankara dəmiryolu vağzalının yaxınlığında törədilmiş qoşa partlayışda 100-dən çox adam həlak olub. Milli təhlükəsizlik idarəsinin (MİT) bir addımlığında törədilmiş bu partlayışlara görə İŞİD ittiham edilib
Son vaxtlaradək qan tökülməsi yalnız Türkiyə hərbiyyəsinin PKK ilə oniliklərdir ki, döyüşdüyü şərq və cənub-şərq ərazilərində baş verirdi.
Əsas şəhərlərdəki zorakılıqların hədəfi solçu və kürdyönlü HDP-nin (Xalq Demokratik Partiyası) ofisləri idi. Öz növbəsində qadağan edilmiş marksist DKHP-C təşkilatı mütəmadi olaraq polis və Qərb səfirlikləri üzərinə hücumlar edirdi.
Türkiyə artıq milyonlarla insanı cəlb edən dünya turizm məkanlarından biri deyil.
Fransa Türkiyədəki vətəndaşlarını turist məkanlarında son dərəcə ayıq-sayıq olmağa çağırıb. Britaniya hökuməti isə xəbərdarlıq edib ki, "bundan sonrakı hücumlar qurbanların kimliyinə fərq qoymaya və xaricilərin baş çəkdikləri yerləri əhatə edə bilər". ABŞ da buna bənzər tövsiyələr verib.
Türklərin özləri də ticarət mərkəzlərinə və açıq məkanlara getməkdən çəkinməyə başlayıblar.
"Düşünürəm ki, biz hazırda zorakılıq dalğasının güclənməsinin şahidi oluruq" – deyib Ankaradakı Başkent Universitetinin professoru Menderes Çinar.

Türkiyədə təhlükəsizlik vəziyyəti niyə pisləşib?

Türkiyəni hazırda iki cəbhədə gedən münaqişə bürüyüb: Bunlardan biri Türkiyənin daxilində, digəri isə Suriya sərhədinin o tayındadır.
2014-cü ildə Türkiyə özünü İŞİD adandıran terrorçu qruplaşma üzərinə ABŞ-ın rəhbərliyi altında əməliyyatda iştiraka razılıq verib və İŞİD Türkiyəni onun İraq və Suriyadakı bazalarına zərbə endirən NATO-nun müttəfiqi kimi tanıyır.
Ankara hökuməti uzun onilliklər ərazində ölkə daxilində PKK-ya qarşı döyüşüb. İkillik atəşkəs Türkiyə və kürd silahlılar arasında gedən toqquşmaları dayandırmışdı. PKK Türkiyədə və Qərbin əksər ölkələrində terrorçu qruplaşma hesab edilir.
Lakin həmin atəşkəs 2015-ci ilin iyulunda, 32 kürd və solçu fəalın Suruc şəhərində bomba basqını nəticəsində öldürülməsinədək davam edib.
Belə deyilir ki, Suriyanın şimalındakı Kobane kürd şəhərinin bərpasına kömək etmək üçün oraya getməyə hazırlaşan bu gənclərə bomba basqınını İŞİD törətmişdi. Bu onun işarəsi idi ki, Suriya münaqişəsi Türkiyə torpağına qədəm qoyub.
Bundan sonra silahlılar və hərbiyyə arasında hücum-əks-hücum döyüşləri dalğası yayılıb . PKK bundan sonra Türkiyəni, kürdlərin Suriya və İraqın şimalında torpaqları nəzarət altına almasına qarşı İŞİD döyüşçülərini dəstəkləməkdə ittiham edib.
Türkiyə bu il ölkənin cənub-şərq bölgəsindəki şəhər və qəsəbələrdə kürd silahlıları yaxalamaq məqsədilə aylarla kommendant saatları tətbiq edib.
Belə görünür ki, Türkiyə və PKK 2013-cü il atəşkəs sazişinədək olan mövqelərinə qayıdıblar.
PKK lideri Cemil Bayık prezident Ərdoğanı cihadçı qruplaşmanın üzərinə hücum edən kürdləri dayandırmaq məqsədilə "İDŞİ-i dəstəkləməkdə" ittiham edib. O bu ilin aprelində BBC-yə müsahibəsində dinc sakinlər üzərinə hücumların düzgün olmadığını deyib. "Əsgərlərə qarşı hərəkətlər ola bilər, çünki bu müharibədir və döyüş gedir" – deyib Bayık.
Nə üçün əsas şəhərlər hədəflənir?
Atatürk aeroportu üzərinə İŞİD tərəfindən törədildiyi güman edilən son basqın ötən mart ayında Brüssel hava limanına edilmiş ölümcül bomba hücumunu xatırladır. Bura çox sayda türkün və əcnəbinin olduğu cazibəli hədəf kimi görünür.
İndiyədək PKK ölkənin cənub-şərqində hökumət və hərbi hədəflərə qarşı zorakılıqlar törədirdi. Lakin hazırda bu təşkilatdan qopmuş Kürdüstan Azadlığı Şahinləri (TAK) daha sərt xətt-hərəkət tərəfdarıdır və onun getdikcə daha ölümcül olan hücumları Ankara və İstanbul üzərinə yönəlib.
BBC-nin Türkiyə müxbiri Mark Lowen deyir ki, TAK son bir neçə ildə sakit olsa da, ölkənin cənub-şərqində atəşkəsin pozulması ilə bağlı yenidən fəallaşıb.
Türkiyə hökuməti PKK və onun daha sərt qolu arasında fərq qoymur və israr edir ki, onların arasında çox canlı insan mübadiləsi mövcuddur. Ankaranın mərkəzində ötən mart ayında törədilmiş bomba partlayışı Türkiyə hökumətinin bu versiyasını inandırıcı göstərir, çünki həmin partlayışı törədən şəxs PKK-ya qoşulmuş və sərhədin o tayında – Suriyada təlim görmüşdü.

Suriya münaqişəsi niyə əsas səbəb sayılmalıdır?

Türkiyə çoxdan bəridir ki, Suriya münaqişəsinə yuvarlanıb və onun lideri Recep Tayyip Erdoğan qiyamçı müxalifət qruplarının ilk dəstəkçilərindən biri olub və açıq şəkildə prezident Bəşər əl-Əsədin devrilməsinə çağırıb.
Lakin sonradan kürd qruplaşmalarının Suriyanın şimalındakı əraziləri öz nəzarətləri altına alması Türkiyəni getdikcə daha çox narahat etməyə başlayıb. Ankara Suriya Kürd Xalq Müdafiəsi Birliklərinin (YPG) və onun siyasi qanadı olan Demokratik İttifaq Partiyasının (PYD) yüksəlişindən son dərəcə narahatdır.
"Türkiyə PYD və PKK-nı öz varlığına ciddi təhlükə hesab edir, - deyir Türkiyədəki hökumətyönlü Seta araşdırma institutunun icraçı direktoru Bürhanettin Duran, - Bu artıq aşkar faktdır ki, PKK və PYD eyni bir təşkilatdır".
2014-cü ildə üç muxtar administrasiya elan edilmişdi. Sonra, 2015-ci ildə YPG özünü İslam Dövləri adlandıran qruplaşmanı Türkiyə ilə həmsərhəd bölgədən vurub çıxartdı və sərhəd boyunca 400 kilometrlik zolaq üzərində nəzarətini bərqərar etdi.
Rusiya 2015-ci ilin sentyabrında Suriya münaqişəsinə müdaxilə edəndə, Suriya kürdlərinin və hücum edən Suriya ordusu və onun müttəfiqi Rusiyanın maraqları üst-üstə düşdü. Kürdlər bundan istifadə edərək Hələbin şimalındakı bəzi əraziləri əlıə keçirdilər. İndi Suriya kürdləri özlərinin federal sistemlərini yaradıblar.
Hazırda kürd qruplaşmaları Suriyanın Türkiyə ilə həmsərhəd bölgəsində əksər ərazilərə nəzarət edirlər. İndi yalnız Əzəzdən İŞİD-in nəzarətində olan Cərəblus şəhərinə qədər 100 kilometrlik zolaq onların nəzarətində deyil.
"Dövlət, sərhədlərimiz boyunca milli maraqlarımıza zidd olan kürd fəaliyyətlərindən şübhəlidir" – deyir Türkiyə siyasi şərhçisi Fehmi Koru.
NATO üzvü olan Türkiyə üçün problem yaradan həm də budur ki, ABŞ PKK-nı terrorçu təşkilat saysa da, sərhədin o tayında, Suriyadakı YPG-ni dəstəkləyir.