Sanksiyalar Moskvanı çökdürəcək Dünya

Sanksiyalar Moskvanı çökdürəcək

Rusiyaya dəyən zərər artıq 180 milyard dolları keçir
Putin bir neçə ildən sonra Rusiyanın dağılmasını istəmirsə, özünün imperiya xəyallarından əl çəkməlidir

Cavid

Rusiyanın Ukraynanı işğalından sonra ABŞ başda olmaqla bir sıra Avropa dövlətlərinin rəsmi Moskvaya iqtisadi sanksiyaların tətbiqi gündəmə gəldi. Rusiya isə bu sanksiyalardan qorxmadığını və işğalçılıq siyasətindən əl çəkməyəcəyini bəyanlayıb.
Sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı Rusiyanın özündə də fərqli fikirlər var. Məsələn, ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 2014-cü ilin ilk iki ayında ölkədən 35 milyard dollar kapitalın getdiyini deyib. Ekspertlər bu gedişlə təkcə bu ilin ilk rübündə çıxarılan xarici kapitalın 2013-cü ilin 12 ayının göstəricisini - 65 milyard dolları keçəcəyini düşünürlər.
Bunun tək səbəbi isə Krımla bağı tətbiq edilə biləcək sanksiyalar deyil. Rusiya iqtisadiyyatı ilin əvvəlindən sanksiyalar nəticəsində rublun ucuzlaşması və başqa səbəblərdən zəifləyib. Moskvadakı "Nomos-Bank"ın analitiki Kirill Tremasov deyir ki, investisiyaların azalması, daxili bazarda tələbatın azalması və başqa səbəblərin hamısı ölkə iqtisadiyyatının durğunluq ərəfəsində olduğunu göstərir. Halbuki Hələ də məmurlar 2-3 faizlik iqtisadi artım barədə əsassız proqnozları verirlər.
Ölkənin daxili borcu da məhz rublun ucuzlaşması üzündən 10 faiz artıb. Üstəlik ölkənin dövlət büdcəsinin kəsirinin bu il 55 milyard rubl olması gözlənilirdisə, Krımın birləşdirilməsi ilə bu rəqəmin artacağı qaçılmazdır.
Reytinq agentliklərindən olan "Standard and Poors"un Moskva şöbəsinin hesablamalarına görə, Krımın 2 milyonluq əhalisinin 600 minə yaxını pensiyaçılardan, 200 mini də büdcədən maaş alan işçilərdən ibarətdir. Yəni əhalinin 40 faizini Rusiya büdcəsinin ayırdığı subsidiyalarla dolandırmaq lazım gələcək ki, bu da ildə 1.1 milyard dollardan çox edəcək. Rusiyanın Ehtiyat Fondunda bunu qarşılamaq üçün yetərincə vəsait var, ancaq Krıma pul veriləcəyi halda eyni situasiyada olan digər federasiya subyektlərində narazılıqlar başlaya bilər.
Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar elan olunduğu bir vaxtda sərmayəçilər arasında narahatlıq əlamətləri müşahidə olunur.
Moskvada jurnalistlərlə görüşən Rusiya iqtisadiyyat nazirinin müavini Andrey Klepaç inflyasiyanın artması ilə bağlı xəbərdarlıq edib. Rusiya rəsmisi tənəzzülün gözlənilmədiyini desə də, durğunluq probleminin aktual olduğunu vurğulayıb.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib ki, dünya iqtisadiyyatında Rusiyanın payı cəmi 2%-dir. Amerikanın 24%, Avropa ölkələrinin isə 36% iqtisadi paya sahib çıxdığını söyləyən ekspert hesab edir ki, Rusiya hazırda əsasən neft və atom bombası sahib olduğuna görə dünyada söz sahibidir: "Sözügedən amildən istifadə edən ruslar dünyadakı problemlərin həllinə çalışırlar. Halbuki rusların dünya iqtisadiyyatına o qədər də ciddi təsiri yoxdur. Təbii ki, Rusiya neftinə qarşı tətbiq ediləcək sanksiya Avropanı enerjisiz qoyacaq. Lakin onlar alternativ variantlar axtarıb tapmağa çalışacaqlar".
ABŞ prezidenti Barak Obama sanksiyaların ikinci mərhələsinin tətbiq edilməsi ilə bağlı sərəncam imzaladıqdan sonra Rusiyanın maliyyə sistemi silkələnib.
Rusiyada iqtisadiyyatın problemlərini araşdıran və ölkənin iqtisadi inkişafı üçün konsepsiyalar hazırlayan əsas "beyin mərkəzi" - Ali İqtisadiyyat Məktəbinin mütəxəssisləri tərəfindən tərtib edilən hesabatda bildirilir ki, Krımın ilhaqına görə Rusiya aprelin ilk gününə qədər 179 milyard dollar zərərlə üzləşib.
Mart ayının sonuna kimi olan dövrü əhatə edən hesabata görə, ABŞ-ın sanksiyalara əl atmasından ötən dövr ərzində Rusiyadan xaricə kapital axını 33,5 milyard dollar təşkil edib. Bütövlükdə götürdükdə birinci rüb ərzində Rusiyadan kapital axını 60 milyard dollar olub.
Ötən il isə Rusiyadan kapital axını 63 miyard dollara yaxın olub. İndi isə yalnız bir rüb ərzində 60 milyard dollara yaxın vəsait ölkədən çıxarılıb. Bu məbləğin yarıdan çoxunun mart ayının 3-dən sonra (Rusiyanın Ukraynaya ordu yeritməsindən sonra) ölkədən çıxarılması rəsmi Moskvanın davakar siyasətinin sərmayəçiləri və kapital sahiblərini qorxutması ilə izah olunur.
Rusiyadan kapital axınının güclənməsi rublun dollar və avro qarşısında dəyərdən düşməsinə də səbəb olub. Bu vəziyyətin kəskin xarakter almaması və rublun dəyərinin qorunması üçün yalnız mart ayında Rusiya Mərkəzi Bankı 25,4 milyard dollar sərf edib.
Rusiya şirkətlərinə məxsus səhmlərin ucuzlaşması isə daha ağır nəticələr verir. Belə ki, Rusiyanın qiymətli kağızlar bazarında qiymətlərin düşməsi 82,7 milyard dollar itkiyə səbəb olub. Rusiya şirkətlərinə məxsus səhmlərin London birjasında ucuzlaşması isə şimal qonşumuzun 62,8 milyard dollar itirməsi ilə nəticələnib. Mütəxəssislər bu rəqəmi Rusiya iqtisadiyyatı üçün çox ağır itki sayırlar.
Ali İqtisadiyyat Məktəbinin mütəxəssisləri hesab edirlər ki, Rusiya iqtisadiyyatı belə çətin günləri 2008-ci il böhranı zamanı yaşayıb.
Ancaq iqtisadçıların narahatlığı Krımın ilhaqından şövqə gələnləri narahat etmir. Rusiyanın hakim dairələri bu itkilər haqqında danışmağı sevmirlər. Baş nazir Dmitri Medvedyev və hökumətin iqtisadi blokuna daxil olan məmurların xəbərdarlıqları isə Rusiya cəmiyyətini bürümüş şovinizm və hərbi-vətənpərvərlik şousunun bağırtıları səbəbindən eşidilmir. Belə getsə, Medvedyevin ehtiyatlı xəbərdarlıqları ona baha başa gələ bilər. Çünki son günlər yayılan məlumatlarda bildirilir ki, Putin Medvedyevi istefaya göndərmək niyyətindədir. Müşahidəçilər bunu dövlət başçısında baş nazirə qarşı dözümsüzlük yaranması ilə izah edirlər. Lakin iqtisadçılar bunun Rusiya iqtisadiyyatını xilas etməyəcəyini deyərək, Qərbin sanksiyalarının üçüncü mərhələsini daha qorxulu sayırlar. İqtisadçıların fikrincə, üçüncü mərhələ tətbiq olunarsa, Rusiya iqtisadiyyatını dağılmaqdan kimsə qoruya bilməz.
İqtisadçıların "neft bombası" adını verdikləri məsələ neftin qiymətinin ucuzlaşmasıdır. Sovet İttifaqının taleyini Qərbin məhz neftin ucuzlaşması ilə həll etdiyi hər kəsə məlumdur. Rusiyanın gələcəyindən narahatlıq duyanlar Qərbin indi də eyni variantdan istifadə edəcəyindən qorxurlar. Onlar, hətta Səudiyyə Ərəbistanının yardımı olmadan belə, ABŞ-ın dünya bazarında neftin qiymətini 12-15 dollar aşağı salmaq gücündə olduğunu bilirlər.
Məlum olduğu kimi, ABŞ-ın yeraltı anbarlarında 700 milyon barel neft ehtiyatı toplanıb. Şist qazı bumu-nun da yaşandığı indiki zamanda, bu ehtiyat artıq Vaşinqton üçün strateji əhəmiyyətini itirib. Hətta hazırkı gərgin vəziyyət olmasa belə, neft ehtiyatı artıq rəsmi Vaşinqton üçün bir neçə il əvvəlki kimi önəm daşımır. Buna görə də, ABŞ-ın tezliklə neft ixracına başlayacağı gözlənilir ki, bu da dünya bazarında neftin bir barelinin qiymətini 85 dollardan aşağı sala bilər. Bu isə Rusiya iqtisadiyyatı üçün ölüm fərmanına bərabərdir.
İqtidaçıların hesablamalarına görə, ABŞ neftin bir barelini 80-85 dollara kimi ucuzlaşdırsa, bu, Rusiyada ciddi infilyasiyaya, iş yerlərinin bağlanmasına və istehsalın azalmasına səbəb olacaq. Bununla da, dövlət sosial öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcək, pensiya və təqaüdləri, əmək haqlarını vaxtlı-vaxtında ödəyə bilməyəcək. Bu bir vəziyyət isə əlavə pul kütləsinə ehtiyacı artırar. Hökumətin çap maşınını işə salması isə iqtisadiyyatın tamamilə dağılmasının əsasını qoya bilər.
İqtisadçıların narahatlıqları yalnız neftin qiymətinin düşməsi ilə bağlı deyil. Artıq Avropa Birliyi Rusiya qazından asılılığını aradan qaldırmaqla bağlı qərar qəbul edib.
Nəzərinizə çatdıraq ki, ötən il Rusiyanın Avropa Birliyi ölkələrinə verdiyi qaz 160 milyard kubmetrə çatıb və bu, son hədd deyil. Rusiyanın bu rəqəmi 180 milyard kubmetrə çatdırmaq imkanları vardı. Hətta "Cənub axını" layihəsi gerçəkləşsəydi, bu rəqəm daha da arta bilərdi. İndi isə Rusiya bunlara ümid edə bilməz. Əksinə, Avropa Birliyi tədricən Rusiya qazından asılılığını aradan qaldırmaq niyyətindədir. ABŞ isə 2015-ci ildən Avropaya şist qazı ixrac etməyə başlayacaq.
Digər tərəfdən, Şimali Afrikadan qazın idxalını artırmaq da Avropa Birliyinin planlarına daxildir. Rusiya qazından imtina etmək qərarına gələn Avropa Birliyi "Nabucco" layihəsinə diqqəti daha da artırıb. Doğrudur, Qərbdə Rusiyanın "Nabucco"ya mane ola biləcəyindən ehtiyatlanırlar. Bu səbəbdən də, Avropa müxtəlif mənbələrdən qaz almağı planlaşdırır və əsas mənbə kimi ABŞ-ı görür.
Avropa Birliyinin Rusiya qazından asılılığı aradan qaldırmağa çalışması ilə yanaşı, ABŞ-ın Şimal qonşumuzun neft və qaz sənayesini çökdürmək planlarının olması da vəziyyəti ağırlaşdırır.
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiyanın enerji, bank və mədən sahələrini əhatə edəcək güclü sanksiyaların tətbiqi ilə bağlı prezident Barak Obama artıq sərəncam imzalayıb. Sərəncama görə, Rusiya Ukraynaya qarşı birbaşa və ya dolaysı ilə müdaxiləsini artırsa, ABŞ-ın Maliyyə Nazirliyi dərhal sanksiyalar tətbiq edəcək. Bununla bağlı ABŞ-ın maliyyə naziri Ceykob Lyo rusiyalı həmkarı Anton Siluanovla görüşündə xəbərdarlıq da edib: "Ukraynada gərginliyi artırmağa cəhd və ya İranla neft əvəzinə ərzaq anlaşması imzalansa, Vaşinqton dərhal dağıdıcı sanksiyalar tətbiq edəcək".
Rusiyalı iqtisadçılar da bu sanksiyaların dağıdıcı ola biləcəyi haqqında xəbərdarlıq edir və vəziyyətin bu həddə çatdırılmasından qaçmağı məsləhət görürlər.
Düzdür, Rusiya Çinə ildə 30 milyard kubmetr qaz satır və bu rəqəmi iki dəfə artırmaq imkanı da var. Ancaq bir neçə ildir ki, danışıqlar getməsinə baxmayaraq, Çin təklif edilən qiymətlə razılaşmır. Hətta razılaşsa belə, Çin Avropa bazarını əvəz etmək iqtidarında deyil. Rusiyanın əsas sənayesi və iqtisadiyyatı ölkənin Avropaya yaxın hissəsində cəmləşib və əsasən Qərb bazarına istiqamətlənib. Onu indi 180 dərəcə əksinə çevirmək mümkün deyil.
Xatırladaq ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaların dağıdıcı ola biləcəyini düşünənlər yalnız rusiyalı iqtisadçılar deyil. Avropada düşünürlər ki, ABŞ-ın sanksiyaları bütövlükdə dünya iqtisadiyyatına zərər vursa da, Rusiya iqtisadiyyatını tamamilə dağıdacaq.
ABŞ-ın sanksiyaları qarşısında hətta İran kimi qapalı sistemə malik dövlətin də dayana bilmədini qeyd edən müşahidəçilərin fikrincə, Vaşinqton qadağaları tətbiq edərsə, Rusiya bunun qarşısında yalnız 2-3 il davam gətirə bilər. Bundan sonra baş verəcəkləri isə Moskva artıq bir dəfə yaxın tarixdə yaşayıb. Amma deyəsən, Rusiya siyasətçilərinin hamısı bu tarixdən lazımi nəticəni çıxarmayıblar. ABŞ isə Ukraynada baş verənlərdə Rusiya izi görsə, Moskvanı cəzalandıracağını bəyan edir. İndi hər şey Putinin addımlarından asılıdır. Putin bir neçə ildən sonra Rusiyanın dağılmasını istəmirsə, özünün imperiya xəyallarından əl çəkməlidir.