Türkiyə Ərdoğanı prezident seçəcəkmi? Dünya

Türkiyə Ərdoğanı prezident seçəcəkmi?

Azər Rəşidoğlu: "Ərdoğan yəqin ki, namizəd olacaq və prezident seçiləcək"
Vüqar Zifəroğlu: "Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır"

Türkiyədə hər kəsin maraqla gözlədiyi Prezident seçkilərinin keçiriləcək tarixi açıqlanıb. Ali Seçki Qurumunun açıqlamasına görə, Türkiyədə prezident seçkiləri Konstitusiyaya görə 2 turdan ibarət olacaq. Birinci tur seçkilərinin 10 avqustda, ikinci tur seçkilərinin isə 24 avqustda keçiriləcəyi qeyd olunub.
Xatırladaq ki, Türkiyə Konstitusiyasının müvafiq qanununa görə, Türkiyə Cümhuriyyəti prezidentinin səlahiyyət müddəti 5 il müəyyən olunub və növbəti prezident seçkiləri hazırki prezidentin səlahiyyət müddətinin bitməsinə son 60 gün qalmış müddətdə sona çatdırılmalıdır. Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti Abdulla Gülün səlahiyyət müddəti 28 avqust 2014-cü il tarixində başa çatır.
Onu da bildirək ki, bir sıra ekspertlər ən şanslı namizədin Türkiyənin hazırki baş naziri Rəcəb Tayyib Ərdoğanın olduğunu bildirirlər.
Onun prezident seçkilərində iştirakı barədə qərar mayın ortalarında qəbul edilə bilər. Türkiyə baş nazirinin müavini Bülənt Arınc deyib ki, baş nazir dövlət başçısı postuna namizədliyini irəli sürərsə, Türkiyə prezidenti Abdulla Gül baş naziri dəstəkləyəcək: "Ümid edirik ki, avqustda keçirilən prezident seçkiləri partiyamızın növbəti uğuru olacaq".
Ekspertlər hesab edirlər ki, avqust ayında keçiriləcək prezident seçkiləri Türkiyənin gələcəyini müəyyənləşdirən böyük bir siyasi hadisə olacaq. Bu seçkilər prezidentin parlament tərəfindən deyil, xalq tərəfindən birbaşa seçiləcəyi ilk seçkilər kimi tarixə düşəcək və yeni dövlət başçısına əvvəlki kimi 7 il yox, 5 il səlahiyyət müddəti verəcək. Digər tərəfdən, prezident seçkiləri Türkiyə siyasi həyatında ən önəmli hadisə olan parlament seçkilərindən bir il öncə keçiriləcək və növbəti dəfə parlamentin üzvü seçilmək hüququ olmayan baş nazir Rəcəb Tayyib Ərdoğan və komandası üçün strateyi önəm daşıyacaq.
Maraqlıdır ki, seçkilərdə iqtidar partiyasının namizədinin adı hələ də açıqlanmayıb. Hazırkı dövlət başçısı Abdulla Gül ikinci müddətə prezident seçilmək üçün namizədliyini irəli sürüb-sürməyəcəyi barədə indiyədək tutarlı bir bəyanat verməyib. O, bu barədə qərarın vaxtilə mənsubu olduğu partiyanın lideri, baş nazir Rəcəb Tayyib Ərdoğanla aparacağı məsləhətləşmələrdən sonra veriləcəyini vurğulayıb. Baş nazir Ərdoğan da qərarın ümumi razılıq əsasında veriləcəyini bildirib. Ancaq həm Türkiyə cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçiriləcək prezident seçkilərində iqtidar partiyasının namizədinin Rəcəb Tayyib Ərdoğan olacağından zərrə qədər şübhə etmir.
Bəs Türkiyə müxalifəti Ərdoğanın namizədliyinin qarşısında hansı kontr-arqumentlə çıxış edə bilər? AKP-nin Ərdoğanla assosasiya edildiyi məlumdur, yəni Türkiyədə Ərdoğana AKP-nin lideri kimi yox, AKP-yə lider Ərdoğanın partiyası kimi yanaşırlar.
Ekspertlər bildirirlər ki, 2002-ci ildə AKP-nin hakimiyyətə gəlişindən sonra keçirilən bütün seçki və referendumlardan qalib ayrılan Ərdoğan bu dəfə daha iddialı olacaq, çünki hakim partiyanın elektoratı bu dəfə AKP-yə deyil, bilavasitə Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə səs verəcək.
Belə olan halda, Türkiyə müxalifətinin birləşərək seçkilərə vahid namizədlə qatılmaqdan başqa çıxış yolu qalmır. Birləşmək perspektivlərinin nə qədər real olduğu isə böyük sual altındadır. Məsələ burasındadır ki, ən iri müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası öz şanslarını daha çox qiymətləndirdiyi üçün mümkün birləşməni yalnız CHP çətiri altında real hesab edir. Partiyadan hələ də konkret bir bəyanat verilməsə də, kulislərdə keçmiş lider Dəniz Baykalın namizədliyi ətrafında söz-söhbətlər gedir. CHP müxalifətin koordinasiya mərkəzi rolunu oynamağa nə qədər iddialı olsa da, bir o qədər də liberal görünməyə çalışır və ikinci böyük müxalifət rartiyası olan Milliyətçi Hərəkat Partiyasına (MHP) vahid namizəd üçün birləşmək istiqamətində vaxtaşırı siqnallar göndərir.
Sol-mərkəzçi bir partiya ilə müvəqqəti belə olsa birləşməyə hər zaman soyuq yanaşan MHP isə bu dəfə də qeyri-müəyyən bir mövqe tutub. Partiyadan verilən açıqlamada MHP-nin vahid namizəd üçün birləşməyə hazır olduğu ifadə edilsə də, bunun üçün real görünməyən bir tələb irəli sürülüb. Belə ki, milliyyətçi kəsim bu birləşmənin yalnız MHP çətiri altında mümkün ola biləcəyini irəli sürərək, bəlkə də bilərəkdən bu perspektivin üzərindən çarpaz bir xətt çəkiblər. MHP-nin potensial namizədinin adı hələ məlum deyil, amma bir çoxları bu şəxsin Türkiyə Böyük Millət Məclisi sədrinin müavini, vaxtilə Ərbakan hökumətində daxili işlər naziri postunu tutmuş Meral Akşener olacağını proqnozlaşdırırlar.
Quzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Mehmet Əli Tələt də Türkiyədə prezident seçkilərilə bağlı məsəlyə münasibət bildirib. Prosesi izlədiklərini dilə gətirən prezident Tələt qərarın türk xalqı tərəfindən veriləcəyini deyib: "Türkiyə bu təcrübəni ilk dəfə yaşayacaq".
Tələt baş nazir Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı suala belə cavab verib: "Hər kəs namizəd ola bilər".
Politoloq Vüqar Zifəroğlu bildirdi ki, Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri avqust ayında baş tutacaq prezident seçkiləri öncəsi önəm daşıyırdı: "Nəzərə alsaq ki, qarşıdan prezident və parlament seçkiləri gəlir, Türkiyənin siyasi gündəmində hələ yeniliklərin şahidi olacağıq. Məsələn, istisna deyil ki, İstanbulda mücadilə verən Mustafa Sarıgülün CHP başqanlığına namizədliyi irəli sürülsün. Unutmayaq, Kılıçdaroğlu da nə zamansa İstanbuldan namizəd idi və o da ciddi mücadilə verməsinə rəğmən AKP-li rəqibinə uduzmuşdu. Türkiyədə yeni sağ mərkəzçi partiyanın yaradılmaslının da şahidi ola bilərik. Bunu yaxınlarda həbsdən azad edilən hərbçi "Ergenekonçular" edə bilər. Zatən onların partiya yaratmaq fikrində olmaları ilə bağlı xəbərlər bir ara siyasi gündəmdə dolaşmaqda idi. Əslində belə bir addımın atılması, yeni və alternativ güc mərkəzinin ortaya çıxmasını təmin etməklə yanaşı, eyni zamanda artıq illərdir davam edən "sağ-mərkəz" boşluğundan doğan problemi də həll edə bilər".
Onun sözlərinə görə, bu gün Türkiyə siyasi sistemində son dərəcə ciddi şəkildə sağ mərkəz problemi var: "AKP iqtidara gələnə qədər olan onillikdə bu funksiyanı "Doğru Yol" və "Ana Vətən" partiyaları uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Beləcə Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür. Milliyətçi Hərəkat Partiyası ideoloji yönünə görə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsirlərinə görə sol mərkəzdir. AKP isə iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən, sağ-mərkəzə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etdi. Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma gəl ki, onların bu sözünü udmuş olan sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən AKP-nin qarısını döyməkdədir".
Vüqar Zifəroğlu əlavə etdi ki, Ərdoğan birmənalı şəkildə bələdiyyə seçkilərindəki qələbə ilə mövqeyini daha da möhkəmləndirib: "Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır. Hətta istisna etmək olmaz ki, prezident və parlament seçkisi bir yerdə birləşdirilərək keçirilsin. Hər halda, bütün bunların cavabını və nələr olacağını yaxın zamanlarda birlikdə görəcəyik".
Siyasi şərhçi Azər Rəşidoğlu isə son bələdiyyə seçkilərinin nəticələrinə istinad edərək, AKP-nin nüfuzunun böyük olduğunu bildirdi: "Odur ki, Ərdoğanın avqustdakı seçkilərdə böyük üstünlüklə qalib gələcəyini ehtimal etmək olar. Ərdoğan yəqin ki, namizəd olacaq və prezident seçiləcək".

Əli