Avropa İttifaqının “Şərq-Qərb çatı“ böyüyür Dünya

Avropa İttifaqının “Şərq-Qərb çatı“ böyüyür

"The Daily Telgraph" qəzetinin Avropa redaktoru Peter Foster yazır ki, Şərqi Avropa ölkələri Avropa Komissiyasını avtoritarlıqda ittiham ediblər və Brüsseli "özünün federalist ambisiyalarından" əl çəkməyə çağırıblar. Onlar bildiriblər ki, Britaniyanın Avropa İttifaqından ayrılması məhz Avropa Komissiyasının ambisiyaları ucbatından baş verib. "Aİ dəyişməlidir, biz onu islah etməliyik". Bu sözləri Polşanın baş naziri Beata Szydlo Varşavada keçirilən görüş zamanı Avropa Şurasının prezidenti Donald Tusk-a deyib. "The Telegraph" diqqəti belə bir məqama çəkir ki, bu cümə günü Bratislavada keçiriləcək Aİ sammitində üzv ölkələrin liderləri çox ciddi müzakirələrin iştirakçısı olacaqlar.
Məqalədə deyilir ki, Avropadakı Şərq-Qərb parçalanması həm də Avropa Komissiyasının prezidenti Jean-Claude Junckerin bu gün Avropa Parlamenti qarşısında edəcəyi "İttifaqdakı vəziyyət" nitqinin ərəfəsinə təsadüf edir. Foster yazır ki, Brexit-dən sonra İttifaqın daha da möhkəm dayanmaq əzmini göstərməli olan Bratislava sammitinə lap az qalmış, üzv ölkələr arasında İttifaqın gələcəyinə dair böyük fikir ixtilafları baş qaldırıb. Bu arada Lüksemburqun xarici işlər naziri bəyan edib ki, Macarıstan kimi avtoritar, media azadlıqlarını boğan, qaçqınlar qarşısında tikanlı məftillər çəkən ölkə Avropa İttifaqından xaric edilməlidir. Jean Asselborn deyib ki, Macarıstan Aİ-nin "təməl" prinsiplərini kobud şəkildə pozur.
Macarıstan bu ittihama dərhal cavab verib. Bu ölkənin xarici işlər naziri Peter Szijjarto deyib ki, "cənab Asselborn kimi federalistlərə görə" Avropanın təhlükəsizlik sistemi və mədəniyyəti çökə bilər. Bu qarşıdurmanın köpünü almaq üçün Almaniya, Litva və Latviya tərpəniş göstəriblər. Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, o, Avropa İttifaqının "səbirsizliyini" başa düşür, lakin təşkilatın üzv ölkəsinə "qapını göstərmək" o qədər də faydalı təşəbbüs deyil.
"The Telegraph" yazır ki, Avropa İttifaqında yaranmış çat bilavasitə Qərbi və Şərqi Avropaların arasından keçir. Şərq, İttifaqın miqrasiya kvotalarını və multikulturalizm ideyalarını rədd edir. Məqalədə deyilir ki, əslində cənab Tusk bu kimi fikir ixtilaflarını yumşaltmaq məqsədilə üzv ölkələrə səfərə çıxmışdı, amma elə bir uğur qazana bilməyib. Tusk Polşaya xəbərdarlıq edib ki, üstündə oturduğu budağı çox da silkələməsin. O yada salıb ki, məhz Aİ ölkələri arasında olan müqavilələr Polşaya milyardlarla avroluq vəsaitlər verib və "milyonlarla Polşa işçisini firavan Qərbi Avropada iş yerləri ilə təmin edib".
Foster belə bir sual verir: Aİ üzvləri arasındakı ixtilaf nəyin üstündədir? Müəllif yazır ki, Şərqi Avropa ölkələri Aİ-ni milli demokratiyaların və milli demokratik icmaların birliyi kimi görürsə, Qərb, əsasən də Almaniya, Fransa və İtaliyanın simasında bundan daha dərin inteqrasiyanı, yəni vahid və bölünməz demokratiyanı dəstəkləyir. Şərqi Avropa ölkələri "Paytaxtlar Avropası" şüarını irəli sürdüyü bir vaxtda, Fransa İtaliya və Almaniya vahid Avropa silahlı qüvvələrindən söhbət salır. Məsələn, elə bu həftə Fransa və Almaniyanın müdafiə nazirləri "Vahid Avropa Müdafiəsi" adlı 6 səhifəlik işçi sənədin müzakirəsinə başlayıblar. Bu layihəyə görə Avropa İttifaqının silahlı qüvvələri vahid komandanlığa tabe etdirilməlidir.
Bəs bu ixtilaf necə çözülə bilər? Bu yaxınlarda Avropanın məşhur analitik mərkəzlərindən Bruegel "kontinental partnyorluq" adlı layihə təqdim edib. Bu layihəyə görə Avropa İttifaqında Britaniyanın istədiyi kimi daha sərbəst üzvlüyə imkan yaradılmalıdır. "The Telegraph" yazır ki, Bruegelin bu planı Berlin və Brüssel tərəfindən sərt şəkildə rədd edilib. Layihənin hazırlanmasında iştirak etmiş keçmiş Almaniya ətraf mühit naziri Norbert Röttgen isə əməlli-başlı tənbeh edilib.
Digər tərəfdən Avropa İttifaqının maliyyə çətinlikləri də Qərbi Avropa üçün ciddi problemlər yaradır. Məsələn, belə ehtiyatlanmalar var ki, Yunanıstanın borc böhranı yenidən gündəmə gələ bilər. Almaniya hədələyib ki, əgər bu məsələdə Beynəlxalq Valyuta Fondunun dəstəyi olmasa, Berlin sazişdən çıxmalı olacaq.
Junckerin edəcəyi nitqə gəlincə isə, təhlilçilər onun 27 üzvlük Avropanın yekdilliyini vurğulayacağını və bütün üzvlər üçün şirnikləndirici vədlər verəcəyini gözləyirlər. Məsələn, vahid ordunun və vahid sərhəd qoşunlarının yaradılması gənclər üçün yeni iş yerlərinin açılmasına kömək edə bilər. Lakin avroskeptiklər ittifaqın gələcəyinə şübhə ilə baxırlar. Britaniyanın Avropa İttifaqından çıxması kampaniyasına rəhbərlik etmiş siyasətçilərdən biri, UKİP partiyasının lideri Nigel Farage "The Telegraph" qəzetinə deyib: "Əgər onların Brexitə cavabı vahid ittifaq ordusudursa, onların vəziyyəti doğrudan da ağırdır".