Kreml nədən baş nazirin qətlinə fərman verib? Dünya

Kreml nədən baş nazirin qətlinə fərman verib?

Rusiya Monteneqroya nəzarət etmək istəyirdi.
Bu sözlər ukraynalı ekspert Vitali Portnikovun Ukrayna mətbuatında dərc olunmuş məqaləsində yer alıb. Onun sözlərinə görə, Moskva bu ərazi vasitəsilə NATO-da destabilizasiya yaratmaq niyyətində idi:
"Məncə, monteneqrolular artıq Baş nazir Milo Cukanoviçi kimin öldürmək istədiyini bilirlər. Bunlar Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və ya Baş Kəşfiyyat İdarəsi ola bilər. Onlar heç vaxt Rusiya xüsusi xidmət orqanlarının burada iştirakını etiraf etməyəcəklər. Monteneqroda çevriliş cəhdi Rusiyanın adi xüsusi əməliyyatı idi. Bunun qarşısını almaq üçün bir sıra ölkələrin xüsusi xidmət orqanlarının gücündən istifadə edildi. Onlar arasında Ukrayna kəşfiyyatçıları da var.
Monteneqro Moskva üçün çox əhəmiyyətlidir. Bu ölkənin limanları NATO-nun Aralıq dənizində nəzarət etmədiyi yeganə ərazidir. Monteneqronun Alyansa üzvlüyündən sonra Aralıq dənizi NATO-nun daxili gölü olacaq. Məhz bu limanlara nəzarət üçün Moskva bir zamanlar Monteneqronun müstəqilliyini dəstəklədi. Kremldə fikirləşirdilər ki, bu ölkə üzərində nəzarət Serbiya və Çernoqoriya üzərində nəzarətdən daha asan olacaq. Lakin Cukanoviç Putin və onu generallarını barmağına doladı. Buna görə Moskvada onu öldürmək qərarı verildi".
Ukrayna mətbuatına açıqlamasında ukraynalı politoloq Aleksandr Musienko isə söyləyib ki, bu sui-qəsd postsovet ölkələr üçün dərsdir.
Monteneqronun NATO-ya daxil olmağa hazırlaşdığını bəyan etməsindən sonra onun Rusiya ilə münasibətləri pisləşib.
Onun sözlərinə görə, Monteneqronun bu planları Moskvanın maraqlarına cavab vermir:
"Monteneqro bir müddət öncə Rusiya biznesmenləri üçün cənnət idi. Onlar burada daşınmaz əmlak alır, istirahətə gəlir və otellər açırdılar. Bununla bərabər, Monteneqro əhalisi Yuqoslaviyanın 1999-cu ildə NATO tərəfindən bombardmanını unutmayıb. Üstəlik, Cukanoviçin 20 ildir hakimiyyətdə qalması, ona qarşı avtoritarizmlə bağlı iddiaları artırıb. Bütün bunlar rusiyayönlü qüvvələrin aktivliyinə şərait yaradır. Cukanoviçə sui-qəsdin arxasında Rusiyanın dayanması şübhəsizdir. Ona görə də baş nazir və tərəfdarları bu hadisədən ölkə ərazisində milli əhval-ruhiyyənin gücləndirilməsi üçün istifadə edəcəklər. Monteneqrodan fərqli olaraq daha maraqlı proseslər Serbiyada gedir. Ölkə baş naziri Vuçiç Monteneqro kimi NATO-ya can atır. Rusiya buna imkan verə bilməz. Məhz Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin səfəri zamanı Serbiyada gizli silah anbarının tapılması Vuçiç üçün şantaj idi. Moskva bununla serb hökumətinə təzyiq etməyə çalışır. Yeni hibrid müharibəsinin elementləri artıq kəşfiyyatların oyunu, hakerlərin mübarizə və yeraltı savaşlardır. Ona görə də belə savaşlara hazır olmaq lazımdır. Monteneqrodakı bu hadisə Balkanlar, Ukrayna, Moldova və digər postsovet ölkələri üçün dərs olmalıdır".
Qeyd edək ki, oktyabrın 16-da Monteneqro Baş naziri Milo Cukanoviçə sui-qəsd cəhdi olub. Ölkə polisinin keçirdiyi əməliyyat nəticəsində 50-yə yaxın şəxs həbs edilib. Onlar arasında Rusiya, Serbiya və Monteneqro vətəndaşları olub. Monteneqro hökuməti Cukanoviçi rus millətçilərinin öldürmək istədiyini bildirib.