Bu müharibə İranı yox edə bilər Dünya

Bu müharibə İranı yox edə bilər

Qolan təpələri son 50 ildə manipulyasiya faktoru olub və zamanla bundan istər ərəb ölkələri, istərsə də İran öz siyasətlərində təhdid və hədə elementi kimi istifadə ediblər. Hazırda kifayət qədər ciddi strateji əhəmiyyətə malik, şirin su ehtiyatları ilə zəngin ərazilərin İsrailin nəzarətində qalması buna əyani sübutdur.
Bunu İran hərbi birləşmələrinin Qolan təpələrindəki mövqelərə yerləşməsi ilə bağlı analitik Vüqar Zifəroğlu deyib. O, hesab edir ki, siyasi kurslarını son 30 ildə bir-birlərinin əleyhinə təbliğat aparmaqla quran və bundan istər daxili, istərsə də xarici auditoriya baxımından az divident qazanmayan İsrail və İranın Qolan təpələrinə görə açıq qarşıdurmaya gedəcəyi inandırıcı deyil:
"Bəli, hazırda Suriya münaqişəsində kifayət qədər mövqelərini gücləndirməyə müvəffəq olmuş İran əlverişli şəraitdən istifadə edib sözügedən istiqamətdə müəyyən nöqtələrə nəzarəti ələ ala bilər, amma bu, tammiqyaslı hərbi aksiyalara səbəb olmayacaq".
Analitik rəsmi Tehranın son addımlarının daha çox hədələyici ton daşıdığını bildirib:
"Mümkündür ki, İran Qolan təpələri istiqamətində Suriya ərazisində savaşlara qatılan SEPAH-a bağlı birlikləri, eləcə də şiə qruplaşmaları Həşdi-Şabi və ya İraqın Hərəkət Hizbullah əl-Nücəba şiə qruplaşması ilə müəyyən lokal əməliyyatlar həyata keçirsin. Lakin birbaşa və açıq müstəvidə qarşıdurma inandırıcı deyil. Çünki tərəflər şərtlərin əlverişsiz olduğunu anlayırlar. Ətrafında ciddi "şiə həlqəsi" formalaşdırmağa müvəffəq olmuş İranın son 5 ildə əldə etdiyi uğurlar onsuz da ərəb ölkələrini, Qərbi, İsraili qıcıqlandırır və başlanacaq müharibə həmin tərəflər üçün ciddi bəhanə verəcək. İran isə çox şey itirə bilər".
Analitik bildirib ki, İran Yəməndə ərəblərlə qeyri-rəsmi müharibə şəraitindədir, ona görə də Qolan təpələri ikinci cəbhənin açılması demək olacaq:
"İranın iqtisadi durumu da əlverişli deyil. İsraillə müharibə isə bütünlükdə regionda baş verən proseslərə əhəmiyyətli dərəcədə təsirə malikdir və başlanacağı təqdirdə həddindən artıq qan və pul tələb edəcək".
V.Zifəroğlu hesab edir ki, İsraillə açıq qarşıdurma ABŞ-la münasibətlərinin kəskinləşməsi fonunda İranın Avropa ilə əlaqələrinə və kövrək nüvə razılaşmasına da ciddi mənfi təsir göstərəcək:
"Unutmayaq ki, İranda seçkilər yaxınlaşır. Hazırda siyasi nöqteyi-nəzərdən bu ölkə kifayət qədər həssas dönəmə qədəm qoyur. Nə daxili, nə də xarici faktorlar bu cür ciddi və vahiməli nəticəsi ola biləcək münaqişəni başlatmaq üçün münasib deyil".
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyanın Qolan təpələrindəki mövqelərə yerləşiblər. Hərəkət Hizbullah əl-Nücəba şiə qruplaşması da Tehranın dəstəyi ilə Qolan təpələrini İsraildən azad etməyə hazırlaşır.
Qolan təpələri Suriya ərazisidir. Bu torpaqlar 1967-ci ildə Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılan altıgünlük müharibədən sonra İsrail ordusu tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (İsrail parlamenti) Qolan təpələrinin İsrailə aid olması barədə qanun qəbul edib.