Ərdoğan Avropanı necə fəth edir? Dünya

Ərdoğan Avropanı necə fəth edir?

"Qoca Qitə"nin ölüm fərmanı

Hollandiyada türk nazirlərə və bu ölkədə yaşayan türk icmasına hücumdan sonra Avropa və Türkiyə arasında münasibətlər böhran zolağına daxil oldu. Ankara Avropa İttifaqını nasizmdə ittiham edir, qarşı tərəf isə Türkiyəni diktatorluqda. Maraqlıdır ki, bu prosesdə Polşa və Macarıstan Türkiyə cəbhəsində yer aldı.
Rusiyanın "lenta.ru" saytı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Brüssellə qarşıdurmaya gedərək, ölkə daxilində cəmiyyəti birləşdirmək manevrləri etdiyini, həmçinin, Avropanı içəridən fəth etdiyini yazıb.
"Onlar beynəlxalq münasibətlər və diplomatiya haqda heç nə bilmirlər. Onlar qorxudan əsirlər. Onlar nasistdirlər", - deyə Ərdoğan Hollandiya hakimiyyətini belə xarakterizə etdi.
Onun bu sözlərindən sonra insanlar Hollandiyanın İstanbuldakı konsulluğunu mühasirəyə aldılar. Etirazçılar konsulluq binasının önünə qara lentə sarınmış çələng qoydular: bu, Avropada ölən azadlığa matəm nişanəsi idi.
Türkiyə dövlət himninin sədaları altında Hollandiyaya qarşı şüarlar səsləndirildi. Etirazçılardan biri binanın damına dırmanmağa imkan tapdı və Hollandiya bayrağını endirərək, türk bayrağını "Allahu Əkbər" sədaları altında dalğalandırdı. Etirazlar İstanbulla bitmədi. İzmit şəhərində AKP-nin gənclər qolunun fəalları Amsterdamın davranışına etiraz olaraq portağalları əzib şirəsini içdilər və "Əvvəl sizi sıxacağıq, sonra içəcəyik" şüarları səsləndirdi. Portağal təsadüfi seçilməmişdi: Niderland krallığında narıncı rəng simvol hesab olunur və ölkə öz adını bu rəngdən götürür: "narıncı" – holland.
MHP lideri Dövlət Baxçalının reaksiyası sərt oldu. O, Hollandiya ilə diplomatik əlaqələri kəsmək çağırışı etdi. Hətta CHP lideri Kamal Kılıçdaroğlu da bu məsələdə həmrəylik nümayiş etdirdi.
"Kim ki demokratiyanı müdafiə edir, belə addım atmamalıdır", - deyə o, Amsterdamı ittiham etdi.
Böhranın başlanğıcı: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rotterdamda türk diasporu ilə görüşmək üçün bu şəhərə gəlirdi. Lakin onun təyyarəsini enməyə qoymadılar, təyyarə Almaniyaya enməyə məcbur oldu. Rotterdamdakı türk diasporu isə görüş üçün gözləyirdi. Ankara buna görə ailə və sosial siyasət naziri Fatma Betül Saya Qayanı ora göndərdi. Xanım nazir avtomobillə Almaniyadan Hollandiyaya daxil olanda diplomatik toxunulmazlığının olmasına baxmayaraq, polis onu saxladı və Alamniayaya geri qaytardı.
Bu hadisə Rotterdamda konsulluq binasına toplaşmış türklərin qəzəbinə səbəb oldu. Etirazlar başlandı. Şəhərin meri polisə güc tətbiq etmək haqda göstəriş verdi. Hətta türklərə hücum edən xüsusi təyinatlı qüvvələrə atəş açmaq icazəsinin verildiyi deyilir. Beləcə ciddi xaos yarandı. Türkiyə Hollandiyadan üzr tələb etsə də, bu ölkənin baş naziri Mark Rutte bu tələbə "dəli olmusunuz?!" reaksiyasını verdi.
Əslində Hollandiya hadisələri Avropada Türkiyəyə qarşı hücumun pik nöqtəsi oldu. Bundan əvvəl Avstriya referendum kampaniyası üçün gələn türk nazirlərin girişinə qadağa qoydu. Daha sonra Almaniya bu addımı atdı.
Türkiyə geri çəkilmir: Belə görünür ki, Ankara geri çəkilməyəcək. Çünki Avropadakı türk icmasının referendumdakı səsi əhəmiyyətlidir. Ümumilikdə Avropa İttifaqı ölkələrində beş milyon türk yaşayır. Onların əksəriyyətinin ikili vətəndaşlığı var, yəni yaşadıqları ölkənin pasportu ilə yanaşı, Türkiyə pasportuna da sahibdirlər. Almaniyadakı türk icmasının üzvləri deyir ki, Avropadakı türklər arasında Ərdoğanın nüfuzu artır.
Avropanın fəthi: Siyasi müşahidəçilər Ankaranın manevrlərinin Avropa İttifaqını parçalanmaq həddinə çatdırdığını deyirlər. Misal üçün, Macarıstan Türkiyəyə qarşı hücumlara kəskin reaksiya verdi. Bu ölkənin xarici işlər naziri Piter Siyyarton bildirdi ki, Avropa ölkələri türk nazirlərə qoyduqları qadağalarla ikili standart nümayiş etdirirlər.
"Biz Avropa İttifaqının Türkiyə ilə bağlı mövqeyini tamamilə inkar edirik. Ankara bizim yaxın müttəfiqimizdir və bu müttəfiqlik təkcə NATO çərçivəsi ilə yekunlaşmır. Biz Türkiyə hakimiyyətinə əsassız tənqidlərə qarşıyıq. Məsələn, Avropa İttifaqı 15 iyulda dövlət çevrilişinə cəhd edən qiyamçıların taleyindən daha çox narahatdır, nəinki, çevrilişdən. Avropa İttifaqı münasibətləri gücləndirməli və miqrantlarla bağlı razılaşmadakı öhdəliklərini yerinə yetirməlidir", - deyə macar nazir vurğulayıb.
Polşa da Macarıstanla eyni mövqedən çıxış etdi. Bu ölkənin xarici işlər naziri Vitold Vaşikovski hollandların səhv etdiyini açıqladı: "Ankara ilə münasibətlərin pozulması Brüssel üçün əlverişsizdir. Əgər Türkiyə qaçqınlar üçün sərhədləri yenidən açacaqsa, miqrant dalğası Avropanı boğacaq".
Türkiyə Avropada baş verənlərdən sonra miqrant razılaşmasına yenidən baxacağını açıqladı. Ankara miqrant məsələsində Avropanın əksinə gedərsə, bu, həqiqətən də "Qoca Qitə"nin öz daxilində boğulması demək olacaq.
Faktiki olaraq, Türkiyə məsələsi bu gün Avropa İttifaqı ölkələri arasında ciddi fikir ayrılığı yaratdı. O Avropa İttifaqı ki, Türkiyəni qəbul etməmək üçün 50 ildir min cür bəhanə uydurur. Lakin bu da həqiqətdir ki, Ərdoğan Avropanı içəridən fəth edir.