Kreml səbrinin tükəndiyini deyir Dünya

Kreml səbrinin tükəndiyini deyir

Kremlin yüksəkçinli rəsmisi deyir ki, ötən il ABŞ-da Rusiyaya məxsus iki diplomatik binanın tutulmasıyla bağlı səbri tükənmək üzrədir.
Yuri Uşakov iyulun 3-də Moskvada jurnalistlərə bildirib ki, Rusiya bu məsələ üzrə "müstəsna çeviklik" sərgiləyib. ABŞ prezidenti Barak Obama Nyu-York və Merilenddəki binaların bağlanmasına Moskvanın ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq qərar vermişdi.
Prezident Vladimir Putinin müşaviri olan Uşakov söyləyib ki, Rusiyanın səbrinin həddi var.
Qeyd edək ki, bir neçə gündən sonra, iyulun 7-də Almaniyada başlanacaq Böyük 20-lik sammiti çərçivəsində Putinin amerikalı həmkarı Donald Trampla görüşəcəyi gözlənir.
"Mənə elə gəlir ki, Rusiya tərəfini əvvəlki administrasiyanın ötən il atdığı addımlara cavab tədbirləri görməkdən azad etmək lazımdır", – Uşakov söyləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova iyunun 28-də demişdi ki, binaların qapadılmasına görə cavab tədbirləri hazırlanır.
Ötən il ABŞ kəşfiyyat rəsmiləri Kremlin seçki kampaniyasına haker hücumu və propaqandanı idarə etdiyini açıqladı. Bundan sonra, dekabrda həmin diplomatik korpuslar tutuldu. Kremlin Trampın xeyrinə seçkiyə müdaxiləyə cəhd göstərdiyi bildirilirdi. Ancaq Rusiya bu ittihamları rədd edib.
Y.Uşakovun sözlərinə görə, Hamburqda gözlənən Tramp-Putin görüşünün detalları yekunlaşmaq üzrədir. O, planlaşdırılan danışıqları "vacib" adlandırıb.
"Ən yüksək səviyyədə müzakirə olunası məsələlər çoxdur. Bu baxımdan, bu, şəxsi səviyyədə ilk təmas belə vacibdir", – o deyib.
İyulun 3-də ABŞ Dövlət Departamenti bildirib ki, dövlət katibinin köməkçisi Tomas Sannon gözlənən görüşü Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla müzakirə edib. Tərəflərin Sannonla Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov arasında yeni görüşü də götür-qoy etdikləri açıqlanıb.
Moskva ötən ay iki diplomatın görüşünü təxirə saldı. Səbəb ABŞ-ın Rusiyaya yeni sanksiyalar qoyması idi. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə, Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə Qərbin sanksiyaları ilə üzləşib.
Tramp indiyədək Rusiyaya daha geniş əməkdaşlıq arzusunu dilə gətirib Ancaq administrasiya hələlik sanksiyaların yumşaldılmasına doğru niyyət ortaya qoymayıb.
Digər tərəfdən, Rusiyayla gərginliyin azaldılmasını hədəfləyən hər hansı addım Vaşinqtonda konqresmenlərin müqavimətiylə üzləşər. Onsuz da Trampın inauqurasiyasından öncə onun müşavirləri ilə Rusiya rəsmilərinin kommunikasiyası ucbatından yetərincə ziddiyyət yaranıb.
Tramp isə xəbər mediasını və siyasi opponentlərini prezidentliyinə "saxta" Rusiya əhvalatıyla zərbə vurmaq cəhdində suçlayıb.