Rusiyanın Ukraynaya cavabı olacaq Dünya

Rusiyanın Ukraynaya cavabı olacaq

İvan Us: “Rusiyanın Ukraynaya daimi hücum planı var”

Məhəmməd Əsəsdullazadə: “Rusiyanın Ukraynaya qarşı növbəti raketlərlə hücum edəcəyi gözlənilir”

Mayın 2-də İstanbulda baş tutan Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci mərhələsi heç də ürəkaçan olmadı. Danışıqlardan əvvəl Rusiya və Ukraynadan olan nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov nümayəndə heyətləri arasında əvvəl ikitərəfli görüş keçiriblər.

Görüşdən sonra tərəflər toplantının nəticələrinə dair açıqlama veriblər.

Ukrayna tərəfi açıqlamalarında görüşlərini konkret humanitar nəticələr əldə edə biləcək bir mərhələyə çatdırdıqlarını ifadə ediblər.

Ukraynanın müdafiə naziri Rüstəm Umerov görüşdə bütün əsirlərin azad edilməsi və uşaqların geri qaytarılmasını tələb etdiklərini bildirib. O, bütün əsas məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyinə inamını ifadə edərək, iyunun 20-dən 30-dək daha bir görüş keçirməyi təklif etdiklərini deyib.

“İlk addım çox aydındır: atəşkəsin təmin edilməsi, humanitar addımların atılması və liderlər sammitinə hazırlıq”, - deyə R.Umerov əlavə edib.

O, qeyd edib ki, Rusiya atəşkəsə və prezidentlərin görüşünə razı olmayıb, yalnız məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub.

Umerov Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun aralığında keçirilməsini təklif edib.

Rusiya heyətinin rəhbəri, bu ölkə Prezidentinin köməkçisi Vladimir Medinski isə açıqlamasında danışıqlar zamanı ən genişmiqyaslı əsir mübadiləsi mövzusunda razılığa gəldiklərini, yaralı və ağır yaralı əsgərlərin hamısının mübadilə olunacağını deyib.

O, gələn həftə Ukrayna tərəfinə birtərəfli qaydada 6 min dondurulmuş hərbçi cəsədini təhvil verəcəklərini açıqlayıb.

Məlum nümaqişənin sülh yolu ilə həllinə çalışan ABŞ Prezidenti D.Tramp artıq seyrçi mövqeyindədir.

ABŞ-nin Ankaradakı səfiri Tom Barak Amerika lideri Donald Trampın Ukrayna münaqişəsinin həlli vaxtı ilə bağlı “səbrinin tükəndiyi” fikrini bildirib.

Bundan əvvəl "ABC News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Ukrayna və Rusiya arasında danışıqlarda irəliləyişin olmamasından getdikcə məyus olur və son günlər razılığa gəlmək cəhdlərindən uzaqlaşmağa başlayıb.

Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan olan həmkarları ilə görüşə hazırdır.

“O, hər iki liderin, hər iki tərəfin danışıqlar masası arxasında oturmasını istəyir. Biz bu gün onların Prezident Trampın çağırışı ilə bunu (İstanbulda - red.) necə etdiklərini gördük", - Levitt qeyd edib.

O, deyib ki, Tramp müharibənin danışıqlar yolu ilə bitməsini istəyir.

ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiya aerodromlarına endirdiyi zərbələrə cavabı budur ki, hərbi münaqişəyə son qoyulmalıdır. Bunu Ağ Evin mətbuat katibi Karolin Leavitt deyib.

Jurnalistlərdən birinin Trampın hücumlara münasibəti ilə bağlı sualına “Reaksiya ondan ibarətdir ki, bu müharibə bitməlidir” deyib. "Prezident bu müharibənin danışıqlar yolu ilə bitməsini istəyir. O, bunu həm açıq, həm də özəl olaraq hər iki liderə açıq şəkildə bildirib", - Leavitt Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskiyə istinad edərək əlavə edib.

Ağ Evin mətbuat katibi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırmayıb. O, əlavə edib ki, Tramp belə mövzularda açıqlamalar verəcək.

Qeyd edək ki, danışıqlardan bir gün əvvəl, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın 4 hərbi hava bazasına keçirdiyi PUA hücumu nəticəsində 41 təyyarə məhv edilib.

“Telegraf”ın məlumatına görə, bu əməliyyat çərçivəsində Ukrayna kəşfiyyat xidmətləri 150-dən çox FPV pilotsuz təyyarəsini daşınma konteynerlərinin damındakı gizli bölmələrdə qaçaqmalçılıq yolu ilə keçirib. Təyinat yerinə çatdıqdan sonra PUA-lar işə salınıb və Rusiyanın arxa hissəsində ən azı beş aerodromu vurub, Sovet dövründən qalan onlarla nüvə silahı daşıya bilən ağır bombardmançı təyyarələri məhv edib. 150 ədəd PUA Rusiyaya gözə görünmədən keçib. Rusiya əks-kəşfiyyat orqanlarının sistemi onları görməyib. Bir düyməni sıxmaqla konteynerlər açılıb, bir dəstə PUA hədəflərinə - yanacaqla doldurulmuş və uçuşa hazır olan rus bombardmançılarının sıralarına hücum edib. Əməliyyatın vaxtı təsadüfən seçilməyib. Ukrayna baxımından bu kinetik gizli əməliyyatın vaxtı ideal idi. Əməliyyat İstanbulda sülh danışıqları ərəfəsində həyata keçirilib. Moskvanın atəşkəslə razılaşmaq istəməməsinə baxmayaraq, ruslar Türkiyəyə gediblər.

İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanı “Hörümçək toru” adlı əməliyyatları təkrarlayacağı təqdirdə sülh prosesinin pozulması ilə hədələyib.

Bu barədə "Ukrainskaya Pravda" Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş olsa da, Rusiya əsasən ikinci dərəcəli məsələlərə fokuslanır və sülh prosesini uzatmağa çalışır.

Onun sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Xidmətinin “Hörümçək əməliyyatı” da görüşə təsir edib. Əməliyyat nəticəsində rus işğalçıların strateji aviasiyası məhv edilib: "Rusiya tərəfi açıq şəkildə qeyd edib ki, belə addımlar istənilən danışıqları pozaraq döyüşlərin davam etməsinə səbəb ola bilər”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, narahat olan və qisas gözləyən hər kəsə. Narahat olmaq lazımdır - bu, normal bir insani keyfiyyətidir. Qisas qaçılmazdır.

“Ordumuz fəal şəkildə irəliləyir və bundan sonra da irəliləyəcək. Partlamalı olanlar mütləq partlayacaq, məhv edilməli olanlar da yox olacaq.

İstanbulda danışıqlar kiminsə uydurduğu qeyri-real şərtlərlə kompromis sülh əldə etmək üçün deyil, bizim tezliklə qələbəmiz və neonasist hökuməti tamamilə məhv etmək üçün lazımdır. Dünən dərc olunan Rusiya memorandumunun mənası belədir”, - Medvedyev bildirib.

Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us (Ukrayna) qəzetimizə açıqlamasında deyib ki, hazırkı vəziyyətlə bağlı problem ondan ibarətdir ki, mahiyyət etibarı ilə nə Rusiya, nə də Ukrayna danışıqlara ehtiyac duyur. Onlar şəxsən Donald Trampa lazımdır. Lakin heç bir tərəf Trampı qəzəbləndirmək istəmir. Ona görə də danışıqlar gedir. Və hətta məhbus mübadiləsi şəklində müsbət nəticələr verirlər. Son görüşdən sonra belə idi, indi də belə olmalıdır.

Lakin danışıqlardan dərhal sonra, iyunun 3-də Rusiya Sumı vilayətinin mərkəzini - Sumı şəhərini raket artilleriyasından atəşə tutub. Nəticədə 3 nəfər ölüb, 20 nəfər yaralanıb: “Onlar həmçinin “Kinjal” hipersəs raketi ilə Nikolaev ətrafını vurdular. Ukrayna da eyni şəkildə cavab verir. "Pautina" əməliyyatı nədən xəbər verir. Rusiya strateji aviasiya təyyarələri məhv edildikdə, zədələndikdə.

Rusiyadan cavab olacaqmı, olacaq. Ancaq nüvə deyil. Çin və Hindistan onlara bunu etməyə imkan verməyəcək. Beləliklə, bu, müharibənin epizodlarından yalnız biri olacaq.

Rusiyanın Ukraynaya daimi hücum planı var, Ukraynanın hərəkət edib etməməsindən asılı olmayaraq, bundan istifadə edəcək. Əslində, üç ildən çox əvvəl onlar genişmiqyaslı müharibəyə başladılar. Beləliklə, gündəlik atışmalardan hər hansı biri aerodromlara edilən hücuma cavab olaraq təqdim ediləcək.

Ukrayna və ABŞ arasında ən yaxşı münasibətlərdən uzaq olduğunu nəzərə alsaq, xüsusən də Ukrayna prezidenti Zelenski ilə ABŞ prezidenti Tramp və onun vitse-prezidenti Vens arasında Ağ Evin Oval kabinetində baş verən mübahisədən sonra.

Üstəlik, İstanbul danışıqları Trampın ideyası idi və Rusiya hərbi aerodromlarına endirilən zərbələr bu ideyanın qarşısını ala bilərdi. Bununla belə, Trampın Putinə qarşı ritorikası son günlər daha sərt xarakter alıb.

“Pautina” kimi əməliyyat uzun müddətə (Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə 1,5 il) hazırlandığından, çox güman ki, ABŞ-ın bundan xəbəri olub və sadəcə olaraq nə vaxtsa buna qarşı olmadıqlarını bildirib”.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya -Ukrayna danışaqları nəticə verməyəcək. Rusiya -Ukrayna arasında İstanbulda keçirilən danışıqların ikinci raundu nəticəsiz başa çatdı. Rusiya öz təkliflər memorandumunu təqdim edib. Rusiya Ukraynadan dörd vilayətdən imtina edilməsi və prezident seçilməsi şərti irəli sürülür. Burada atəşkəsi və sülhün üzərindən xətt çəkilən əsas tələb məhz Rusiyanın Ukraynadan öz ərazilərindən imtina edilməsidir. Ukrayna Rusiyanın bu təkliflərini qəbul etməyəcək. Həmçinin Qərbdə Rusiyanın bu şərtini alçaldıcı bir şərt olduğunu qəbul edir: “Əgər, Rusiya dörd regiondan Ukrayna qoşunlarının çıxarılmasını tələb edirsə, bu əraziləri Rusiya ərazisi kimi tanınmasını tələb edəcəksə, atəşkəs mümkün olmayacaq. Rusiya bu şərtini növbəti danışaqlarda gündəmə gətirəcəksə, Ukrayna danışaqlardan imtina edə bilər. Görünür, Rusiya Ukraynanın danışıqlardan imtina etməsinə çalışır.

Əgər, Rusiya Ukraynadan ərazilərdən imtina edilməsinin tələbini qüvvədə saxlayacaqsa, müharibə davam edəcək. Qərb kifayət qədər Ukraynaya ciddi hərbi dəstək verəcək. Yay aylarında müharibənin şiddətli şəkildə davam etməsi gözlənilir. Rusiyanın Ukraynaya qarşı növbəti raketlərlə hücum edəcəyi gözlənilir”.

Cavid