“Altılıq” Tehranı yola gətirə bilmir Dünya

“Altılıq” Tehranı yola gətirə bilmir

İran Cenevrə razılaşmasına xəyanət edir

Cavid

İranla "altılıq" ölkələri arasında nüvə müzakirələri çətin keçir. İSNA-nın verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı açıqlamasında bildirib. Bununla belə, o, hazırda danışıqlarda atmosfer yaxşı olduğunu deyib. Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında yekun nüvə razılaşmasının yazılması məqsədilə növbəti nüvə müzakirələri davam edir. Mayın 14-də İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında başlayan danışıqlar yekun razılaşmanın mətninin yazılması mərhələsinə daxil olub. Mayın 14 və 15-də M.C.Zərif və K.Eştonun rəhbərliyi altında iki görüş keçirilib. Eyni zamanda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə A. Əraqçı iki dəfə bir araya gəliblər. Bundan əlavə, mayın 15-də M.C.Zərif və K.Eşton arasında qapalı qapılar arxasında 3.5 saat davam edən təkbətək görüş baş tutub. Bu gün İran tərəfinin "altılıq" ölkələrinin bəziləri ilə ikitərəfli görüş keçirəcəyi qeyd olunur. Eyni zamanda A.Əraqçı və H.Şmidt üçüncü dəfə bir araya gələcəklər. Müzakirələrin bu gün başa çatacağı gözlənilir. Qeyd edək ki, İran və "altılıq" qrupunun nüvə ekspertləri bu məsələ ilə bağlı bir neçə dəfə dialoq aparıblar. Amma rəsmi Tehranın iki ayağını bir başmaqa dirəməsi vəziyyəti daha da gərginləşdirib. Elə buna görə, İran beynəlxalq sanksiyalara məruz qaldı. Sonradan tərəflər arasında Cenevrə razılaşması əldə olundu. Dünya bu razılaşmaya ümid bəsləyirdi, lakin İran nüvə silahından imtina etməyəcəyini bəyanlamaqla məsələni yenidən gərginləşdirdi. Xatırladaq ki, Cenevrədə imzalanan razılaşmanın maddələri iki hissəyə şamildir. Birincisi, İranın Agentlik ilə razılığa gəldiyi proqram çərçivəsində atdığı addımları ilə əlaqədardı ki, Tehran agentliklə müəmmalı görünən sualları cavablandırır. İkincisi müzakirəçi tərəflərin Cenevrə razılaşması çərçivəsində üzərlərinə götürdüyü öhdəliklərə sadiq qalmalarıdır. Tərəflərin üzərinə düşən öhdəliklərdən biri İrana qarşı qoyulan sanksiyaları ləğv etmək İranın dondurulmuş hesablarının müəyyən bir hissəsini azad etmək habelə Cenevrədə imzalanmış ilkin razılaşmanın maddələrinin həyata keçirildiyi zamanda İrana qarşı hər hansı bir yeni sanksiyanın qoyulmamasıdır. İran tərəfi qeyd edib ki, əgər ekspertlər səviyyəsində danışıqlar səmərəli olsa onda Cenevrə razılaşmasının maddələrinin həyata keçirilməsi tarixi dəqiqləşdiriləcək. Cenevrə razılaşması daimi bir anlaşmaya nail olmaq üçün bir başlanğıcdır və İran nüvə sahəsində heç bir ayrı-seçkilik olmadan və tam qanuni bir hüquqa malik olaraq agentliyin qanunları çərçivəsində özünün bütün adi fəaliyyətlərini o cümlədən nüvə yanacağına olan ehtiyacını təmin etməkdə uranı saflaşdırma fəaliyyətlərini davam etdirəcək. Bu zəmində aparılan danışıqlar hüquqi-texniki mərhələyə daxil olub, lakin İran və Altılıq qrupu arasında imzalanmış Cenevrə razılaşmasının maddələrinin həyata keçirilməsinin keyfiyyəti ilə əlaqədar elə məsələ mövcuddur ki, onun detalları dəqiq şəkildə mübahisə və müzakirə edilməlidir. Ona görə də bu danışıqlarda müəyyən irəliləyiş müşahidə olunmur. Müzakirələrdəki durğunluğun mühüm səbəblərindən biri iki tərəf arasında imzalanmış müvəqqəti nüvə razılaşmasının müxtəlif cəhətlərini dəyərləndirmələri olub. Cenevrə razılaşmasına əsasən İrana qarşı heç bir yeni sanksiya tətbiq edilməyəcək, İran 5 faiz zənginləşdirmə haqqına malikdir və eyni halda heç bir material, o cümlədən 20 faiz zənginləşdirilmiş uran İrandan xaric edilməyəcək. Həmçinin, İrana qarşı neft-kimya sanksiyaları götürüləcək. Bu arada məlum olub ki, Cenevrədə Zərif, Eşton və Kerri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların detalları məlum deyil. Eyni zamanda ABŞ İranla gizli danışıqlar apardığını təsdiqləyib. Reuters Agentliyinin məlumatına görə, danışıqlar zamanı İran və "altılıq" ölkələri arasındakı razılaşmaya yardım edən konseptlər hazırlanıb. Danışıqlar tamamilə məxfi olub və bundan ABŞ-ın regiondakı əsas müttəfiqi İsrailin də xəbəri olmayıb.
İranın "Jamejam online" qəzeti prezident Həsən Ruhaninin iki gün öncə Vyana şəhərində keçirilən nüvə danışıqlarını şərhini verib. O, qeyd edib ki, bütün xalqlar beynəlxalq hüquq qarşısında bərabərdir: "Bu ölkələrdən biri beynəlxalq hüquq qarşısında başqasından üstün deyil. İran xalqı heç vaxt diskriminasiya ilə barışmayıb və bu vəziyyəti heç vaxt qəbul etməyəcək. Eyni zamanda biz heç vaxt hər hansı qeyri-qanuni hərəkətlərə yol verməmişik". İran prezidenti qeyd edib ki, bir çox Qərb ölkələri Tehranla nüvə əməkdaşlığından qaçaraq vədlərinə əməl etməyiblər: "Birləşmiş Ştatlar, Almaniya, Fransa və başqa ölkələr heç vaxt bizə verdiyi vədləri yerinə yetirməyib. ABŞ öz vədini pozaraq reaktor üçün yanacaq çatdırmaqdan imtina etdi. Almaniya inqilabdan sonra Buşehr nüvə elektrik stansiyasının tikintisini dayandırdı. Fransa da həmçinin birgə əməkdaşlıq üzrə öhdəliklərindən yayınaraq bizə təmiz uranın alınması üçün lazım olan məhsulu vermədi. İran uranı yalnız reaktor yanacağı üçün zənginləşdirib. Biz demək olar ki, Şərq və Qərbin bütün ölkələrinə kömək üçün müraciət etmişik. İddia edirlər ki, İran İslam Respublikası məxfi şəkildə nüvə silahı hazırlayır. Bu iddialar təmiz uydurmadır. Əgər biz nüvə silahı gizli şəkildə əldə etmək istəsəydik, sentrifuqalar və başqa avadanlıqlar üçün rəsmi şəkildə başqa ölkələrə müraciət etməzdik. Biz dünyaya sübut etmək istəyirdik ki, bizim hədəfimiz hərbi deyil". İsrail isə inanmır ki, İranın hədəfi məhz sülh məqsədlərinə xidmət edən nüvə texnologiyasıdır. Rəsmi Təl-Əviv iddia edir ki, İran və "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında aparılan danışıqlar Tehrana nüvə silahı əldə etməsi üçün vaxt qazandırmaqdan başqa bir şey deyil. ABŞ isə hər addımında İsraili narahat olmamağa çağırır. Vaşinton "altılıq" - İran danışıqlarını narahatlıqla izləyən İsrail və Körfəz ölkələrinə növbəti dəfə səslənib. ABŞ-ın müdafiə naziri Çak Hegel isə çərşənbə günü Səudiyyə Ərəbistanında müttəfiqlərini sakitləşdirib: "Mən sizi iki məsələdə inandırmaq istəyirəm. Birinci, bu danışıqlarda regional təhlükəsizlik məsələsi heç bir halda ticarətin predmeti olmayacaq. İkinci, bizim diplomatik həllə üstünlük veririk, amma ABŞ İranın nüvə silah əldə etməməsi və razılaşmanın şərtlərinə riayət etməsi üçün bütün lazımı addımları atacaq". Qeyd edək ki, iki gün əvvəl Vyanada İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar keçirilib. Danışıqların əsas mövzusu İran və "altılıq" ölkələri arasında yekun sazişin hazırlanması olub. Diplomatik mənbələr tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasında irəliləyişin əldə olunduğunu bildirib. Bildirilir ki, yekun sazişin 20 iyul tarixinə qədər imzalanması mümkün ola bilər. Bu halda İrana qarşı tətbiq olunan sanksiyalar tədricən qaldırılacaq. Danışıqlarda irəliləyiş həm də Ukrayna böhranı ilə izah edilir. Məlumdur ki, Ukrayna böhranından sonra Avropa Birliyi Rusiyadan enerji asılılığının azaldılması ehtiyacını daha çox hiss etməyə başlayıb. İranın qaz ehtiyatları isə Avropanın bu istəyinin yerinə yetirilməsinə kömək edə bilər. ABŞ-ın yüksək vəzifəli bir məmuru isə yekun razılaşmanın hazır olması barədə mətbuatda yayılan informasiyaları təkzib edib. İran, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nümayəndələrinin bu həftə sənədin mətninin üstündə işə başladığını deyən məmur qeyd edib ki, bu, sənədin hazır olduğunu deməyə əsas vermir. O, qeyd edib ki, İranın uranın zənginləşdirilməsi üzrə gələcək fəaliyyətinin miqyası, uranın qarışıq metallardan təmizlənməsi üçün avadanlığın təkmilləşdirilməsi, sanksiyaların aradan qaldırılması templəri, razılaşmanın qüvvədə olacağı barədə məsələlər problem olaraq qalır. Bundan başqa, Vaşinqtonda hesab edirlər ki, İranın raket proqramı da yekun razılaşma paketinin tərkib hissəsi olmalıdır. Eyni zamanda, Rusiyanın "altılıq"dakı nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov son danışıqlarda iki məsələ üzrə razılaşma ehtimalının daha az olduğunu deyib. "Bunlardan biri İranın "Arak" nüvə zavodundakı ağır su reaktorudur. Qərb ehtiyat edir ki, ağır su reaktorundan plutonium bombasının yaradılması üçün istifadə edilə bilər. Digər bir məsələ isə MAQATE-nin nüvə obyektlərində yoxlamalar həyata keçirməsidir", - diplomat qeyd edib. Onun sözlərinə görə, danışıqların indiki mərhələsində hazır mətni gözləmək qeyri-realdır. İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçi bildirib ki, ölkəsi iyul ayına qədər razılaşmaya nail olmağa tamamilə hazırdır.