

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza başda olmaqla bölgəni qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını bu gün səhər saatlarından etibarən çox təhlükəli həddə çatdırdığını ifadə edərək İsrailin İrana hücumlarının beynəlxalq hüquqa məhəl qoymayan açıq bir təxribat olduğunu bildirib.
Xalqcəbhəsi.az “Haber Global”a istinadla bildirir ki, Ərdoğan, "İranın nüvə proqramı ilə bağlı danışıqların gücləndiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda həyata keçirilən bu hücumlar İsrailin qayda tanımayan zehniyyətini göstərir" deyib. O həmçinin Netanyahu rəhbərliyinin düşünmədən, təcavüzkar və qanunsuz hərəkətləri ilə bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışdığını bildirib və beynəlxalq ictimaiyyətin qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoyması lazım olduğunu vurğulayıb.
Türkiyə Prezidenti "Bütün bölgəmizi atəşə atan Netanyahunun və onun qətliam şəbəkəsinin hücumlarının qarşısı mütləq alınmalıdır. Bu gün bir daha bildiririk ki, Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik" deyib.
Ərdoğan “Türkiyə olaraq qonşumuz İrana qarşı törədilən mənfur hücumları lənətləyir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir, dost və qardaş İran xalqına başsağlığı veririk” deyə bildirib.