Avropanın “İŞİD-li” balaları Dünya

Avropanın “İŞİD-li” balaları

2012-ci ildən bu yana Avropada 5 min kişi, qadın və uşağın "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasına qoşulduğu bildirilir. Onlar ya islamçılarla birlikdə çiyin-çiyinə vuruşublar, ya da xilafətdə yaşayıblar. "The New York Times" qəzeti yazır ki, indi həmin şəxslər geri qayıtdıqca, Avropa hökumətləri daha çox qısamüddətli təhlükəsizlik məsələsinə diqqət ayırırlar, zərər görmüş uşaqların ehtiyacları gözardı olunur.
Məsələn, 2016-cı ilin əvvəlində anasıyla evlərinə qayıdan oğlan uşağı özünü birdən-birə elə bir mühitdə görür ki, ona həmin mühitə nifrət etmək aşılanıb, burada heç kəsə, heç nəyə inanmır. Anası isə məhkəmə qarşısına çıxarılır. Corc Vaşinqton Universitetinin Ekstremizm üzrə Proqramının əməkdaşı Daniel Koehler həmin ailəylə işləyib və oğlanın hekayətini də müəllifə o danışıb. "Ona elə gəlirdi ki, şeytan adamlarla əhatələnib. Bu uşaqlar daim stress altında yaşayıblar, onlara deyiblər ki, bunu eləməsən – bu kafiri öldürməsən, yanacaqsan, sənə işgəncə veriləcək, özünü cəhənnəmdə görəcəksən, anan cəhənnəmə gedəcək. Bu, daimi psixoloji işgəncədir", – o deyib.
Koehler həmin oğlanın Qərbi Avropada hansı ölkədə yaşadığını açıqlamayıb. 9 yaşlı bu oğlan məktəbə getdiyi ilk gün digər uşaqlara hücum edib. Koehler-dən onun məktəbə qaytarılması üçün reinteqrasiya strategiyası hazırlamağını istəyiblər.
Avropa Birliyinin Radikallığın Maarifləndirilməsi üzrə Şəbəkənin Təlim Mərkəzinin rəhbəri Omar Ramadan deyir ki, İŞİD ərazisində yüzlərlə avropalı uşaq var. Hökumətlər analarıyla birlikdə gedən uşaqların statistikasını toplayıb, ancaq bir məsələ var ki, İŞİD kontraseptləri yasaqlayır və qadının vəzifəsi gələcək əsgərlər doğmaqdır. İŞİD ərazisində doğulan uşaqların vətəndaşlığı olmur, İŞİD onlara doğum şəhadətnaməsi verir, ancaq heç bir ölkə onları tanımır.
4 yaşından məktəbə gedən "İŞİD-li" balalara qəddar kurikulumla dərs keçilir. "Adi hesab kitabında portağal və alma şəkilləri olan səhifədə hərbi tanklar və silahlar çəkilib", – Londonda yerləşən Henri Cekson Cəmiyyətinin aparıcı tədqiqatçısı Nikita Malik deyir. "Özəlliklə də oğlanların təhsil səviyyəsi onların özlərini zorakılığa alışdırmaq bacarığından asılıdır. Məsələn, uşaq açıq şəkildə gerçəkləşdirilən edam, yaxud qamçılama səhnəsinə baxır, ona deyilir ki, vurulan qamçıları saysın", – o söyləyir.
Qızlar 9 yaşına çatanda onlar üçün məktəb bitir və ərə verilməyə yetkin sayılırlar. Oğlanlar elə həmin yaşda hərbi təlimə başlayırlar, bundan da erkən yaşlarda təbliğat videolarında istifadə olunurlar. Bir videoda 4 yaşlı bir oğlan uşağı bir məhbusa silah tuşlayıb.
Kürd-alman psixoloq Jan Kızılxan İraqdan gələn azyaşlı əsgərləri və yezidi azlığından olan oğlanları müalicə edir. "Əsas problemlərdən biri aqressiyadır, daha sonra gecə qarabasmaları, yuxu, konsentrasiya, nevroloji problemlər gəlir", – o deyir. Dr. Kızılxanın fikrincə, bu uşaqlara təhlükəsizlik, sabitlik, oriyentasiya lazımdır.
Ancaq məsələ bundadır ki, hökumətlərin çoxunu həmin uşaqların təhlükəsizliyi deyil, dövlətin təhlükəsizliyi narahat edir. İŞİD ərazisində olmuş Fransa və Belçika vətəndaşları hər iki ölkədə terror hücumları gerçəkləşdiriblər. İndi bu hökumətlərin əsas işi keçmiş yaraqlılara nəzarət etməkdir. Bu məqamda uşaqlar, sadəcə, prioritet sayılmır.
Məqalədə qeyd olunur ki, İŞİD-dən qaçanlar da ölüm, yaxud ələ keçirilmə riskiylə üzləşirlər, onlar Türkiyəyə çatanadək yaraqlıların əlində olan ərazidən keçməli olurlar. Ancaq öz ölkələrinin konsulluğu və ya səfirliyinə çatanda hər hansı yardım ala bilirlər. Burada isə Suriya, yaxud İraqda doğulmuş uşağın milliyyəti təsdiqlənməlidir, bunu adətən DNT testiylə edirlər. Uşaqların çoxunun ataları və anaları fərqli millətlərdən olur və bu da potensial qəyyumluq məsələləri yaradır. Vətənə çatan uşağın valideynlərindən biri və ya hər ikisi həbs oluna bilər, bu zaman uşağın kimin himayəsində qalması məsələsi var. Üstəlik, uşaq təhsil sisteminə də qayıtmalıdır.
İŞİD Raqqa və Mosula nəzarəti itirdikcə qayıdanların sayının artacağı proqnozlaşdırılır və bütün bunlar Avropadakı uşaqlara yeni yanaşma tələb edir. "Müəllimlər və sosial işçilərə təlim keçilməli, məktəbə yenidən başlanması, uşağın qayğısına kimin daha yaxşı qala biləcəyinə dair aydın qaydalar hazırlanmalıdır. Ailənin şeytan obrazını yaratmaqdansa, uşağın qorunmasıyla bağlı siyasət hazırlanmalıdır", – məqalədə oxuyuruq.
Müəllif yazır ki, bu uşaqları bir az da təcrid etməkdən təhlükəli heç nə ola bilməz. Elə əvvəldə haqqında danışılan 9 yaşlı oğlanı da babası bağrına basıb. Sinif yoldaşlarına hücum çəkmiş oğlan sonradan babasıyla birlikdə əyləşib uşaqların necə oynamasına tamaşa ediblər, yəni onları düşmən deyil, dost kimi görüb. Bir illik nəzarətdən sonra oğlan yenidən bir uşaq kimi məktəbə qayıdıb.