

ABŞ-da yanğın baş verən və 3 mindən çox avtomobil daşıyan yük gəmisi Alyaska sahillərində batdı. Gəmidəki 1800 tondan çox yanacağın sızma potensialı olduğu bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, The New York Times qəzetinin ABŞ Sahil Mühafizəsinin açıqlamasına istinadən verdiyi xəbərə görə, "Morning Midas" adlı yük gəmisində 3 iyun tarixində yanğın baş verib.
Çin-Meksika səfəri həyata keçirən, Liberiya bayrağı altında üzən gəmidə baş verən yanğından sonra heyət təcili yardım çağırışı edib.
Yanğından bir həftə sonra yanğınsöndürmə və xilasetmə qrupları gəmiyə çata bilib.
YANĞIN SÖNDÜRÜLƏ BİLMƏDİ
Xilasetmə əməliyyatları çərçivəsində 22 nəfərlik heyət təxliyə olunub. Lakin gəmidəki yanğını söndürmək mümkün olmayıb.
3 həftə dənizdə sürüklənən "Morning Midas" bu həftənin əvvəlində Alyaskanın Adak şəhərindən təxminən 720 kilometr cənub-qərbdə çevrilərək batıb.
182 metr uzunluğundakı gəmi, göyərtəsindəki 3 min 48 avtomobillə birlikdə təxminən 5 min metr dərinliyə qərq olub.
Gəminin qeydiyyatda olduğu Londonda yerləşən "Zodiac Maritime" şirkəti hadisə ilə bağlı araşdırma başladıb.
MÜMKÜN SIZINTI
Hadisənin Şimali Sakit Okean bölgəsində dəniz naviqasiya təhlükəsizliyinə təsir edə biləcəyi, gəmidəki 1800 tondan artıq yanacağın sızma potensialına malik olduğu bildirilir.
ABŞ Sahil Mühafizəsinin Qərbi Alyaska və Arktik Region üzrə komandiri Kristofer Kalpepper verdiyi açıqlamada, “Mümkün çirklənmə əlamətlərinə qarşı müdaxilə üçün Zodiac Maritime şirkəti ilə yaxından işləyirik,” – deyə bildirib.
Yanğının gəmidəki elektrikli avtomobillərdən qaynaqlandığı iddia olunur.
Məryəm Quliyeva