

ABŞ-ın Arizona ştatının Finiks şəhərində bir körpənin anasının ölümündən sonra günlərlə onun cəsədi ilə təkbaşına evdə qaldığı müəyyən edilib. Polis, qonşudan gələn xəbərdarlıq əsasında mənzilə gedərək körpəni xilas edib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında polis ölümündən sonra günlərlə anası ilə tək qalan körpəni xilas edib.
CBS News kanalının xəbərinə görə, may ayında baş verən hadisə ilə bağlı rəsmilər cümə günü açıqlama yayıblar. Finiks polisi, 14 may tarixində bir qadının qonşusundan bir neçə gündür yeni doğmuş qonşusundan xəbər ala bilmədiyi barədə məlumat aldığını bildirib. Bu məlumat əsasında polis əməkdaşları qadının yaşadığı mənzilə gedib.
Polis Departamentinin paylaşdığı bədən kamerası görüntülərində, polis əməkdaşlarının mənzilin kilidsiz pəncərəsindən içəri baxaraq yerə yıxılmış bir qadını gördükləri əks olunur. Dərhal mənzilə daxil olan polis, yataqda zəifləyib gücdən düşmüş körpəni aşkar edərək onu xilas edib.Görüntülərdə polis əməkdaşlarından birinin körpəni diqqətlə pusətə yerləşdirdiyi və daha sonra başqa bir əməkdaşa təhvil verdiyi görünür.
Polisin açıqlamasına görə, Finiks Yanğından Mühafizə Xidmətinin əməkdaşları körpəni müalicə üçün xəstəxanaya aparıblar. Tamamilə sağalmasının gözlənildiyi bildirilib.Maricopa County Tibbi Ekspertizası qadının ölüm səbəbini araşdırır. Ölən qadının kimliyi isə hələlik ictimaiyyətə açıqlanmayıb.
Məryəm Quliyeva