Texasda sel fəlakəti: həyatını itirənlərin sayı 32-yə çatdı Dünya

Texasda sel fəlakəti: həyatını itirənlərin sayı 32-yə çatdı

ABŞ-ın Texas ştatında güclü yağışlar nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayının 32-yə yüksəldiyi bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, Kerr County Şerifi Lerri Leyta (Larry Leitha), ştatda böyük insan və əmlak itkisinə səbəb olan sel fəlakətindən sonra axtarış-xilasetmə işlərinin davam etdiyini, daşqınlarda 14-ü uşaq olmaqla 32 nəfərin həyatını itirdiyini açıqlayıb.

Leyta əlavə edib ki, hava yolu ilə müdaxilə nəticəsində bu gün 160-dan çox insana yardım göstərilib, ümumilikdə isə 8-i yaralı olmaqla 850 nəfər xilas edilib.

Rəsmilər qeyd ediblər ki, itkin düşənlərin dəqiq sayı hələ müəyyən edilməyib, uşaqlar üçün nəzərdə tutulmuş Camp Mystic adlı yay düşərgəsində 23-25 nəfərin hələ də itkin olduğu bildirilib.

ABŞ Prezidenti Donald Tramp, "Truth Social" platformasında etdiyi paylaşımda belə deyib:
"Tramp administrasiyası, dünən baş vermiş faciəvi sel fəlakətinə cavab olaraq Texasdakı ştat və yerli rəsmilərlə birlikdə işləyir. Daxili Təhlükəsizlik naziri Kristi Noem yaxın zamanda orada olacaq."

Məryəm Quliyeva