Moldova ABŞ-dən ixrac rüsumlarını təxirə salmağı xahiş edib Dünya

Moldova ABŞ-dən ixrac rüsumlarını təxirə salmağı xahiş edib

Moldova ABŞ-nin ticarət nümayəndəsindən mallarına 25 % rüsumun tətbiqini təxirə salmağı və xüsusi ticarət şərtlərini müzakirə etməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə Moldova İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Dövlət katibi Kristina Çeban “Radio Moldova”nın efirində bildirib.

“Biz Amerika tərəfi ilə mümkün ikitərəfli razılaşma və ya anlaşmaları müzakirə etmək üçün güzəşt müddəti, bu tariflərin tətbiqinə başlanması üçün daha uzun müddət istədik”, - o deyib.

Çebanın sözlərinə görə, ABŞ Moldovanın xüsusiyyətlərini və ikitərəfli ticarət dövriyyəsinin aşağı səviyyəsini nəzərə almalıdır. O, rüsumların şərab istehsalçılarına, şirə və digər ərzaq məhsulları ixracatçılarına mənfi təsir edəcəyini vurğulayıb.

Daha əvvəl Moldova planlaşdırılan tarifi 31 %-dən 25 %-ə endirməyə nail olub. Ötən il ABŞ Moldovanın ticarət tərəfdaşları arasında 14-cü yeri tutub, ABŞ-yə ixrac isə 40 % azalıb.