Mərsin və Hataydakı meşə yanğınları davam edir Dünya

Mərsin və Hataydakı meşə yanğınları davam edir

Türkiyənin Mərsin şəhərinin Silifke rayonunda ötən gün 3 yerdə meşə yanğını baş verib. Ehtiyat tədbiri olaraq Işıklı, Kırtıl, İmamuşağı, Balandız, Akdere və Çamlıca məhəllələrində 984 evdən 1864 nəfər təxliyə edilib. Qruplar yanğının üçüncü günündə də alovla mübarizəni davam etdirir.

Anamur rayonunun Korucuk məhəlləsində ötən gün baş verən meşə yanğını da davam edir. Ovabaşı məhəlləsi ehtiyat tədbiri olaraq boşaldılıb, qruplar həm havadan, həm də qurudan yanğınla mübarizəni davam etdirir.

Hatayın Hassa və Yayladağı rayonlarında da meşə yanğınları davam edir.
Ötən gün Hassanın Eğribucak məhəlləsinin Seyranyeri Yaylası ərazisində meşə yanğını baş verib. Alov sürətlə geniş əraziyə yayılıb. Bölgədə iki məhəllədə 1115 nəfər evlərindən təxliyə edilib. Üçüncü gününə keçən meşə yanğınına bir gecədə 259 texnika və 592 canlı qüvvə ilə müdaxilə edilib. Bu gün səhər saatlarında təyyarələr yanğınsöndürmə işlərinə qoşulub.

Həmçinin Yayladağında iki ayrı yerdə baş verən meşə yanğınları artıq ikinci günündədir. Gecə ərzində rayonun Çaksına məhəlləsində baş verən yanğına 78 maşın və 159 şəxsi heyət, Suriyanın Kesep bölgəsindən yayılan yanğına isə 54 maşın və 192 personal müdaxilə edib.

Günün aydınlanması ilə təyyarələr də yanğınsöndürmə işlərinə qoşulub.