NATO Ukraynaya hərbi yardım göndərdi Dünya

NATO Ukraynaya hərbi yardım göndərdi

Ukrayna Təhlükəsizlik Şurasının katibi: "NATO-dan göndərilən hərbi yardımın bir hissəsi artıq Ukrayna sərhədindədir"
"NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq"

"NATO ölkələrinin Ukraynaya göndərdiyi hərbi yardımın bir hissəsi artıq ölkəmizin sərhədlərindədir". UNİAN agentliyinin xəbərinə görə, bunu NATO-nun mənzil-qərargahında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. "Dəbilqələr, zirehli gödəkçələr, gecə görmə cihazları, ilkin tibbi yardım ləvazimatları və NATO ölkələrindən göndərilən digər zəruri avadanlıqları artıq Ukrayna sərhədinə çatıb və bir neçə günə Ukrayna ordusuna təhvil veriləcək", - deyə A. Parubiy söyləyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi müharibə metodları ölkənin müdafiə sektorunun islahatını tələb edir: "Rusiyanın bizə qarşı apardığı yeni müharibə metodları - ordu ilə yanaşı diversiya qruplarından, kriminal ünsürlərdən istifadə edilməsini, informasiya müharibəsinin aparılmasını ehtiva edən "hibrid müharibə" tələb edir ki, biz müdafiə sektorumuzun yenidən qurulmasını və islahatını həyata keçirək. Məhz bu mövzu NATO-da apardığımız danışıqların əsas hissəsini təşkil etdi".
A. Parubiyin sözlərinə görə, NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq. O, Rusiya qoşunlarının hələlik Ukrayna sərhədlərindən geri çəkilmədiyini vurğulayıb: "Belə görünür ki, Rusiya ordusu çox intizamsızdır, çünki Putin artıq üçüncü dəfədir onlara geri çəkilməyi əmr edir, lakin onlar heç cür geri çəkilmirlər. Əslində isə bu, dünya ictimaiyyətini aldatmaq məqsədi güdür".
Qeyd edək ki, mayın 19-da Brüsseldə NATO-Ukrayna işçi qrupunun iclası keçirilib.
ABŞ Dövlət Departamenti isə rus qoşunlarının Ukrayna ilə həmsərhəd bölgələrdən çıxarılması ilə bağlı Moskvadan verilən bəyanatların doğru olmadığını açıqlayıb.
"ABŞ rus qoşunlarının Ukrayna sərhədindən uzaqlaşdırıldığına dair sübutlara malik deyil. Bu durum narahatlıq doğurur". "Azadlıq Radiosu"nun məlumatına görə, bunu ABŞ dövlət departamentinin mətbuat katibi Cen Psaki deyib.
Rus qoşunlarının həmsərhəd bölgələrdən çıxarılmasına dair məlumatların ötən həftə də yayıldığını deyən C.Psaki bunun əlamətlərinin bu vaxtadək müşahidə edilmədiyini vurğulayıb.
"Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə cəmləşdirməsi ABŞ-ın böyük narahatlığına səbəb olur. Rəsmi bəyanatlara rəğmən hər hansı dəyişikliklər görmürük", - deyə o vurğulayıb.
Bu arada Ukraynanın ən zəngin iş adamı Rinat Əhmədov fəhlələri separatçılığa qarşı xəbərdarlıq tətili keçirməyə çağırıb. Rinat Əhmədov "Ukraina" telekanalının efirində təcili bəyanatla çıxış edib. O, insanların qorxu içində yaşamaqdan yorulduğunu vurğulayıb: "Bu gün Mariupol sakinləri sülh marşı keçirmək istəyib. Mənə dedilər ki, 50 min dən çox adam aksiyaya çıxmağa hazırlaşır. Təkcə Mariupol şəhərində bu qədər adam küçələrə çıxmaq niyyətindədir, bütün Donbassda isə belələrinin sayı milyonlarladır. Niyə? Çünki insanlar qorxu və terror şəraitində yaşamaqdan, küçəyə çıxanda gülləyə tuş gəlməkdən yorulub. İndi Donbassda avtomatlar və qumbaraatanlarla gəzirlər, şəhərlərdə quldurluq, soyğunçuluq hökm sürür. Məgər dinc həyat belə olur? Belə vəziyyətdə güclü iqtisadiyyat, layiqli iş və layiqli əməkhaqqı necə mümkün ola bilər? Mən hər kəsə söyləmək istəyirəm: Bizi qorxutmaq və dayandırmaq mümkün deyil! Heç kim, o cümlədən özünü hansısa Donetsk respublikası elan edənlər bunu bacarmayacaq. "Donetsk respublikası"nın liderlərini axı kim tanıyır? Onlar Donbass üçün nə ediblər? Heç nə. Onlar əslində Donbassa qarşı mübarizə aparır. Bu, Donbassa qarşı soyqırımdır".
Rinat Əhmədov bölgənin əmək kollektivlərini xəbərdarlıq tətilinə çağırıb: "Mən bütün əmək kollektivlərini öz iş yerlərində xəbərdarlıq aksiyasına səsləyirəm. Aksiya Donbassın bütün müəssisələrində günorta fit səsi ilə başlayacaq. Nə qədər ki, sülh əldə olunmayıb, hər gün saat 12.00-da bütün Donbassda bu cür fit səsi eşidiləcək".
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərində gərginliyin başladığı gündən bəri Rinat Əhmədov ilk dəfədir ki, separatçılığa qarşı konkret addımlar atır. Bölgənin ən güclü adamı olan məşhur iş adamının bu mövqeyi separatçılara qarşı sarsıdıcı zərbə kimi qiymətləndirilir.