Gürcüstanda yüz minlərlə insan yoxsulluq içində yaşayır Dünya

Gürcüstanda yüz minlərlə insan yoxsulluq içində yaşayır

Gürcüstanda hər 3 nəfərdən biri özünü kasıb hesab edir, hər 5 nəfərdən biri isə sosial yardım alır.

Gürcüstan mətbuatı xəbər verir ki, bu, Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin iyul ayına dair son statistikası məlumatlarında öz əksini tapıb.

Belə ki, agentliyin iyul ayına olan məlumatına görə, Gürcüstanda 707 min 817 nəfər sosial yardım alıb. Onlardan 466 min 506 nəfər yalnız sosial yardım alanlardır, 241 min 311 nəfər isə dövlətin məşğulluğa dəstək proqramının iştirakçılarıdır. Bu şəxslərə 4 il ərzində sosial cəhətdən həssas statusu zəmanətli şəkildə saxlanılır.

Beləliklə, Gürcüstanda hər 5 nəfərdən biri sosial yardım alır.

Eyni zamanda, cari ilin iyul ayına olan məlumata əsasən, Sosial Xidmətlər Agentliyinin bazasında qeydiyyatda olanların sayı 1 milyon 298 min 660 nəfərdir. Yəni onlar özlərini kasıb hesab edir və yardıma ehtiyac duyurlar. 2024-cü ilin iyulunda isə bu rəqəm 1 milyon 249 min 543 nəfər idi.

Milli Statistika Xidmətinin məlumatına əsasən, hazırda Gürcüstanda 3 milyon 704 min 500 nəfər yaşayır.

Cavid