
Fransa-Azərbaycan əlaqələri: Paris reallığı qəbul edir
22 Oktyabr 23:43
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhər meriyasının yeddi əməkdaşı Antikorrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıb. V.Qukasyan və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb.
Bildirək ki, 2025-ci ilin aprelində Gümrünün meri seçilən Vardan Qukasyan hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır. V.Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib.
Bu proseslər nəyə hesablanıb?
“Bu qədər böyük əməliyyatın keçirilməsi təsadüfi deyil”
Politoloq Asif Nərimanlı söyləyib ki, Vardan Qukasyanın həbsi Ermənistanın daxili siyasətində hakimiyyətin müxalifətə qarşı mübarizəsinin bir hissəsidir: “Qukasyan bir şəhərin meridir, şəhərin merinə qarşı bu qədər kütləvi və böyük şəkildə hücum edilməsi, bu qədər böyük əməliyyatın keçirilməsi təsadüfi deyil. Burada bir neçə amilə diqqət yetirmək lazımdır. Birincisi, Qukasyan revanşistlərin - Köçəryanın, Sarkisyanın dəstəsində yer alırdı. Yəni müxalif dəstədə idi. Son vaxtlar İrəvanda və bir çox bölgələrdə daha zəif görünən müxalifət Qukasyanın timsalında Gümrüdə güclənməyə başlamışdı. Yəni Gümrü şəhəri Ermənistan müxalifəti üçün bir növ dayaq nöqtəsinə çevrilmişdi”.
Paşinyan hakimiyyəti üçün ciddi təhlükələr
A.Nərimanlının bildirdiyinə görə, əgər düşünsək ki, seçkidən öncəki dövrdə ölkədə daxili çaxnaşma yaratmaq imkanı olacaqdısa böyük ehtimal bu, Gümrüdən başlanacaqdı: “Gümrü də kifayət qədər böyük şəhərdir və orada mərkəzi hakimiyyətə tabe olmamaq və yaxud da müxalifətin siyasi kampaniyasının bir hissəsinə çevrilməsi, yəni Gümrünün mərkəz kimi seçilməsi bu, Paşinyan hakimiyyəti üçün ciddi təhlükələr yaradacaqdı. Əslində, Qukasyanın verdiyi açıqlamalar, sərgilədiyi mövqe bunu açıq şəkildə ortaya qoyurdu. Xüsusən seçkiyə böyük şəkildə hazırlıq gedirdi və Gümrü müxalifət üçün mərkəzə çevrilmişdi”.
Rusiya faktoru
Politoloq vurğulayıb ki, digər bir amil isə Rusiya faktorudur: “Rusiya bilir ki, Gümrüdə 102-ci baza Rusiyanındır və Gümrü şəhəri Rusiya üçün də Ermənistanın daxili siyasətinə müdaxilə üçün əsas mərkəzlərdən biri rolunu oynayır. Görünür, Paşinyanın hakimiyyətində belə bir risklər haqqında da düşünürlər ki, əgər 2026-cı il seçkilərindən öncə Rusiya hakimiyyətə qarşı hər hansı bir siyasi sui-qəsd planı həyata keçirmək istəyəcəksə, bu, Gümrüdən olacaq. Hətta daha öncəki dövrdə belə zaman-zaman Ermənistanın revanşist mediasında Rusiya hərbi bazasının proseslərə müdaxilə imkanları haqqında müzakirələr aparılıb. Yəni Rusiya Paşinyan hakimiyyətini devirmək üçün praktiki müstəvidə addım atmaq istəyəcəksə, bu atılacaq addımlardan biri məhz Gümrüdə 102-ci bazanın aktivləşdirilməsi və Gümrünü mərkəz kimi seçərək hakimiyyətə qarşı mübarizəni oradan aparmaqdır. Belə bir ssenari hər zaman aktual olub”.
“Qukasyana qarşı keçirilən əməliyyat buna hesablanıb”
O hesab edir ki, Gümrü şəhərinin merinin bu cür neytrallaşdırılması da buna hesablanıb: “2026-cı il Parlament seçkilərindən öncə bu formada sıradan çıxarmaq istiqamətində addım atırlar. Bir məsələni qeyd edim ki, buna misal kimi, daha öncə Gümrüdə 102-ci bazaya qarşı Paşinyanın tərəfdarları etiraz aksiyası keçirdilər və aksiyalara alternativ olaraq məhz Vardan Qukasyanın təşkilatçılığı ilə Rusiyaya dəstək aksiyası keçirildi. Yəni bunun özü belə Gümrüdə ciddi bir ictimai qarşıdurmanın olduğunu deməyə əsas verir. Həm də Gümrünün qarşıdakı seçkilərdə Ermənistan hakimiyyətinə qarşı əsas mübarizə mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Hesab edirəm ki, Qukasyana qarşı keçirilən əməliyyat buna hesablanıb”.
“Paşinyan hakimiyyətini möhkəmləndirir”
Paşinyanın öz hakimiyyətini möhkəmləndirdiyini bildirən politoloq Rizvan Hüseynov qeyd edib ki, Gümrü şəhəri və ətraf daha çox Rusiyadan aslıdır: “Gümrüdə Rusiyanın 102-ci bazası yerləşir və Gümrü əhalisinin böyük bir qismi o bazanın qulluğundadır. Ora məhsul satır, xidmət edir. Rus xüsusi xidmət orqanları orada güclüdür deyə seçkilərdə də rusmeyilli Vardan Qukasyan və onun ətrafı qalib gəlmişdi və Qukasyan mer oldu. Bəlli idi ki, Paşinyan buna dözməyəcək”.
“Rusiya bu savaşda uduzdu”
O əlavə edib ki, indi rus-erməni münasibətlərində gərginlik səngiyir və Paşinyan Düşənbədə Putinlə görüşündən sonra öz istədiyinə nail olub: “Moskva, Kreml öz agentlərini dəyər-dəyməzə satır. Rusiyanın etirazı olmadı deyə Paşinyan ölkəyə qayıdandan sonra dərhal korrupsiya məsələsi ilə bağlı əmr verdi, Gümrünün merini və bir neçə yuxarı vəzifəli əməkdaşları həbs etdilər. Gümrü Türkiyə-Ermənistan sərhədlərində yerləşir. Ona görə Paşinyan üçün bu istiqamətləri tam nəzarətə götürmək vacib idi. Rusiya üçün də öz agentlərini saxlaması cəhətdən bu ərazi vacibdir. Görürük ki, Rusiya bu savaşda uduzdu”.
“Bir sıra suallar var”
Politoloq Aytən Qurbanova söyləyib ki, rəsmi qurumlar bu addımı korrupsiyaya qarşı mübarizənin bir hissəsi kimi ifadə edirlər, ancaq Qukasyanın siyasi kimliyi nəzərə alındıqda bir sıra suallar yaranır: “Belə ki, o, mer seçildikdən sonra çox qısa müddət ərzində hakimiyyətə qarşı kəskin çıxışları ilə ön plana çıxmağa başlayıb. Qukasyan xüsusilə Ermənistanın Türkiyə ilə yaxınlaşma siyasətini tənqid edərək Paşinyan administrasiyasını milli maraqlara zidd fəaliyyət göstərməkdə ittiham edir. Məhz bu baxımdan yanaşdıqda bu həbslər cəmiyyətdə siyasi motivli addım kimi dəyərləndirilir”.
“Bu addımlar Paşinyan administrasiyasına inamı zəiflədə bilər”
A.Qurbanovanın sözlərinə görə, əgər ittihamlar həqiqətə uyğundursa, bu, hüquqi baxımdan ciddi və obyektiv şəkildə sübut olunmalıdır: “Əks halda, bu addımlar seçkilərə çox az müddət qaldığı dövrdə Paşinyan administrasiyasına olan inamı kifayət qədər zəiflədə bilər. Nəticə etibarilə, Gümrüdə baş verən hadisə Ermənistan üçün yalnız hüquqi yox, həm də siyasi sınaq dövrü kimi nəzərdən keçirilməlidir. Çünki bu prosesin nəticəsi ölkənin daxili sabitliyi və beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət kəsb edə bilər”.
Röya İsrafilova