“Gərginliklər parlament seçkilərinə doğru artacaq” Dünya

“Gərginliklər parlament seçkilərinə doğru artacaq”

“Gələn il iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və həmin tarix yaxınlaşdıqca Nikol Paşinyana qarşı gərginliklərin daha da artacağı gözləniləndir. Xüsusilə revanşist qüvvələrin fəallaşması, eləcə də ‘Qarabağ krallığının’ liderləri sayılan Robert Koçaryan və Serj Sarkisyanın proseslərə aktiv şəkildə qoşulması ehtimal olunur. Onlar bütün imkanlarla parlament seçkilərində Paşinyan üzərində üstünlük qazanmağa çalışacaqlar".

Bunu politoloq Cavanşir Abbaslı Xalqcebhesi.az-a açıqlamasında söyləyib.

Politoloqun sözlərinə görə, hazırda müşahidə edilən qarşıdurmalar da həmin kateqoriyaya daxildir, lakin nəticə verəcək gücdə deyil: “Paşinyanın nüfuzu II Qarabağ müharibəsindən sonra müəyyən qədər azalsa da, rəqibləri ilə müqayisədə yenə də seçkilərdə qələbə qazanmağa yetir. Bütün bu proseslərin fonunda Kreml amili yenidən ön plana çıxır.Uzun müddət Moskva revanşistləri dəstəkləməklə Paşinyana təzyiq etməyə çalışırdı. Zaman keçdikcə onların Paşinyanı devirməyə gücünün çatmadığı aydın oldu. Buna görə də indi alternativ olaraq katolikos II Qareginlə Paşinyan arasındakı gərginliyi körükləməyə cəhd edirlər. Paşinyan müəyyən təzyiqlərlə üzləşəcək, lakin proseslərin onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcəyi real görünmür".

Günel Elxan