13:49
455
İran məhkəməsi 2022-ci ildə İranda baş verən etirazlardakı rolu səbəbindən ABŞ-ı 22 milyard dollar məbləğində cərimələyib.
APA İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin sözçüsü Əsğər Cahangir danışıb.
O bildirib ki, İran İslam İnqilabından sonrakı çoxsaylı cinayətlərdə ABŞ dövlətinin izi açıq-aydın görünür. Əsğər Cahangirin sözlərinə görə, 2022-ci ilin payızında bir qadının ölümü ilə bağlı olaraq, ABŞ hökuməti və İsrail də daxil olmaqla bəzi dairələr ictimai hisslərdən sui-istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışdılar ki, bu da çoxsaylı ölüm hallarına və insanların ciddi zərər görməsinə səbəb oldu.
“Bu iğtişaşlarda şəhid və qazilərin ailələrindən olan 307 nəfər ABŞ hökumətinə, həmin ölkənin dövlət və hərbi rəsmilərinə, həmçinin onlara bağlı olan təxribatçılara qarşı hüquqi iddia qaldırdı. İş Şəhid Beheşti Məhkəmə Kompleksinin Beynəlxalq Əlaqələr üzrə 55-ci Ümumi Hüquq Məhkəməsində araşdırıldı və hökm çıxarıldı.” ədliyyə nazirliyinin sözçüsü bəyan edib.
O bildirib ki, məhkəmə qərarı nəticəsində Amerikanın İrana 22 milyard dollar ödəməsi barədə hökm elan olunub.
Qeyd edək ki, 2022-ci ildə Məhsa Əmininin polis məntəqəsində həyatını itirməsindən sonra İranda “qadın, həyat, azadlıq” şüarı altında etiraz aksiyaları keçirilib.