“İran artıq qamçıdan da bezib, şallaqdan da” Dünya

“İran artıq qamçıdan da bezib, şallaqdan da”

Elşən Həsənov: "Günün reallığı İranı dünyada praqmatizmə meylli olmağa vadar edir"
Aqil Camal: "İranda prezident səviyyəsində verilən belə bəyanatlara ciddi yanaşmağın tərəfdarı deyiləm"
Hakim Sadiqli: "Buna bənzər bəyanatların Hatəmi dönəmindədə şahidi olmuşduq"

İran prezidenti Həsən Ruhani Tehranda "Ümumi sağlamlıq sığortası" adlı toplantıdakı çıxışında insanlarla davranış zamanı Məhəmməd peyğəmbərdən örnək götürməyə çağırıb. Həsən Ruhani deyib: "Gəlin, insanların şəxsi həyatına bu qədər müdaxilə etməyək, onları sıxışdırmayaq. Niyyətimiz nə qədər yaxşı olsa da, gəlin, bunu etməyək. İmkan verək ki, insanlar mənəvi baxımdan sağlam olsunlar. İmkan verək ki, insanlar cənnətin yolunu özləri seçsinlər. Qamçı və şallaq gücünə insanları cənnətə göndərmək olmaz. Bu işdə islam peyğəmbəri Həzrət Məhəmmədi nümunə götürməliyik. İslam peyğəmbərinin şallağı yox idi. O, əlinə qamçı almazdı. O, sadəcə olaraq insanlara ümid verər, onlara haqq yolunu göstərərdi. Axı, nəyə görə biz müxtəlif və əsassız bəhanələrlə ən kiçik məsələlərə görə yerli-yersiz insanların şəxsi həyatına, şəxsi işinə qarışmalı, onları sıxışdırıb özümüzdən incik salmalıyıq? Gəlin imkan verək ki, onlar şəxsi həyatlarında özlərini rahat hiss etsinlər".
Ruhaninin bu açıqlamasını İran rejimində düşüncə dəyişikliyi hesab etmək olar, yoxsa növbəti blefdir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirdi ki, İran artıq qamçıdan da bezib, şallaqdan da: "Günün reallığı İranı dünyada praqmatizmə meylli olmağa vadar edir. Ruhani bu sözləri deyərkən təbii ki, İranda daxili vəziyyəti nəzərə alıb, sosial sifarişin daha çox nələri əhatə etdiyini kəlmələrdə ifadə edib. Mən şəxsən İranda olarkən orada toyda çəkilmiş kassetlərə baxmalı oldum. Sizi inandırım ki, belə açıq-saçıq toy bizdə olsaydı ən loyal adam belə buna biganə qala bilməz, iradlarını bildirərdi. Bütün bunların qarşısını təbii ki, zor işlətməklə almaq da olmaz və yəqin belə halların artıq kütləvi şəkil alması, çıxışdan göründüyü kimi vəziyyətlə barışma mövqeyinin sərgilənməsinə səbəb olur".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal "problem burasındadır ki, İranda ölkənin ictimai-siyasi, mənəvi-psixoloji vəziyyətini prezident müəyyənləşdirmir",- deyə bildirdi: "Əgər, belə olsaydı, Həsən Ruhaninin prezident seçildikdən sonra etdiyi bir sıra çıxışları, müəyyən jestlərini İran cəmiyyəti üçün gələcəyə hesablanmış yenilik saymaq mümkün idi. Amma təcrübə göstərir ki, bu kimi proqressiv addımlar yalnız islahatçı prezidentlərin səlahiyyət sahibi olduğu dövrdə aktual olur. Növbəti seçkidə qəflətən bir mühafizəkar prezident gəlir, sələfinin az-çox ortaya qoyduğu müsbət meylləri aradan qaldırır. Biz bunu Hatəmidən sonra Mahmud Əhmədnejadın dövründə gördük. Ona görə də, mən İranda prezident səviyyəsində verilən belə bəyanatlara ciddi yanaşmağın tərəfdarı deyiləm. Əgər, ölkənin faktiki rəhbəri - ali dini lider söyləsəydi, bu başqa məsələ...".
Bütöv Azərbaycan Ocaqları Məşvərət Məclisinin üzvü, Hakim Sadiqli vurğuladı ki, bu, növbəti blefdir: "Çünki Ruhaninin bu sözləri heç bir dəyişiklik yaratmayacaq və sözden başqa bir şey deyil. İranın qanunları elədirki orada əsas söz sahibi dini lider Əli Xameneyidir. Prezident ancaq xarici səfərlər etmək, görüşlər keçirməyə yarayır. Buna bənzər bəyanatların Hatəmi dönəmindədə şahidi olmuşduq. O zamanda dəyişən bir şey olmadı".

Əli