10:02
553
Avropa İttifaqı Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların yenidən başlanmasını hələlik planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ankaraya səfəri ərəfəsində bildirib.
“Ankaraya səfərimin məqsədi etimadın bərpası və iqtisadi münasibətlərimizi hər iki tərəf üçün daha faydalı etməyin yollarını tapmaqdır”, – deyə Kos Avropanın Politico nəşrinə açıqlamasında bildirib. Avrokomissar əlavə edib ki, Aİ Türkiyə ilə münasibətlərə “yeni baxış bucağından yanaşmalıdır”, lakin üzvlük danışıqlarının yenidən başlanması gündəmdə deyil.
Kosun sözlərinə görə, səfərin əsas məqsədi “Türkiyə ilə möhkəm tərəfdaşlıq münasibətlərinin qurulmasıdır”. Onun fikrincə, “Ukraynada sülh Avropadakı reallıqları, xüsusilə də Qara dəniz regionunu dəyişəcək”, bu baxımdan Ankara Brüssel üçün “çox vacib tərəfdaşa” çevriləcək. Bundan əlavə, Avropa Komissiyası cümə günü Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqaz ölkələri ilə “regionlararası qarşılıqlı əlaqə proqramının irəlilədilməsi” mövzusunda araşdırma təqdim etməyi planlaşdırır. Sənəddə regionlar arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün hansı investisiyaların tələb olunduğu da göstəriləcək.
Türkiyənin Aİ yanında səfiri Yaprak Balkan isə qəzetə müsahibəsində ölkə ilə birlik arasındakı münasibətlərin “ortaq maraqlara əsaslanacağına” ümid etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyənin Aİ-yə üzvlüyü bu münasibətlərin “yol göstərən ulduzu” olaraq qalır.
Digər tərəfdən, Yunanıstan və Kipr Ankaranın müəyyən güzəştlər etmədən Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxırlar. Aİ nümayəndəsinin sözlərinə görə, Kipr öz gəmilərinin Türkiyə limanlarına daxil ola bilməsini tələb edir.
Məryəm Quliyeva