Moskva siyasi ambisiyalarını genişləndirəcək Dünya

Moskva siyasi ambisiyalarını genişləndirəcək

"Rusiya, Türkiyə və İran Suriyanın gələcək siyasi arxitekturasını müəyyənləşdirmək istəyir. Putin-Ərdoğan, Putin-Ruhani və digər formatlarda görüşlərin intensivliyi məhz bu məqsədlərlə bağlıdır".
Bu sözləri Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşünün siyasi əhəmiyyəti barədə danışan millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Rusiya və Türkiyə arasında Suriyanın gələcək taleyi ilə bağlı çox mühüm qərarlar verilməkdədir:
"Suriyanı viranəyə çevirən bu savaşın müəyyən bir postkonflikt dövrünə qərar verilməsi istənilir. Ancaq İŞİD-in baş qərargahının yerləşdiyi Rakkanın ABŞ-ın himayə etdiyi kürd yaraqlıları tərəfindən tutulmasına baxmayaraq, təşkilatın tam ölümü elan edilməyib, xilafətin bayrağını qaldıranların ən azı 6-8 min hissəsi müxtəlif dəhlizlər qarşılığında Suriyanın müəyyən şəhərlərini tərk ediblər. Onların növbəti ünvanının hara olacağı isə artıq qlobal terror üzərindən dünyanı bölən dövlətlərin işidir. İndiki reallıqda Rusiya, Türkiyə və İran Suriyanın gələcək siyasi arxitekturasını müəyyənləşdirmək istəyir. Putin məhz bundan istifadə edərək Vyetnamda ayaqüstü də olsa, amerikalı həmkarı ilə danışmaqla, həmçinin ABŞ-ın "Suriyanın bütövlüyü pozlumazdır" tezisini bu ölkə ilə bərabər qəbul etməklə Suriyanın bölünməzliyini təsbit etməyə çalışdı. Ancaq İran və Türkiyənin maraqlarını da cəlb etdiyi təqdirdə Rusiya Suriya davasından tamamilə qalib çıxmağa çox yaxındır".
Millət vəkili xüsusilə vurğulayıb ki, proseslər hər an çevrilə bilər:
"Yaxın Şərq əməliyyatlarına son 20 ildə 3 trilyon dolların xərcləndiyi haqda məlumatlar əsassız deyil. Çünki müharibənin iqtisadi bazasını təmin edən qüvvələr və bundan qazananlar mövcuddur. Eyni zamanda, külli miqdarda da vəsaitlər xərclənir. Çox təəssüf ki, vətəndaşların ödədiyi pullar bu cür beynəlxalq vəhşətə, xalqların qanının tökülməsinə yönəlir. Ancaq Rusiyanın 2015-ci ildə hərbi qüvvələrini gerçək bir şəkildə bu əməliyyata qoşması ümumən Yaxın Şərqin gələcək həyatında köklü bir dəyişikliyə yol açdı. 2011-ci ildən başlayan ərəb baharı və Tunis inqilabı fonunda bir-birinin ardınca yıxılan siyasi rejimlərin qarşısı həm də Rusiya vasitəsilə alındı. Rusiya həmin hərbi teatra daxil olmaqla bir çox Qərb koalisiyalarının planlarını pozdu və bu üzdən Avropa paytaxtları Moskva əleyhinə sanksiyaları dərinləşdirir. Açıqcası, bunun əsas səbəblərindən biri də Rusiyanın Yaxın Şərqdə Qərbi məğlub etməsidir".
Millət vəkilinin sözlərinə görə, Moskvanın bundan sonra siyasi ambisiyalarını genişləndirəcəyi və beynəlxalq münasibətləri tamamilə öz xeyrinə dəyişdirmək üçün şərtlərini diqtə edəcəyi düşüncələri real görünür:
"Çünki SSRİ-dən sonra avroatlantik dairələr tərəfindən yeni bir qütb arzuolunan deyil. Ona görə də Rusiya Türkiyənin Qərb və NATO ilə münasibətlərinin pisləşməsindən maksimum dərəcədə istifadə edir. Çünki Avrasiya qitəsində bu dövlətirn regional iqtisadi-siyasi çəkisi həddindən artıq böyükdür. O biri yandan İranla Türkiyəni yalnız Rusiya vasitəsilə hansısa formatda bir regionun gələcəyi ilə bağlı prosesdə iştiraka razı salmaq olar. Belə demək mümkündürsə, II Dünya savaşından sonra Almaniyanın taleyini həll edən, ikinci cəbhəni açan Qərb koalisiyası və qalib Sovetlər Birliyi masa arxasına əyləşmişdisə, indiki reallıqda Rusiya, Türkiyə və İranın Suriyanın gələcəyi ilə bağlı bir yol xəritəsini qəbul etməsi tamamilə mümkündür. Bundan sonra yəqin ki, rəsmi Ankara əleyhinə təxribatların hətta terror vasitəsilə müşayiət edilməsi artacaq, Səudiyyə ilə İranın münasibətlərini pisləşdirmək üçün yeni həmlələr meydana çıxacaq. Maksimum dərəcədə bu üçbucağı pozmaq, Əsədlə Ərdoğan, Əsədlə Ruhani, Əsədlə Putin arasında formalaşacaq anlaşmaları darmadağın etmək üçün yeni ssnerailərin şahidi olacağıq. Ancaq şübhəsiz ki, bu format Suriyada uğurla nəticələnəcəyi təqdirdə Rusiya ondan başqa konfliktlərin həllində də yararlana bilər. Doğrudur, Suriya problemi geosiyasi köklərinə görə, əksər münaqişlərdən fərqlənir, onunla Qarabağ məsələsi arasında paralellər aparmaq mümkün deyil. Ancaq Rusiya və Türkiyənin hazırda belə bir siyasi və gələcək hərbi ittifaqda iştirakı Bakının mənafelərinə uyğun, İrəvanın maraqlarına isə ziddir".