“Səfərin məqsədi İranı çəkindirməkdir” Dünya

“Səfərin məqsədi İranı çəkindirməkdir”

Fevralın 28-də ABŞ Dövlət katibi Marko Rubionun İsrailə səfər edəcəyi qeyd olunur.
Bildirilir ki, M.Rubio səfər zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla bağlı gərginliyi müzakirə edəcək.

Bəs bu səfər regionda gərginliyin artmasına səbəb ola bilər?

Siyasi şərhçi Elnur Ənvəroğlu xalqcebhesi.az-a bildirib ki, əslində, İran-ABŞ gərginliyi hələ gündəmdə aktual məsələ kimi qalmaqdadır: “Baxmayaraq tərəflər masada müəyyən sərt ritorikadan yumşaq və anlaşılan tona keçid edə bilsələr də, eskalasiya məsələsi hələ də sapdan asılıdır. Əgər görüşdə İranın nüvə proqramı, regional proksi qüvvələri və təhlükəsizlik məsələləri ilə bağlı sərt ritorika üstünlük təşkil edərsə, bu, Tehranda təhlükə siqnalı kimi qəbul edilə bilər. Xüsusilə də son aylarda Yaxın Şərqdə paralel eskalasiya fonunda bu cür siqnallar hərbi balansı həssaslaşdıra bilər. Əgər səfər yalnız koordinasiya və məsləhətləşmə xarakteri daşıyarsa, gərginlik artmaya da bilər. Lakin əlavə sanksiyalar, hərbi əməkdaşlığın genişləndirilməsi və ya preventiv təhlükəsizlik planlarının müzakirəsi gündəmə gələrsə, bu, İran tərəfindən daha aqressiv reaksiya ilə qarşılanma ehtimalını artırar”.

Onun qeyd etdiyinə görə, ABŞ administrasiyasının daxili siyasi gündəmi və İsraildə təhlükəsizlik mühitinin həssaslığı da mühüm faktordur: “Netanyahu hökuməti İranı mövcud təhlükə kimi təqdim edir və buna görə də Vaşinqtonla koordinasiya Tel-Əviv üçün prioritetdir. Əlavə olaraq qeyd edim ki, İranın özü ilə yanaşı, Livandakı “Hizbullah”, Suriyadakı silahlı qruplar və İraq faktorları da önəmlidir. Hər hansı səhv hesablanma lokal tipli insidenti daha geniş qarşıdurmaya çevirə bilər. Sırf Rubionun bu səfəri avtomatik olaraq gərginlik yaratmır. Lakin İran məsələsi Yaxın Şərqdə ən həssas təhlükəsizlik mövzularından biri olduğuna görə yüksək səviyyədə (ABŞ Dövlət Katibi və İsrail Baş Naziri səviyyəsində nəzərdə tuturam) keçirilən ABŞ–İsrail koordinasiyası adətən regionda siyasi və hərbi mesaj kimi qəbul olunur”.

Siyasi şərhçi eləcə də bildirib ki, dolayısı ilə bu səfərin məqsədi məncə eskalasiyadan daha çox İranı çəkindirmək məqsədi daşıyır: “Çünki səfərin əsas məqsədi İrana mesaj vermək, nüvə proqramı və regiondakı hərbi fəaliyyətlərə qarşı birgə monitorinq aparmaqdırsa, bu, daha çox çəkinmə strategiyası kimi qiymətləndirilə bilər. Yəni qısası bütün bu görüşlər hələlik İranı hər hansı aqressiv addımdan çəkindirməkdir”.

Röya İsrafilova