Araqçi: İran həm sülh, həm də hərbi ssenariyə hazırdır Dünya

Araqçi: İran həm sülh, həm də hərbi ssenariyə hazırdır

İran tam hazırdır – həm hadisələrin sülh yolu ilə inkişafına, həm də hərbi ssenariyə, lakin əsas məqsəd qarşıdurmanın qarşısını almaqdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Araqçi ABŞ ilə Cenevrədə danışıqlardan əvvəl bildirib.

“Biz hər iki variant – müharibəyə, Allah eləməsin, və sülhə – tam hazırıq”, – deyə o, Hindistanın India Today kanalına müsahibəsində söyləyib. İran naziri qeyd edib ki, “ölkənin silahlı qüvvələri qarşılarına qoyulan vəzifələri yerinə yetirməyə hazırdır və İran özünü effektiv müdafiə edə bilər”. O əlavə edib ki, İran “son müharibədən çox dərs çıxarıb və buna görə daha yaxşı hazırdır”. “Və bu, əslində o deməkdir ki, məqsəd müharibənin qarşısını almaqdır. Müharibəyə hazır olduğunuz zaman onu önləyə bilərsiniz”, – deyə o vurğulayıb.

Araqçi qeyd edib ki, “İranın sülh məqsədli nüvə proqramına qarşı hərbi həll yolu mövcud deyil”. “Mən diplomatiya adamıyam. Düşünürəm ki, seçdiyimiz yol bu problemin həlli üçün ən yaxşısıdır”, – deyə o bildirib. Onun sözlərinə görə, “əgər narahatlıqlar və ya suallar varsa”, Tehran onlara cavab verməyə hazırdır. “Amma biz nüvə texnologiyasından sülh məqsədilə istifadə hüququmuzdan imtina etməyə hazır deyilik. Bunu tələb edirik”, – deyə İran XİN başçısı yekunlaşdırıb.

Məryəm Quliyeva