15:32
812
“Son zamanlar mediada yayılan videogörüntülərdə səsləndirilən iddialar Avropa siyasi dairələrində lobbiçilik fəaliyyətinin yalnız təsir vasitəsi deyil, bəzi hallarda qərarların mahiyyətinə birbaşa müdaxilə alətinə çevrildiyini ortaya qoyur. Bu isə uzun illər “dəyərlər sistemi” üzərində qurulduğu iddia edilən institutların reputasiyasına ciddi zərbə vurur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, politoloji baxımdan diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu cür ifşalar artıq təsadüfi hadisə kimi yox, sistemli problemin tərkib hissəsi kimi görünür: “Xüsusilə erməni lobbisinin müxtəlif platformalarda aktivliyi və təsir imkanları fonunda qərarların selektiv yanaşma ilə formalaşması ehtimalı güclənir. Bu da beynəlxalq təşkilatların tərəfsiz vasitəçi statusunu şübhə altına alır və region ölkələrinin bu qurumlara münasibətində daha realist yanaşmanı zəruri edir”.
O əlavə edib ki, digər tərəfdən, Ermənistan daxilində və onun xarici siyasi dayaqları arasında formalaşan əlaqələr göstərir ki, rəsmi İrəvanın siyasəti tam müstəqil deyil və müxtəlif təsir mərkəzlərinin balansı üzərində qurulur: “Bu isə dövlət idarəçiliyində strateji qərarların milli maraqlardan daha çox xarici təsirlərlə formalaşması riskini artırır. Ümumilikdə, baş verənlər beynəlxalq münasibətlər sistemində idealist yanaşmaların arxa plana keçdiyini, real siyasətin isə maraqlar və təsir mexanizmləri üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu reallıq fonunda Azərbaycan üçün əsas prioritet milli maraqlara əsaslanan, praqmatik və çoxşaxəli xarici siyasətin davam etdirilməsidir”.
Röya İsrafilova