11:19
812
Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə “sistemli zərbələr endirilməsi” ilə bağlı bəyanatları və şəhəri tərk etməyə çağırışları təkcə hərbi taktika deyil, həm də dinc əhali arasında panika yaratmaq və Ukrayna rəhbərliyinə təzyiq göstərmək məqsədi daşıyan psixoloji müharibə taktikasıdır.
Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.
XİN bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.
Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.
Hayday deyib ki, müharibənin uzun sürməsi, itkilərin çox olması və cəbhə xəttində Rusiya üçün həlledici qazancların olmaması nəzərə alınmaqla bu cür ritorika xüsusilə güclənir:
"Daimi hücum əməliyyatlarına baxmayaraq, Rusiya ordusu uzun müddətdir ki, strateji dönüş nöqtəsinə nail ola bilmir və müəyyən ərazilərdə irəliləyişlər xeyli resurs və insan itkiləri ilə müşayiət olunur. Bu vəziyyətdə Ukrayna şəhərlərinə hücumlar və mülki şəxslərə qarşı təhdidlər daxili cəbhəyə təzyiq və cəmiyyətə psixoloji təzyiq vasitəsilə məhdud döyüş nəticələrini kompensasiya etmək cəhdi kimi görünür.
Eyni zamanda, son illərin təcrübəsi göstərir ki, təkcə infrastruktur obyektləri deyil, həm də yaşayış məntəqələri çox vaxt hədəfə alınır ki, bu da beynəlxalq humanitar hüquq prizmasından ciddi suallar doğurur".
Cavid