“Ermənistanın geosiyasi seçimi…” Dünya

“Ermənistanın geosiyasi seçimi…”

“Ermənistanda qarşıdan gələn seçkilər yalnız hakimiyyət uğrunda siyasi mübarizə deyil, həm də ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalqcebhesi.az”-a açıqlamasında deyib.

Deputat bildirib ki, hazırda dünyada qloballaşma, qarşılıqlı inteqrasiya və liberal iqtisadi münasibətlər daha da dərinləşir: “Belə bir şəraitdə hər bir müstəqil dövlət çalışır ki, öz iqtisadi təhlükəsizliyini və inkişafını şaxələndirilmiş şəkildə təmin etsin. Bu, müasir dünyanın əsas inkişaf tendensiyalarından biridir və ona qarşı çıxmaq mümkün deyil”.
H.Babaoğlunun sözlərinə görə, bəzi böyük dövlətlər hələ də öz ətraflarında asılı ölkələrdən ibarət təsir dairəsi formalaşdırmağa çalışırlar: “Bu yanaşma inteqrasiya deyil, imperialist düşüncənin təzahürüdür. Hər hansı ölkəni iqtisadi, siyasi və enerji baxımından özündən asılı vəziyyətə salaraq onu öz orbitində saxlamaq cəhdləri bu gün də müşahidə olunur. Ermənistanla münasibətlərdə Rusiyanın siyasətində də belə elementlər görünür”.
Deputat qeyd edib ki, Ermənistan seçicisi qarşıdakı seçkilərdə təkcə kimin hakimiyyətə gələcəyinə deyil, həm də ölkənin hansı strateji yolu seçəcəyinə qərar verəcək: “Əsas sual budur ki, Ermənistan cəmiyyəti Rusiyaya bağlı siyasi kursa üstünlük verəcək, yoxsa Avropa ilə inteqrasiya xəttini dəstəkləyəcək. Bu baxımdan seçkilərin nəticələri ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək. Hər bir dövlətin milli maraqları onun təhlükəsizlik və iqtisadi inkişaf strategiyasının müxtəlif alternativlər üzərində qurulmasını tələb edir. Şaxələndirilmiş xarici və iqtisadi siyasət dövlətlərin müstəqilliyini möhkəmləndirən əsas amillərdən biridir. Ermənistanın da son dövrlərdə bu istiqamətdə addımlar atdığı müşahidə olunur”.

Günel Elxan