13:11
476
ABŞ prezidenti Trampın: "Patriot raketləri Ukraynadan çox ABŞ-a lazımdır" deməsinə rəğmən, ABŞ Ukraynaya silah dəstəyi ilə bağlı fəaliyyətini əslində yenidən intensivləşdirib, xüsusilə də hava hücumundan müdafiə sistemləri istiqamətində.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
"Hazırda diqqət əsasən
"Patriot" raketləri və onların istehsalı, eləcə də Ukraynaya çatdırılmasının sürətləndirilməsi üzərində cəmlənib: "Qeyd edim ki, bu barədə məlumatlar nüfuzlu Reuters agentliyində də gedib.
Ancaq bəli, bütün bunlara rəğmən vəziyyət bir qədər mürəkkəbdir:
ABŞ və müttəfiqləri yeni silah tədarükü üzərində işləyirlər.
Öz növbəsində rəsmi Kiyev də bildirir ki, onun Qərb tərəfdarlarından 2026-cı ildə aldığı raket əleyhinə sursatların həcmi 2025-ci il ilə müqayisədə xeyli azalıb.
Bunun səbəblərindən biri isə ABŞ və müttəfiqlərinin öz ehtiyatlarını qorumağa çalışması, həmçinin Yaxın Şərqdə, ələxsus isə İran ətrafında artan hərbi təhlükəsizlik tələbləri ilə bağlıdır.
Bu isə onu göstərir ki, ABŞ bir tərəfdən silah tədarükünü davam etdirir və bəzi istiqamətlərdə artırır, digər tərəfdən isə ehtiyatların məhdudluğu səbəbindən mövcud tələbatı dərhal ödəyə bilmir.
Təsadüfü deyil ki, son aylarda ABŞ-ın Yaxın Şərqə əlavə hərbi texnika və qüvvələr yönəltməsi, onun ümumi silah ehtiyatlarının bölüşdürülməsinə də təsir göstərir.
Maraqlıdır ki, ABŞ və müttəfiqlərinin bu səviyyədə başlatmış olduqları hazırlıqları, həm Rusiya-Ukrayna müharibəsi ilə bağlı, həm də İran ətrafında mümkün yeni qarşıdurmaya hazırlıq kimi görənlər də mövcuddur. Bundan əlavə ABŞ və Çin arasında artan gərginlikləri də bu sıraya əlavə etsək, hava hücumundan müdafiə sistemi olan "Patriot" raket sistemlərinin nə dərəcədə vacib olduğunu bir daha müəyyən etmiş olarıq.
Dünya Üçüncü Cahan savaşı içərisindədir və bir çox dövlət sürətlə bu savaş üçün hazırlaşır" - o, qeyd edib.
Cavid