ABŞ kəşfiyyatı Rusiya–NATO müharibəsi ilə bağlı yeni proqnozunu açıqlayıb Dünya

ABŞ kəşfiyyatı Rusiya–NATO müharibəsi ilə bağlı yeni proqnozunu açıqlayıb

ABŞ kəşfiyyat orqanları hesab edir ki, yaxın illərdə Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ehtimalı aşağı olaraq qalır.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bununla belə, Moskvanın hərbi potensialını artırmaqda davam etdiyi və uzunmüddətli perspektivdə Alyans üçün təhlükə yaratdığı bildirilir.

Məqalədə qeyd olunur ki, ABŞ kəşfiyyatı Rusiyanın 2026-cı ildən sonra da ordusunu genişləndirməyə, silah istehsalını artırmağa və NATO ilə mümkün qarşıdurmaya hazırlaşmağa davam edəcəyini proqnozlaşdırır.

Eyni zamanda, ekspertlər hesab edirlər ki, Kremlin yaxın vaxtlarda NATO üzvü olan ölkəyə birbaşa hücum etməsi ehtimalı yüksək deyil.

Qəzet vurğulayır ki, Rusiya–Ukrayna müharibəsinin gedişi və Qərbin Ukraynaya dəstəyi Avropadakı təhlükəsizlik vəziyyətinə həlledici təsir göstərməyə davam edəcək.

ABŞ və müttəfiqlərinin əsas məqsədi isə Rusiyanın hərbi imkanlarının gələcəkdə NATO üçün daha böyük təhdidə çevrilməsinin qarşısını almaqdır.