“Bu səfər Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə növbəti nümunədir” Gündəm

“Bu səfər Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə növbəti nümunədir”

“Azərbaycan və Ukrayna xalqları arasında ta qədimdən xoş, mehriban münasibətlər var. Hər iki xalq bir-birinin mədəniyyətinə, tarixinə, suverenliyinə hörmətlə yanaşır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər daha sürətlə inkişaf etməyə başladı”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə diqqətə çatdırıb ki, Ukraynada böyük bir Azərbaycan diasporu, Azərbaycanda Ukrayna diasporu fəaliyyət göstərir: “Dillərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına diqqət edilir və ikitərəfli münasibətlərimiz demək olar ki, münasibətlərin bütün sahələrini əhatə edir. Xarici işlər nazirimizin Ukraynaya səfəri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə növbəti bir nümunədir. Biz Rusiya-Ukrayna müharibəsinin tezliklə dayanmasının, tərəflərin sülh danışıqlarına başlamasının tərəfdarıyıq. Bu barədə cənab Prezidentimiz dəfələrlə çağırışlar edib. Eyni zamanda, biz münaqişə başlayandan Ukraynaya humanitar yardım göstərmişik və bu, yenə də davam edir. Ukraynalı uşaqların Azərbaycanda yay düşərgələrində reabilitasiyası ikitərəfli münasibətlərimizin xoş səhifələrindən biridir. Xarici işlər nazirimizin Ukraynaya səfəri bir daha münasibətlərimizin həmişə yüksələn xətlə gedəcəyinə nümunədir”.

Röya İsrafilova