“Bakı hər iki ölkə ilə diplomatik münasibətlərini saxlayan nadir dövlətlərdəndir” Gündəm

“Bakı hər iki ölkə ilə diplomatik münasibətlərini saxlayan nadir dövlətlərdəndir”

Avqustun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Bu çərçivədə politoloq Elman Telmanoğlu xalqcebhesi.az-a Azərbaycanın Rusiya-Ukrayna münasibətlərindəki rolunu şərh edib.

Politoloq qeyd edib ki, Azərbaycan Rusiya-Ukrayna münasibətlərində birbaşa tərəf deyil, lakin regionun mühüm aktoru kimi balanslaşdırılmış siyasət yürüdür: “Rəsmi Bakı beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bununla yanaşı, Azərbaycan Rusiya ilə strateji əhəmiyyət daşıyan siyasi və iqtisadi əlaqələrini də qorumağa çalışır. Məhz bu balanslı yanaşma Azərbaycana müəyyən vasitəçilik və dialoq platforması potensialı qazandırır. Bakı hər iki ölkə ilə diplomatik münasibətlərini saxlayan nadir dövlətlərdən biridir”.

E.Telmanoğlunun fikirlərinə görə, hazırkı mərhələdə münaqişənin taleyini müəyyən edən əsas amillər ABŞ, Avropa İttifaqı, NATO və Rusiyanın geosiyasi qərarlarıdır: “Bu səbəbdən Azərbaycanın rolunu münaqişənin həllini müəyyən edən əsas güc kimi deyil, etimadın qorunmasına, humanitar təşəbbüslərə və regional sabitliyin təmininə töhfə verə biləcək etibarlı tərəfdaş kimi qiymətləndirmək daha doğru olar. Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda təhlükəsizliyin qorunması, nəqliyyat-kommunikasiya layihələrinin davamlılığı və milli maraqların təmin edilməsidir. Bu baxımdan Bakı Ukrayna-Rusiya qarşıdurmasında emosional deyil, praqmatik və çoxşaxəli xarici siyasət kursunu davam etdirərək həm regional, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicini qorumağa çalışır və öz töhvəsini verə bilər”.

Röya İsrafilova