Paşinyan: Ermənistanın Aİİ-yə alternativ olaraq Aİ üzvlüyü variantı hazırda mövcud deyil Dünya

Paşinyan: Ermənistanın Aİİ-yə alternativ olaraq Aİ üzvlüyü variantı hazırda mövcud deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda ölkəsi üçün Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ kimi Avropa İttifaqına (Aİ) üzvlük variantı mövcud deyil.

Paşinyan bu barədə Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Aİİ və Aİ-yə eyni vaxtda üzv olmağın mümkün olmadığını anlayır, bununla belə, Aİ-yə inteqrasiyaya dair qanunun qəbul edilməsi yalnız Ermənistanın gələcəkdə Avropa İttifaqına üzv olmaq imkanına malik olduğunu göstərir.

Baş nazir qeyd edib ki, Ermənistan gələcəkdə Aİ üzvlüyünə hazır olsa belə, bu, avtomatik olaraq üzvlük demək deyil. Bunun üçün həm Aİ-yə üzv dövlətlərin razılığı, həm də Ermənistan vətəndaşlarının dəstəyi tələb olunur.

Paşinyan vurğulayıb ki, əvvəlcədən zəruri institusional hazırlıq görülmədən və Aİ-yə rəsmi üzvlük ərizəsi təqdim edilmədən, eləcə də namizəd ölkə statusu alınmadan bu məsələ ilə bağlı referendum keçirmək mənasız olardı.

“Bu, vətəndaşları mövcud olmayan alternativlər arasında seçim qarşısında qoymaq deməkdir. Bu isə xalqa qarşı hörmətsizlik və legitim olmayan addım olardı”, – deyə Ermənistanın baş naziri bildirib.