“Türkiyədə müəyyən dairələrin Azərbaycana münasibətdə qeyri-adekvat davranışı qəbul edilməzdir” Siyasət

“Türkiyədə müəyyən dairələrin Azərbaycana münasibətdə qeyri-adekvat davranışı qəbul edilməzdir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, ölkəmiz beynəlxalq münasibətlər sistemində bərabərhüquqluluq və daxil işlərə qarışmama prinsiplərinə üstünlük verir, bu prinsiplərə sədaqət nümayiş etdirir. Eyni yanaşmanı digər dövlətlərdən və eyni zamanda müttəfiqlərindən də gözləyir. Başqa cür ola da bilməz”.

Bu fikirləri xaqlcebhesi.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan güclü dövlətdir, güclü iqtisadiyyatı var, xalq-hakimiyyət birliyi hökm sürür, səfərbər olmuş cəmiyyət var, vətəndaş həmrəyliyi mövcuddur və xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir: “Bu, dövləti güclü edən ən mühüm amillərdir. Azərbaycan dövlətinin öz strateji müttəfiqləri ilə də münasibətlərdə əsas tələbi odur ki, Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Hesab edirəm ki, hətta strateji müttəfiq belə Azərbaycan münasibətli ideolojik tabeçilik və böyük qardaş diktəsini həyata keçirə bilməz. Bu, faktdır, aksiomdur, buna heç kəsin şübhəsi olmasın”.

Deputatın sözlərinə görə, heç şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik, hərbi müttəfiqlik səviyyəsindədir və eyni məntiqlə də bu gün biz Türkiyəni hədəf seçmişik ki, ticarət dövriyyəsini 15 milyard dollara çatdıraq, həmçinin Azərbaycan Türkiyə iqtisadiyyatına 21 milyard dollardan çox investisiya qoyub: “Türkiyə Azərbaycan iqtisadiyyatına son 30 il ərzində təxminən 18 milyard civarında investisiya qoyub. Ticarət dövriyyəmiz keçən il 5,7 milyard dollara yüksəlib. Yəni bütün bunlar onu göstərir ki, Azərbaycan öz strateji müttəfiqi ilə münasibətlərdə belə daha çox fayda verib, daha çox xeyir gətirib. Belə olan vəziyyətdə hesab edirəm ki, Türkiyədə müəyyən siyasi dairələrin Azərbaycana münasibətdə qeyri-adekvat davranışı qəbul edilməzdir və çox istərdik ki, Türkiyənin ali siyasi rəhbərliyi vəziyyəti düzgün qiymətləndirib Azərbaycanla münasibətlərin korlanmasına hədəflənmiş siyasi qruplaşmaları və siyasi dairələri öz yerində oturtsun. Çünki biz bir millət, iki dövlətik, amma iki dövlət olaraq da hər birimiz müstəqil dövlətlərik, müstəqil dövlətlərin münasibətləri də beynəlxalq hüquqa söykənməlidir. Bir daha qeyd edirəm ki, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə qarışmama prinsipi ana prinsip kimi müəyyən edilməlidir”.

Röya İsrafilova