“Fransa bir daha demokratik ölkə olmadığı görüntüsünü sübut etdi” Gündəm

“Fransa bir daha demokratik ölkə olmadığı görüntüsünü sübut etdi”

“Fransadakı son aksiyalar ölkədə insan hüquqlarının qorunması və demokratiyanın vəziyyəti ilə bağlı ciddi suallar yaradır”.

Bunu politoloq Cavanşir Abbaslı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransada etiraz aksiyalarının zorakı üsullarla yatırılması ölkənin demokratik imicinə ciddi zərbə vurur: “Fransa rəsmiləri başqa ölkələrdə demokratiya və insan hüquqlarından danışsalar da, ölkə daxilində baş verən hadisələr fərqli mənzərə ortaya qoyur. Fransadakı son aksiyalar bir daha ölkənin demokratiya məsələsində, baxmayaraq ki, dırnaqarası gur-gur-güruldayanlar ölkələrində olan demokratiyadan dəm vururlar, amma bu aksiyalar göstərdi ki, heç də Fransada insan hüquqlarının qorunması yetərli səviyyədə deyil, əksinə, hökumət tərəfindən bu cür etiraz aksiyaları olanda daha sərt üsullara əl atılır. Hər halda, dünya və biz Sarı jiletlilər hərəkatını unutmamışıq. Həmin dövrdəki aksiyada dünya Fransadakı zorakılıqdan danışırdı, hətta aksiya iştirakçılarının üzərinə vəhşi heyvanların da buraxıldığının şahidi olmuşduq.Baxmayaraq ki, beynəlxalq qurumlar ikili standartlardan çıxış edirlər və nüfuzlu beynəlxalq təşkilatlar həmin dövrdə o cür aksiyalara geniş yer ayırmadılar, yalnız şablon bəyanatlarla kifayətləndilər, amma başqa ölkələrdə, məsələn, Azərbaycan olsun, eləcə də Azərbaycan tipli ölkələr olsun, hər hansı bir bu tipli olmasa da, bir həbs həyata keçirilən kimi, hər hansı bir qanunsuz hərəkətlərin qarşısının alınması üçün addımlar atılan kimi Amnesty International olsun, Human Rights Watch olsun və digər nüfuzlu beynəlxalq təşkilat olsun, dərhal yadlarına insan hüquqları düşür, təzyiq vasitəsi kimi bu cür üsullardan istifadə etməyə başlayırlar”.

C. Abbaslı qeyd edib ki, son aksiyalar göstərdi ki, Makron hakimiyyəti bu məsələdə aksiyaların qarşısının zorakı üsullarla alınmasında israrlıdır: “Artıq 2000-dən çox insanın həbs edildiyi yönündə dünya mediasında xəbərlər dolaşır. Xüsusilə media mənsublarına qarşı olduqca sərt addımlar atılır. Amma biz Fransadakı bu qarışıqlıqlara beynəlxalq təşkilatların hansı yöndə mövqelər bildirdiyinin şahidi olmuruq, yenə də şablon bəyanatlarla kifayətlənirlər, halbuki sərt ritorikadan istifadə edilməsinə böyük ehtiyac var.

Hesab edirəm ki, Fransa bir daha heç də demokratik, tam demokratik ölkə olmadığı görüntüsünü sübut etdi, bunu özü, yəni bunun sübut edən də özü oldu. Bu qarışıqlıqlar çox davam etməyəcək, amma Fransanın imicinə bir daha böyük bir zərbə oldu. Makronun yürütdüyü siyasət son illərdə ölkə daxilində ciddi təzyiqlərlə qarşılaşır və onun reytinqinin getdikcə aşağı düşməsi də bunu deməyə əsas verirdi.Qarşıdan isə seçkilər gəlir. Makronun bu seçkilərdə qalib gəlib-gəlməmək şansları bəlli olmasa da, onun hakimiyyətdə müxtəlif yollarla qalmaq niyyətində olduğunun əlamətləri görünür. Qarşıdakı aylarda da, qarşıdakı zamanlarda da məhz bu səbəbdən Fransada qarışıqlıqlar getdikcə daha da böyüyəcək və hakimiyyət üçün təhlükəli bir hala gələcək.Makronun hakimiyyətdə qalıb-qalmaması barədə də təbii ki, ortada sual var və hesab edirəm ki, proses bu fonda davam etsə, ümumiyyətlə, seçkilərə hər hansı müdaxilə edilməsə — ki, təki bu gözlənilir — Makronun güclü səslərlə olsa da, oturacağı qənaətindəyəm”.

Günel Elxan