ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitini bərpa etməyə çalışır Dünya

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitini bərpa etməyə çalışır

Birləşmiş Ştatlar Rusiya qazının Ukrayna ərazisindən tranzitlə boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpa olunmasının tərəfdarı kimi çıxış edir.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu ideya sentyabr ayında Moskva və Kiyevə səfərləri zamanı ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tərəfindən irəli sürülüb və Avropa sanksiyalarından yan keçmək üçün Rusiya qazının Amerika vasitəçisi vasitəsilə satışını nəzərdə tutur.

WSJ-nin iddiasına görə, Vaşinqtonda həmçinin qış ərəfəsində Avropanın rekord dərəcədə aşağı qaz ehtiyatları fonunda bu ideyanı karbohidrogen qiymətlərini aşağı salmaq üsulu kimi Avropa liderlərinə təqdim etməyə çalışıblar.

Eyni zamanda, nəşr yazır ki, Ağ Ev bu təklif çərçivəsində Rusiya qazının satışından əldə olunan vəsaitin üçüncü tərəfin yurisdiksiyası altında olan depozit hesabında saxlanılmasını təklif edib.

Qəzet həmçinin iddia edir ki, Vaşinqtonda "Şimal axını" qaz kəmərinin fəaliyyətinin bərpa olunmasını yalnız Ukrayna böhranının həllinə deyil, həm də "Rusiyanın ABŞ-nin Avropa müttəfiqləri ilə uzunmüddətli fikir ayrılıqlarının" tənzimlənməsinə gətirib çıxaracaq "daha böyük sazişin potensial vacib tərkib hissəsi" kimi nəzərdən keçirirlər.

Məryəm Quliyeva