Somalili quldurlar İran gəmisini ələ keçiriblər Dünya

Somalili quldurlar İran gəmisini ələ keçiriblər

Somali dəniz quldurları göyərtəsində 23 nəfərin olduğu İranın "Azini" balıqçı gəmisini ələ keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hind okeanı Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən "Associated Press" (AP) məlumat yayıb.

Gəmi Somalinin şimal-şərq sahili yaxınlığında, Bandar-Beyla və Xafun sahil şəhərləri arasında ələ keçirilib. Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, göyərtədə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 dəniz qulduru iştirak edib. Heyətin vəziyyəti haqqında hələlik məlumat yoxdur.

MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmi ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər. Avropa İttifaqının "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı təhqiqata başlayıb və regiondakı gəmiləri ayıq-sayıq olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

Məryəm Quliyeva