Türkiyə hücum helikopteri istehsalına başlayıb Dünya

Türkiyə hücum helikopteri istehsalına başlayıb

Türkiyənin TAİ şirkəti tərəfindən istehsal edilən ilk yerli hücum helikopteri "T-129 ATAK" Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Bu barədə APA-ya TAİ şirkətindən məlumat verilib.
Helikopterlərin Silahlı Qüvvələrə təhvil verilməsi münasibətilə keçirilən tədbirdə prezident Abdulla Gül, baş nazir Rəcəp Tayyip Ərdoğan, Böyük Millət Məclisinin sədri Cəmi Çiçək, Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, eləcə də hökumət üzvləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, 2007-ci ilin sentyabr ayında Müdafiə Sənayesi Katibliyi ilə TAİ arasında imzalanmış müqavilə çərçivəsində Quru Qoşunlarının ehtiyac duyduğu hücum və kəşfiyyat təyinatlı 50 ədəd "T-129 ATAK" helikopterinin tədarükü planlaşdırılır. Həmin helikopterlərdən ilk üçünün qəbulu prosesi tamamlanaraq Quru Qoşunlarının inventarına daxil olub. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur.
Baş nazir Rəcəp Tayyip Ərdoğan çıxışında qeyd edib ki, artıq bununla Türkiyə helikopter alan ölkədən helikopter satan ölkəyə çevrilir. Türkiyə bu helikopterləri digər ölkələrə ixracını həyata keçirəcək.
Türkiyə müdafiə sənayesinə uğurlar arzulayan prezident A. Gül isə qeyd edib ki, 1974-cü il Kipr olayları Türkiyəyə müdafiə sektorunda xaricdən asılı olmamağı öyrədib.