15:11
217
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dünyası ölkələrini Qəzza zolağındakı humanitar fəlakətə son qoymaq üçün İsrailə təzyiqləri artırmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.
"İsrailin tətbiq etdiyi qeyri-insani məhdudiyyətlər səbəbindən Qəzzada humanitar fəlakət yaşanır. Soyuqdan titrəyən uşaqların dizə qədər suyun içində qaldığı, sığınmaq üçün çadırdan belə məhrum olduğu Qəzzadakı ürəkdağlayan mənzərəyə qəlbimiz dözmür. Biz müsəlmanlar olaraq İsrailə təzyiqin gücləndirilməsinə nail olmalıyıq", – Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin Türkiyənin Qəzzaya konteyner evlər göndərməyə hazır olduğunu açıqlayıb: "Biz Qəzzaya konteynerlər göndərməyə hazırıq. Başqaları gözünü və qulağını yumsa belə, biz Qəzzadakı zülmlərə səssiz qalmayacağıq və humanitar borcumuzu yerinə yetirməyə davam edəcəyik".
Qeyd edək ki, Türkiyə hakimiyyəti daha əvvəl də 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələdən sonra respublika vətəndaşlarının müvəqqəti məskunlaşdığı modul tipli evləri Qəzzaya göndərməyə hazır olduğunu bildirmişdi.
Məryəm Quliyeva