NATO hərbi gücünü artırır: təhlükəsizlik üçün risklər Gündəm

NATO hərbi gücünü artırır: təhlükəsizlik üçün risklər

Beynəlxalq təhlükəsizlik sistemində gərginliyin artması NATO-nu müdafiə sənayesini gücləndirməyə məcbur edir. Xüsusən də Rusiya-Ukrayna müharibəsində artilleriya sursatlarına tələbatın artması NATO-nun istehsal imkanlarının artırılmasını əsas məsələlərdən birinə çevirib.
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, alyans artilleriya mərmilərinin istehsalını artırmağı planlaşdırır. O söyləyib ki, proqnozlara əsasən, gələn ilədək NATO ölkələri ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olacaq.
“Xalq Cəbhəsi” mövzunu hərbi ekspertlərlə müzakirə edib.

“Rusiya inadından əl çəkmir”
Hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, son vaxtlar Rusiya-Ukrayna müharibəsində yaşananlar həm bölgənin, həm ümumiyyətlə Avropa və Qərb cəbhəsinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır: “Rusiya öz inadından əl çəkmir, Ukraynanın tələbləri tükənmir və təbii ki, burada biz haqlı tərəf kimi Ukraynanı görürük. Lakin burada bir məsələ də var ki, Ukrayna dedikdə bizim yadımıza həm Avropa, həm də Qərb ölkələri düşür. Çünki Ukrayna-Rusiya müharibəsində əsas aktyor, baş rolda çıxış edən ABŞ-dir və Avropa ölkələridir. ABŞ bu xüsusda davamlı şəkildə artıq Avropa ölkələrinə də bir Qərb ölkəsi olaraq nota verib ki, əllərinizi cibinizə qoyub oturmayın. Əgər Rusiya Ukrayna üzərində mütləq qələbə qazanarsa, bu, sizin üçün çox ciddi təhdid olacaq və növbə sizə çatacaq. Ona görə də bu məsələlərdə artıq həm soyuq müharibə cəbhəsində, həm isti müharibə cəbhəsində baş verənlərin konfiqurasiyası nəzərə alınmalıdır”.
İ.Rüstəmli vurğulayıb ki, nəzərə alınmalıdır ki, artıq Ukrayna bu məsələdə, yəni Rusiya müharibəsində çox ciddi problemlər yaşayır və bu problemlərin əsas yönü də məhz mərmilərlə, uçan pilotsuz aparatlarla, artilleriya qurğuları ilə, hava hücumundan müdafiə sursatları ilə bağlıdır: “Ona görə də NATO-nun bu istiqamətdə öz gücünü, daha da konkret desək, mərmi istehsalını artırması elə özünün təhlükəsizliyi üçündür. Yəni bu mərmilərin istehsalında əsas məqsəd Rusiyaya dayanıqlı şəkildə müqavimət göstərmək və öz gücünün nümayişidir. Bu mənada fikrimcə, NATO-nun öz gücünü artırması, əslində, Qərb ölkələrinin və Qərb ölkələrinin simasında həm də NATO-nu təmsil edən ölkələrin təhlükəsizliyi üçün ciddi tədbir görülməsinin zərurəti dayanır. Yəni NATO bu zərurətdən çıxış edərək mərmi istehsalını dəfələrlə artırmış olur. Bütün bunların arxasında yenə də Rusiyaya qarşı müqavimət, yenə də Rusiyanı diz çökdürmək, yaxud Rusiyaya güc nümayiş etdirmək dayanır”.
“NATO ölkələri anladılar ki...”
Hərbi ekspert Anar Şuşalı deyib ki, NATO-nun artilleriya mərmisi istehsalını ildə təxminən 4 milyon ədədə çatdırmaq planı müasir beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklərin mühüm göstəricilərindən biridir: “Alyansın Baş katibi Mark Ruttenin açıqladığı bu hədəf ilk baxışdan müdafiə sənayesinin gücləndirilməsi və hərbi ehtiyatların artırılması kimi təqdim olunsa da, məsələnin daha geniş geosiyasi və hərbi nəticələri var. Əsas sual isə budur: NATO-nun silah-sursat istehsalını bu miqyasda artırması qlobal təhlükəsizliyə necə təsir göstərəcək və bu proses yeni silahlanma yarışına yol aça bilərmi? Artilleriya mərmilərinin istehsalının artırılması təsadüfi qərar deyil. Rusiya-Ukrayna müharibəsi müasir münaqişələrdə artilleriyanın hələ də həlledici əhəmiyyət daşıdığını nümayiş etdirdi. Müharibənin gedişində tərəflərin böyük həcmdə mərmi sərf etməsi Qərb ölkələrinin hərbi sənayesində ciddi istehsal və təchizat problemlərini üzə çıxardı. Beləliklə, NATO ölkələri anladılar ki, müasir ordunun gücü yalnız yüksək texnologiyalı silahlarla deyil, həm də uzunmüddətli müharibəni davam etdirmək üçün kifayət qədər sursat ehtiyatı ilə ölçülür. Mark Ruttenin açıqlamasında diqqət çəkən əsas məqam istehsalın sadəcə artırılması deyil, onun sənaye miqyasında yeni səviyyəyə çatdırılmasıdır. NATO-nun proqnozuna əsasən, 2027-ci ilədək alyansın illik artilleriya mərmisi istehsal etmək gücü təxminən 4 milyon ədədə çatacaq. Bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən ikiqat artım deməkdir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: söhbət 4 milyon mərminin mütləq istifadə olunmasından deyil, belə həcmdə istehsal imkanının yaradılmasından gedir. İstehsal gücü, real istehsal həcmi, anbar ehtiyatı və döyüş şəraitində sərfiyyat fərqli anlayışlardır”.
Çəkindirmə mexanizmi
“NATO rəhbərliyinin bu addımını şərtləndirən əsas amillərdən biri Rusiyanın hərbi sənaye potensialı və Ukraynada davam edən müharibənin yaratdığı yeni reallıqlardır. Alyans hesab edir ki, potensial hərbi qarşıdurma zamanı üzv dövlətlərin silah-sursat təminatında fasilələrin yaranması ciddi strateji zəiflik yarada bilər. Məhz buna görə də NATO müdafiə sənayesinə uzunmüddətli sifarişlər verir, istehsal xətlərini genişləndirir, yeni müəssisələr yaradır və müttəfiq ölkələrin hərbi sənaye əməkdaşlığını gücləndirir. Bu proses artıq təkcə artilleriya mərmiləri ilə məhdudlaşmır. Hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri və uzaqmənzilli zərbə sistemləri də alyansın prioritetləri sırasındadır. Məsələyə iki fərqli aspektdən yanaşmaq lazımdır. NATO-nun mövqeyinə görə, hərbi istehsal potensialının artırılması alyansın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Yəni qarşı tərəf mümkün hərbi əməliyyatların uzunmüddətli olacağı və NATO-nun sursat çatışmazlığı ilə üzləşməyəcəyi reallığını nəzərə almalıdır. Hərbi strategiyada bu, çəkindirmə mexanizmi hesab olunur. Dövlətin müdafiə imkanları nə qədər güclü olarsa, ona qarşı hərbi güc tətbiq etmək qərarının mümkün siyasi və hərbi xərcləri də bir o qədər yüksəlir. Lakin ikinci aspekt daha mürəkkəbdir. Bir tərəfin hərbi istehsalı artırması digər tərəfdə də analoji addımların atılması üçün əsas yarada bilər. NATO istehsal gücünü genişləndirdikcə Rusiya da öz hərbi sənaye potensialını artırmağa çalışa bilər. Nəticədə tərəflər arasında hərbi üstünlük əldə etmək uğrunda rəqabət daha da güclənə bilər” - deyə o söyləyib.
“NATO uzunmüddətli hərbi qarşıdurmaya hazır olmaq istəyir”
A.Şuşalı qeyd edib ki, belə bir şəraitdə müdafiə məqsədilə atılan addımlar qarşı tərəf tərəfindən hücum hazırlığı kimi qiymətləndirilə bilər: “Beynəlxalq münasibətlərdə bu vəziyyət təhlükəsizlik dilemması adlandırılır: bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün hərbi imkanlarını artırır, digər dövlət isə bunu öz təhlükəsizliyinə təhdid kimi qəbul edərək silahlanmaya başlayır. NATO-nun hərbi istehsal siyasətindəki dəyişikliklər Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulduğunu göstərir. Soyuq müharibədən sonra uzun müddət hərbi xərclərin azaldılması və iqtisadi inteqrasiya üzərində qurulan Avropa təhlükəsizlik modeli indi daha çox hərbi hazırlıq, müdafiə sənayesi və strateji ehtiyatların yaradılması istiqamətində dəyişir. NATO Baş katibi Mark Rutte 23 noyabr 2026-cı il tarixli çıxışında da vurğulayıb ki, alyansın müdafiə sənayesinin istehsal imkanları genişləndirilməli, dövlətlərin hərbi ehtiyacları daha sürətlə təmin olunmalıdır. O, tələbatın hələ də mövcud təklifdən yüksək olduğunu bildirib. Bu yanaşma onu göstərir ki, NATO yalnız mövcud təhlükələrə cavab vermək deyil, həm də mümkün uzunmüddətli hərbi qarşıdurmaya hazır olmaq istəyir. Ancaq burada vacib bir sual ortaya çıxır: hərbi istehsalın artırılması müharibənin qarşısını almağa xidmət edəcək, yoxsa dövlətlər arasında silahlanma rəqabətini daha da gücləndirəcək? Bu sualın cavabı təkcə NATO-nun qərarlarından asılı deyil. Rusiyanın, Çinin və digər hərbi güclərin bu prosesə necə reaksiya verəcəyi də mühüm əhəmiyyət daşıyır. Çünki beynəlxalq təhlükəsizlik sistemi yalnız bir alyansın hərbi potensialı ilə müəyyənləşmir. Burada qarşılıqlı güc balansı, siyasi dialoq, diplomatik münasibətlər və silahlanmaya nəzarət mexanizmləri də mühüm rol oynayır”.
Cənubi Qafqazda diqqətlə izlənilməli proses
Onun sözlərinə görə, Avropada hərbi istehsalın genişləndirilməsi Cənubi Qafqazda da diqqətlə izlənilməli prosesdir: “Regionun geosiyasi mövqeyi, böyük güclərin maraqları və davam edən təhlükəsizlik çağırışları hərbi sənaye sahəsindəki dəyişiklikləri bizim üçün də əhəmiyyətli edir. Xüsusilə artilleriya, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron müharibə vasitələrinin istehsalına artan diqqət müasir müharibələrin xarakterinin dəyişdiyini göstərir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi təcrübə də sübut etdi ki, müasir döyüş meydanında texnoloji üstünlük, dəqiq zərbə imkanları, kəşfiyyat və müxtəlif silah sistemlərinin uzlaşdırılmış tətbiqi mühüm rol oynayır. Bu baxımdan NATO-nun hərbi sənaye strategiyası yalnız Avropa üçün deyil, digər regionların müdafiə planlaşdırılması üçün də izlənilməli nümunə və təcrübə mənbəyidir. Bununla yanaşı, region ölkələri üçün əsas məsələ silahlanma yarışının iştirakçısına çevrilmək deyil, milli müdafiə imkanlarını real təhlükələrə uyğun formalaşdırmaqdır”.
Yeni hərbi-siyasi mərhələnin göstəricisi
Ekspert eləcə də bildirib ki, NATO-nun ildə 4 milyon artilleriya mərmisi istehsal etmək hədəfi beynəlxalq münasibətlərdə yeni hərbi-siyasi mərhələnin göstəricisidir: “Bu qərarın müdafiə və çəkindirmə məqsədi daşıması mümkündür. Lakin belə genişmiqyaslı istehsal artımı digər dövlətlərin də hərbi potensialını genişləndirmək istəyini gücləndirə bilər. Əslində, müasir dünyanın əsas təhlükəsizlik problemi silahların sayının az və ya çox olması deyil, dövlətlərin bir-birinin niyyətlərinə etimad etməməsidir. Hərbi güc bəzən müharibənin qarşısını alan vasitəyə çevrilir, bəzən isə qarşıdurmanın yeni mərhələsinə zəmin yaradır. Ona görə də NATO-nun istehsal hədəfini avtomatik olaraq müharibəyə hazırlıq və ya sülhün təminatı kimi qiymətləndirmək düzgün olmaz. Əsas məsələ bu potensialın hansı siyasi məqsədlərlə istifadə olunacağıdır. Çünki 4 milyon mərmi istehsal etmək gücü hərbi imkanların göstəricisidir, lakin beynəlxalq təhlükəsizliyin təminatı deyil. Təhlükəsizliyin əsl təminatı hərbi çəkindirmə ilə diplomatiya arasında tarazlığın qorunmasıdır”.
Röya İsrafilova