10:19
182
“Rusiya-Ukrayna müharibəsi ilə NATO əlindəki və stoklardakı mərmilərin böyük hissəsini, Ukrayna tərəfinə vermişdi və anbarlar boşalmışdı. Bununla bağlı NATO dəfələrlə rəsmi olaraq bəyan edirdi. Bundan əlavə, istehsalatda da çox ciddi problemlər yaranmışdı və demək olar ki, istifadə olunan mərmilər qədər istehsalı həyata keçirə bilmirdilər”.
Bu sözləri xalqcebhesi.az-a hərbi ekspert Səxavət Məmməd söyləyib.
S.Məmməd bildirib ki, artıq NATO tərəfi özləri də bəyan edirlər ki, onlar daha çox mərmi istehsal edəcəklər və xüsusən 155 millimetrlik mərmi istehsal edəcəklər: “Bu, təkcə istehsal gücünü artırmaq deyil, həm də yeni müəssisələr artıq istifadəyə verilib və yeni müəssisələrin olması o deməkdir ki, onlar daha çox mərmi istehsal edəcəklər. Xüsusən Almaniyada müdafiə sənayesi sahəsində olan müəssisələrin sayı artır. Rusiya-Ukrayna müharibəsi fonunda ruslar dəfələrlə deyir ki, Avropa 2030-cu ilə qədər bizə hücum etmək istəyir. Tərəflər arasında toqquşma ehtimalı yüksəkdir və hər iki tərəf də müharibəyə hazırlaşır. Yəni müharibə riski var və NATO-nun da indiki mərhələdə bu formada mərmi istehsalını artırması və yaxud da təhlükəsizliklə bağlı atdığı digər addımlar onu göstərir ki, təhlükə daha böyükdür və bundan sonra risklər daha da artacaq”.
Röya İsrafilova