“Rusiya və İranın MDB+ formatına maraq göstərməsi siyasi səbəblərdəndir” Gündəm

“Rusiya və İranın MDB+ formatına maraq göstərməsi siyasi səbəblərdəndir”

“Rusiya tərəfi MDB-ni keçmiş sovet respublikalarından kənar ölkələrin hesabına o qədər də genişləndirməyə çox da maraqlı deyil. Çünki Rusiya hakimiyyətinin MDB, KTMT, Avrasiya İttifaqı layihələri SSRİ-nin yenidən bərpası xülyasının gerçəkləşdirilməsi yollarıdır və o, uzun müddət digər dövlətlərin bu birliyə qoşulmasında bir o qədər də maraqlı olmayıb”.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Taleh Əliyev deyib.

Ekspertin sözlərinə görə, xüsusilə Ukraynaya qarşı yönələn xüsusi hərbi əməliyyatlar adı altında həyata keçirilən işğalçılıq siyasətindən sonra Rusiyanın beynəlxalq aləmdə nüfuzunun zədələnməsi, iqtisadi geriləmə və bunun paralelində həm də MDB-nin, KTMT-nin nüfuzdan düşməsi Rusiyanı müvəqqəti də olsa bu birliklərə yeni nəfəs vermə üzərində müəyyən addımlar atmağa vadar edir: “Cənub qonşumuz olan İranın da xüsusilə Amerika Birləşmiş Ştatları və İsraillə apardığı müharibə səbəbindən kifayət qədər iqtisadi imkanlarının məhdudlaşması, xüsusilə nəqliyyat dəhlizlərinin Hörmüz boğazı üzərindən bağlanması onu şimal istiqamətində MDB üzvü olan ölkələrlə əlaqələrinin genişlənməsinə daha çox həvəsləndirir. Amma MDB özü bir o qədər də nüfuzlu qurum olmadığına görə, onun əlavəsi olaraq yan təşkilat kimi formalaşacaq MDB+ formatının da o qədər uğurlu olacağı gözlənilmir”.

“Nəzərə alsaq ki, MDB+ formatına qoşulacaq İranın özünün də bir o qədər iqtisadi çəkiciliyi yoxdur. İstər MDB üzvü olan ölkələrdən Azərbaycan olsun, istər Rusiya olsun, Qazaxıstan, Türkmənistan – bu ölkələrin özü neft-qaz ölkəsidir və İranın da sata biləcəyi əsas məhsul neft və qaz məhsullarıdır. Yəni İran bazarı bu baxımdan MDB üçün o qədər də maraqlı bazar deyil. MDB-nin özündə də texnoloji imkanlar o qədər geniş olmadığı üçün, ən müasir texnologiyalar olmadığına görə bütövlükdə MDB regionu İran üçün də maraqlı deyil. Bu gün Rusiya və İran rəhbərliyinin MDB+ formatına maraq göstərməsi sırf siyasi səbəblərdəndir və bu siyasi səbəbdən də yaranacaq belə bir əməkdaşlığın o qədər də uğurlu bir gələcək vəd etməsi gözlənilmir. Bu ideya baş tutmuş olsa belə, biz bir müddət sonra onun effektiv və fəal bir mexanizmə çevrilməməsinin praktikada şahidi olacağıq” – deyə T.Əliyev bildirib.

Röya İsrafilova