10:25
210
Rusiya Dövlət Kitabxanasının Paşkov Evində MDB üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxış edib.
Uzun illərdir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinə sədrlik edən Polad Bülbüloğlu DHƏF-in il ərzində 100-ə qədər tədbir keçirdiyini bildirib. O, Birlik ölkələrindən çoxsaylı gənclərin və alimlərin bir-biri ilə tanış olduqlarını, belə görüşlərin yeni ideyaların yaranmasının başlanğıcı olduğunu qeyd edib.
Polad Bülbüloğlu DHƏF-in əməkdaşlarına və son 20 ildə fondun fəaliyyətini dəstəkləyən hər kəsə təşəkkür edib.
O, Azərbaycanın 2006-cı ildə fondu təsis edən ölkələr arasında olduğunu xatırladıb.
“İştirakçı dövlətlər hər il təkliflərini təqdim edir və fond hər ölkədən iki və ya üç layihəni dəstəkləyir. İllər ərzində DHƏF Azərbaycanla birgə çoxsaylı humanitar tədbirlər keçirib. Ümumiyyətlə, müxtəlif mədəniyyətlərə mənsub insanların canlı ünsiyyət qurması çox vacibdir”, – deyə P. Bülbüloğlu vurğulayıb.
DHƏF-in icraçı direktoru Anatoli İksanov Polad Bülbüloğlunun fondun simvollarından biri olduğunu qeyd edib. O bildirib ki, ötən illər ərzində fond Azərbaycanda çoxsaylı layihələr həyata keçirib, fondun təxminən 20 ildir nəşr etdiyi “Forum Plus” jurnalında Azərbaycan haqqında çoxsaylı materiallar dərc olunub.
Anatoli İksanov Azərbaycanın son illərdə təklif etdiyi layihələrdən danışarkən xüsusilə gənclərin təşəbbüslərinin dəstəklənməsini və uşaqlar da daxil olmaqla əlilliyi olan şəxslərə yardım göstərilməsini vurğulayıb.
“Bu, çox humanist addımdır”, – deyə o qeyd edib.
Tədbirdə MDB-nin Humanitar Əməkdaşlıq Şurasının keçmiş rəhbəri Cahan Pollyeva da çıxış edib. Ona DHƏF-in medalı təqdim olunub.
Yubiley münasibətilə MDB Gənclər Simfonik Orkestrinin konserti keçirilib. DHƏF-in təşəbbüsü ilə 2007-ci ildə yaradılan kollektiv hər il Birlik ölkələrindən gənc musiqiçiləri bir araya gətirir.
10:23
210
10:21
245
08:51
511