“Suriya böhranının davam etməsində əsas maraq...” Dünya

“Suriya böhranının davam etməsində əsas maraq...”

Asim Mollazadə: " Əsəd rejiminin insanlığa qarşı olan hərəkətləri idi"


Gela Vasadze: "Suriyadakı son əməliyyatlar Əsəd və Moskvadan çox, İrana yönəlib"


Qərbin Syriyanı bombalaması dünyada birmnənalı qarşılanmır. Buna dəstək verən və qarşı çıxan ölkələr və müstəqil ekspertlər öz fikirlərini müxtəlif arqumentlərlə əsaslandırırlar.
Silahlanma üzrə isveçli ekspert Hans Bliks bildirib ki, Qərbin Suriyaya hücumu BMT beynəlxalq normalarının pozulmasıdır: "Bu hücum ABŞ və Rusiya arasındakı vəziyyəti gərginləşdirəcək. BMT sənədlərində deyilir ki, bir dövlətin digər ölkənin ərazi bütövlüyünə qarşı güc tətbiq etmək hüququ yoxdur. Bu cür hücumlar iki halda mümkündür. Birincisi, özünümüdafiə üçün, ikincisi, BMT Təhlükəsizlik Şurasının icazəsi ilə".
Bliksin sözlərinə görə, ABŞ-ın hücumu bu kriteriyalardan heç birinə uyğun gəlmir.
2003-cü ildə İraq müharibəsi zamanı BMT inspeksiyasına Bliks rəhbərlik edib. BMT müfəttişi kimi o, ABŞ-ın Səddam Hüseynin kütləvi qırğın silahına malik olması ilə bağlı səsləndirdiyi yalanlar fonunda İraqa soxulduğunu bildirib.
İraqda silahlanma məsələlərinə rəhbərlik edən şəxslərdən biri də ABŞ-ın BMT-dəki nümayəndəsi Con Bolton olub. O, ötən həftə Donald Trapın milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.
Ekspert bildirib ki, hazırda Bolton çox gərgin vəziyyətlərdə Trampa məsləhət verən şəxslərdən birinə çevrilib. ABŞ Suriyaya hücuma səbəb kimi kimyəvi silahdan istifadəni göstərdi. Vaşinqtonun fikrincə, Suriya Prezidenti Bəşər Əsəd dinc sakinlərə qarşı kimyəvi silah işlədib. Bliks isə hesab edir ki, bu məsələ sübuta yetirilməyib: "Mən istisna etmirəm ki, hücumda məsuliyyət Əsəd rejiminin üzərinə düşür. Ancaq bunu sübut etmək lazımdır. Əsəd Kimyəvi Silahların Qadağan Edilməsi təşkilatını ölkəyə dəvət edib. Araşdırmaların nəticəsini gözləmək lazımdır. Ancaq ABŞ bunu gözləmədi".
Bliks deyib ki, Suriyanın bombalanması bölgədəki vəziyyəti dəyişməyəcək: "Kütləvi işğal baş verməyəcək. Rusiya ilə qarşıdurma riski hələ də önəmli faktordur. Tramp Rusiya ilə böyük münaqişənin əleyhinədir".
Politoloq Zeynal Əmrəliyev deyib ki, dünyanın böyük dövlətləri Suriyada artıq rəsmən yeni "soyuq müharibə"yə qədəm qoyublar: "BMT-nin baş katibi özü də son çıxışında bunu elan etdi".
O, qeyd edib ki, ABŞ və Rusiya artıq Suriyada müharibənin astanasındadır: "Bunun əsas səbəbi Rusiya və Bəşər Əsədə bağlı qoşunların Suriyanın Şərqi Quta bölgəsində keçirdiyi əməliyyat olub. Belə ki, müxaliflər və Qərb dövlətləri bu əməliyyatda kimyəvi silahdan istifadə olunduğunu iddia edir. Bildiyiniz kimi, bu hadisə nəticəsində xeyli sayda insan həlak olub. Əməliyyatla ilgili bildirim ki, Rusiyanın Əsədlə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Rusiya Əsəddən başqa heç kimin Suriya üzərində hakimiyyətini tanımır və belə görünür, heç tanımaq da istəmir. Kimyəvi silah məsələsinə gəldikdə isə bu məsələdə vəziyyət günü-gündən pisləşir. Rusiyanın hadisəni beynəlxalq təşkilatların araşdırmasını təklif etməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bununla barışmaq niyyətində olmadığını, araşdırma aparmağın sadəcə boş vaxt itkisi olduğunu bildirərək ABŞ donanmasına məxsus 60 ədəd "Tomahavk" raketi ilə silahlanmış "Donald Kuk" esminesini Aralıq dənizi vasitəsilə Suriyanın sahilyanı rayonlarına yeritdi. Bu ərazidə Rusiya hərbi qüvvələri yerləşir və rus qırıcıları demək olar ki, hər gün ABŞ gəmilərinin üstündən uçuşlar həyata keçirir. Tərəflər bir-birinə təhdid dolu bəyanatlar səsləndirir".
Bununla belə, Z.Əmrəliyev hesab edir ki, vəziyyətin hər nə qədər gərginləşməsinə baxmayaraq, Rusiya ABŞ-la açıq müharibəyə girməkdən çəkinəcək: "Çünki Rusiyanın hazırda ABŞ-la müharibə aparacaq gücü yoxdur. Rubl dolların qarşısında hər ötən gün dəyərini xeyli itirir. Rusiya iqtisadiyyatı demək olar, ki uçurumun bir addımlığındadır. Bu baxımdan hazırkı qarşıdurmanın elə "soyuq" qalacağını, "isti" fazaya keçməyəcəyini düşünürəm. Baş verə biləcək "isti müharibə" isə regionun bütün ölkələri üçün ciddi təhlükə və yeni terror mənbəyi olacaq".
Siyasi şərhçi Turan Rzayev deyib ki, ABŞ-ın böyük hərbi qüdrətinin olmasına və Suriyada istənilən vaxt təkbaşına hərbi əməliyyat keçirməsinin mümkünlüyünə rəğmən, Böyük Britaniya və Fransanı da bu prosesə cəlb etməsi səbəbsiz deyil. O qeyd edib ki, ABŞ-ın bu addımı təkbaşına atması riskli olardı: "Beynəlxalq aləmdə narazılıqların artdığı bir dövrdə ABŞ-ın təkbaşına belə bir addım atması Vaşinqtonun Rusiya əleyhinə apardığı qaralama kampaniyasını ona özünə qarşı çevirə bilərdi. Birləşmiş Ştatlar Fransa və Böyük Britaniyanı əməliyyata cəlb etməklə bu təhlükədən yan keçmiş oldu".
T.Rzayev əlavə edib ki, diqqət yetirilməli olan digər bir məqam da var:
"Böyük Britanya və Fransa arasında siyasi əlaqələr Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından sonra xeyli soyumuşdu. Bu isə olduqca ciddi problem idi. Çünki Avropa İttifaqı daxilində çatların görünməsi Rusiya, Çin, Türkiyə və İran kimi ölkələri siyasi üstünlük əldə etmək üçün səylərini artırmaqda motivasiya edə bilər. ABŞ Fransa və Böyük Britaniyanı əməliyyatlara cəlb etməklə həm Paris-London hərbi-siyasi əməkdaşlığına yeni nəfəs, həm də Rusiyaya göz dağı vermək məqsədi güdür".
O bildirib ki, əməliyyatlar başa çatandan sonra xalqa müraciət edən ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana söz atmaqdan yan keçməyib: "ABŞ lideri öz çıxışında Suriya rejiminə hərbi dəstək verən İran və Rusiyaya mesaj göndərdi. Donald Tramp "Bu gün cinayətkar Suriya rejiminə ən çox hərbi avadanlıq, maliyyə verən və onu dəstəkləyən iki dövlətə – İran və Rusiyaya mesajım var; hansı millət günahsız qadın, uşaq və kişiləri kütləvi şəkildə qətlə yetirən cinayətkarla əlaqəli olmaq istəyər? Cəmiyyətlər dostluqlarını davam etdirdikləri ölkələrlə qiymətləndirilir. Heç bir dövlət vəhşi diktatorları dəstəkləyərək uzun müddət duruş gətirə bilməz. Rusiya indiki qaranlıq yolda yürüməyə davam edəcəyinə, yoxsa mədəni millətlər arasında sabitlik və sülh üçün bir güc olacağına qərar verməlidir", - deyərək əslində həmin ölkələrin xalqlarına ismarıc göndərdi. Beləliklə, ABŞ, Fransa və Böyük Britaniya bu əməliyyatla Rusiyaya göz dağı vermək məqsədinə nail oldular. Bu əməliyat nəticəsində ABŞ regionda daha bir müddət qalmaq və möhkəmlənmək şansı əldə etdi. Ən böyük qazanc isə Fransa və Böyük Britaniyanın yenidən ortaq hərəkət etmək məcburiyyətində qalması ilə bağlıdır. Zənnimcə, bu ABŞ diplomatiyasının növbəti qələbəsidir".
Maraqlı məqamlardan biri daim Amerikanı tənqid edən, buna rəğmən isə Rusiya ilə münasibətlərini strateji yaxınlıq həddinə çatdırmaqda matraqlı olan Türkiyənin Qərin bu addımını dəstəkləməsi oldu.
Millət vəkili Asim Mollazadə bildirib ki, ümumiyyətlə Suriya böhranının Azərbaycana təsir imkanları heç cür ola bilməz: "Digər məsələ bəlkə də erməni qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilər. Başqa Suriyadakı toqquşmaların ölkəmizə hansısa təsirindən söhbət gedə bilməz. Suriya böhranının davam etməsində əsas maraq Əsəd rejiminin insanlığa qarşı olan hərəkətləri idi. Düşünmürəm ki, Suriya böhranından Ermənistan Azərbaycana qarşı da hansısa formada yararlansın. Bu mənada mən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriya ilə bağlı fikirlərini dəstəkləyirəm".
Gürcü politoloq Gela Vasadze qeyd edib ki, Suriyadakı son əməliyyatlar Əsəd və Moskvadan çox, İrana yönəlib: "Əsas hədəf İrandır. İran əsas hədəfə artıq çoxdan çevrilib. İranın bu müharibədə hədəfi Aralıq dənizinə dəhliz yaratmaqdır. Səddam Hüseyn rejiminin ləğvindən sonra İraqda hakimiyyətə şiə çoxluğun gəlməsi, sadəcə, zaman məsələsi idi. İraqda şiələrə qarşı İŞİD mübarizə aparırdı və Səddam dövründə yaradılan resurs bazasından istifadə edirdi. Bu, tezliklə öz təsirini Suriyada göstərdi.
2015-ci ilə qədər İrana qarşı regionda müqavimət göstərən İŞİD-in resurs bazası pik həddə çatdı. Bu andan etibarən İŞİD narahatlıq mənbəyi oldu. Əgər İŞİD qalib gəlirsə, burada yaxşı heç nə yoxdur. Əgər İŞİD uduzursa, o zaman kim qalib gəlir? İranlılar qalib gəlir və Aralıq dənizinə arzuolunan dəhliz əldə edir. Bir sözlə, Avropaya birbaşa enerji resursları tədarükü imkanı və özünün törəməsi olan Hizbullaha birbaşa kommunikasiya kanalı qazanır. Əfqanıstandan Aralıq dənizinə qədər olan şiə qurşağı reallığa çevrilib. Sizcə, bu kimə sərf edirdi? Doğru cavab – heç kimə. Buraya hətta Tehranın hazırkı dostları olan Moskva və Ankara da aiddir.
Məhz bu andan etibarən İŞİD-lə hər kəs mübarizəyə başlayır. Bunun üçün bəhanə Avropadakı teraktlar seriyası olur. Məhz bu anda Suriyaya Rusiya öz hərbçiləri ilə daxil olur, amerikalılar kürdləri aktivləşdirməyə başlayır, Türkiyə qəfildən öz sərhədlərinin təhlükəsizliyindən narahat olur və özünə bufer zonası yaradır. Daha sonra isə mənbələr Əsədin yaxın dairəsindən insanların – xüsusilə iranyönlü şəxslərin yoxa çıxması haqqında məlumatlar yaymağa başlayır. Deyr əz-Zorda üç ildən çox mühasirədə qalan general Zəhrəddinin də müəmmalı ölümü bu seriyaya aiddir. Bu il yanvarın əvvəlində İranın özündə iğtişaşlar başlayır. Konservatorlar liberallardan hakimiyyəti ələ almağa çalışırlar. Lakin iğtişaşların qarşısı alınır.
Bu gün Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrin böyük hissəsi İrana bağlı qüvvələrin nəzarətindədir. Suriyadakı istənilən böhran zamanı burada iştirak edən tərəflərin hamısı bir-birilə intensiv məsləhətləşmələr aparırlar ki, səhvə yol verməsinlər. Bəs kiminlə məsləhətləşmirlər? Doğrudur, İranla. Buna görə də Suriyadakı gərginlik hər kəsə, hətta Əsədə də sərf edir. Gərginliyin sərf etmədiyi yeganə tərəf İrandır.
Əlbəttə, Suriyadakı bütün konflikti hər kəsin İrana qarşı sui-qəsdi kimi adlandırmaq və ya bağlamaq sadəlövhlük olardı. Suriya böhranında hazırda bir neçə kəsişən sujet xətti mövcuddur. Nə isə mənə deyir ki, İranın Suriyadan çıxarılması süjeti hazırda böhranda iştirak edən bütün ölkələr üçün əsas olacaq", – Vasadze qeyd edib.


Əli